Nikaraqua fələstinliləri (ərəb. فلسطينيو نيكاراغوا; isp. palestino-nicaragüense) — Şimali Amerika qitəsində yerləşən Nikaraquada məskunlaşmış fələstin əsilli əhali. Nikaraqua fələstinliləri, ərəb diasporasının Mərkəzi Amerikadakı əsas qüvvələrindən hesab olunur və sayları 2.000 nəfərə yaxındır.
1890-cı ildən, 1940-cı ilə qədər Nikaraquada yaşayan ərəb əsilli vətəndaşların ölkəyə gəlməsini məhdudlaşdıran müxtəlif qanunlar mövcud olsa da, zamanla bir çoxu ləğv edilmişdir.[1] Nikaraquada konkret nə qədər fələstinlilin yaşadığı məlum deyil. Əsas bilinən hadisələrdən biri Birinci Dünya Müharibəsinin sonlarına yaxın Osmanlı imperiyası nəzarətindəki ərazilərdə yaşayan 40 fələstinli ailənin ölkəyə gəlməsidir.[2] 2000-ci ilin məlumatına görə Nikaraquada 500 ərəb əsilli ailə yaşayır və bu ailələrin mütləq əksəriyyəti fələstinlilərdən ibarətdir.
Nikaraquaya gələn fələstinlilərin əksəriyyəti xristian dininə mənsub olan insanlar olmuşdur. İcmanın kiçik bir hissəsi müsəlmanlardan ibarətdir. Nikaraqua fələstinliləri daha çox Ramallah, Qüds, Betlehəm və Beit Jala şəhərlərinin ətraf ərazilərində yerləşən kənd bölgələrindən ölkəyə gəlmişdilər. Gəlmələrin sırasında kəndlilərin üstünlük təşkil etməsi kənd təsərrüfatının inkişafında yeni prespektivlər yaradırdı. Nikaraqua hökuməti isə mühacirlərə loyal münasibət bəsləmədiyindən əksər mühacirə təsərrüfatla məşğul ola bilmək üçün torpaq sahəsi verilməmişdir.
Ölkənin şimal bölgəsi olan Nueva Segovia departamentində torpaq sahəsi əldə edən az sayıda fələstinli burada kənd təsərrüfatı ilə məşğul olmağa başlamışdır. Kənd təsərrüfatı ilə məşğul olmaqla yanaşı bir çox fələstinli özünü ticarət sahəsində də sınamağa üstünlük verdi. Manaqua, Qranada və Masaya şəhərində fələstinlilərin idarə etdiyi böyük ticarət şəbəkələri yaradıldı.[2] Fələstinlilər əsasən geyim və qida satışı ilə məşğul olan dükkanlarda işləməkdədirlər. Bu gün fələstinli şəxslər tərəfindən yaradılan və idarə edilən ticarət mərkəzlərindən París Loundres, Almacén Dajer və La Media Lunanı misal göstərmək olar.
1958-ci ildə paytaxt Manaqua şəhərində yaradılmış Ərəb klubu (isp. Club Árabe) təşkilatı Nikaraquada yaşayan ərəb əsilli əhalinin mədəni və ictimai işlərini koordinasiya etməkdədir. Ərəb klubuna ölkədə yaşayan livanlı və suriyalı ərəblərdə qoşulsada, klubun 80% üzvləri fələstinlilərdən ibarətdir.[2]