Nigeriya fırıldağı

Nigeriya fırıldağı (Nigerian scam)- elektron poçtla kütləvi göndərişlərin (spamların) meydana çıxması ilə geniş inkişaf edən fırıldaqçılıq növü. Məktubların belə adlandırılmasına səbəb, bu növ fırıldaqçılığın Nigeriyada xüsusilə, həm də İnternetin geniş yayılmasından öncə adi poçtla yayılması olub. Ancaq Nigeriya fırıldağı başqa Afrika ölkələrindən, eləcə də Nigeriya diasporunun böyük olduğu şəhərlərdən də (London, Amsterdam, Madrid, Dubay kimi) gəlir. Məktubların kütləvi göndərilməsi 1980-ci illərin ortasında başlanıb. 2005-ci ildə nigeriyalı spamerlərə ədəbiyyat üzrə Anti-nobel (Ig Nobel) mükafatı təsis edilib. Belə məktublarda məktubu alanın böyük məbləğdə pul əldə etmək imkanının olduğu və bu işdə məktub göndərənin ona yardım edə biləcəyi bildirilir. Sonra məktub göndərən, guya sənədləşmə və ya bank hesabı açmaq üçün onun hesabına azacıq pul göndərilməsini xahiş edir. Fırıldaqçıların əsas məqsədi də məhz bu məbləği qoparmaqdır.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.