Nikol Morinin itkin düşməsi (ing. Disappearance of Nichole Morin) - Kanadanın Ontario əyalətinin Toronto şəhərində yaşayan Nikol Morin adlı səkkiz yaşlı kanadalı qızın itkin düşməsi hadisəsi. Hadisə 1985-ci ilin 30 iyul tarixində yerli vaxtla saat 11:00-da Morinlər ailəsinin yaşadığı şəhərin Etobika kvartalındakı (ing. 627 West Mall) yaşayış kompleksinin daxilində baş vermişdir. Hadisədən bir gün əvvəl ən yaxın rəfiqəsi ilə kompleksin daxilində yerləşən hovuzda çimmək üçün vədələşən Nikol sonuncu dəfə 11:00 radələrində çimərlik geyimində, yaşadığı mərtəbədə lifti gözləyərkən görülmüşdür.
Rəfiqəsinin uzun müddət gözləməsinə baxmayaraq, Nikol binanın foyesinə enməmiş və beləliklə itkin düşmə hadisəsi baş vermişdir. Baş vermiş hadisə qısa zamanda təkcə Ontario əyalətində yox, eyni zamanda Kanada və Amerika Birləşmiş Ştatlarında geniş əks-səda doğurmuşdur. Toronto Polis Xidməti şəhər tarixinin ən böyük axtarış və xilasetmə əməliyyatına başlasa da, heç bir nəticə əldə olunmamışdır.
Etobika və yaxın kvartallarda yerləşən bütün zibil qabları, sahibsiz ərazilər və hətta kanalizasiya sistemləri belə yoxlanılmışdır, ancaq Nikol Morinə aid heç bir izə rast gəlinməmişdir. Polisin yekun rəyi, Nikol Morinin binanı tərk etmədən, bina daxilində naməlum şəxs və ya şəxslər tərəfindən fiziki müdaxiləyə məruz qalıb, qaçırıldığı yönündə olsa da, bununla bağlı tutarlı sübutlar heç vaxt tapılmayıb.
Nikol Morinin axtarışları Toronto Polis Xidməti tərəfindən bu gün də, aparılmaqdadır və cinayət işi açıq olaraq saxlanılır. 2014-cü ildə şəhər polisi tərəfindən Nikol Morinin evdən çıxdıqdan sonra son 1 dəqiqəsini əks olunduğu canlandırma videosu yayımlanmışdır. 2019-cu ildə isə gənc qızın indiki halını əks etdirən fotorobot görüntüsü şəhər polisi tərəfindən ictimaiyyətə təqdim olunmuşdur.[1]
Nikol Luis Morin 1977-ci ilin 1 aprel tarixində Toronto şəhərində anadan olub. Morinlər ailəsi Etobika kvartalındakı (ing. 627 West Mall) yaşayış kompleksində yaşayıblar. Hadisə günü Nikol Morin bir dəfə binanın giriş hissəsində yerləşən poçt qutusunda, ailəyə gəlmiş məktubu götürmək üçün aşağı düşüb və daha sora evə dönərək səhər yeməyini tamamlayıb. Nikol Morin, anası Cennet ilə birlikdə yaşayırdı və anası evdə uşaq baxçası açaraq əlavə gəlir əldə edirdi.
Nikol Morin saat 11:00-da eyni binada yaşadıqları rəfiqəsi Cen ilə binanın ümumi istifadəsi üçün nəzərdə tutulmuş hovuzunda çimmək üçün yerli vaxtla saat 11:00-da giriş zalında görüşmək üçün vədələşiblər. Səhər yeməyini tamamlayan Nikol, çimmərlik geyimini geyindikdən sonra anası ilə sağollaşaraq evdən çıxır və aşağı mərtəbəyə liftlə düşür. Binanın aşağısında gözləyən Cen, Nikolun aşağı gəlmədiyini gördükdən sonra evə qayıdır və Morinlər ailəsinə zəng edərək, Nikolun binanın foyesinə düşmədiyini bildirir. Cennet həmin zaman evdə uşaq baxçası işlətdiyindən və himayəsində az yaşlı uşaqlar olduğundan evi dərhal tərk edə bilmir və zənn edir ki, qızı hovuzun yaxınlığında olan digər uşaqlara qoşularaq, onlarla oynayır və Cenlə olan randevusunu unudub.[2]
Tezliklə Nikolun hovuz və ətrafında olmadığı müəyyənləşir və ilkin olaraq ailənin və qonşuların axtarışı başlanır və qısa müddət sonra yerli polisə xəbər verilir. Hadisə yerinə gələn polis əməkdaşları binanın ictimai istifadə üçün nəzərdə tutulmuş bütün obyektlərində, o cümlədən pilləkən və blok arakəsmələrində axtarış aparırlar, Nikolun istifadə etmiş olduğu liftin şaxtası belə yoxlanılır.
Axtarış tədbirləri qısa zamanda binanın yerləşdiyi Etobika kvartalından çıxaraq, bütün Toronto şəhərinə və oradanda ətraf bölgələrə yayılır. Polislər mümkün qaçırılma ehtimalları üzrə hərəkət edərək, sahibsiz əraziləri və yeraltı su xəttlərinə qədər yoxlamalar aparırlar. Bütün axtarış cəhdlərinə baxmayaraq, Nikol Morinə aid heç bir dəlil aşkarlanmamışdır və cinayət işi Toronto Polis Xidmətində bu gün də, açıq olaraq qalmaqdadır. Nikol Morin haqqında və ya onun başına hansı hadisənin gəlməsi haqqında məlumat verəcək şəxslərə 100.000 Kanada dolları həcmində mükafat vəd olunub ki, bu oxşar hadisələr üçün nəzərdə tutulmuş mükafatın ən iri həcmlisi hesab olunur.[2]
Nikol Morinin arxasından heç bir iz buraxmadan, yoxa çıxması təkcə Toronto şəhərində yox, eyni zamanda başda Amerika Birləşmiş Ştatları olmaqla dünyanın bir çox ölkəsində əks-səda doğurmuşdur. ABŞ-nin müxtəlif ştatlarında yaşayan şəxslər Toronto Polis Xidmətinə məktub göndərərk Nikol Morin haqqında məlumatlı olduqlarını bildirsələrdə, sonradan bu məktubların heç birinin əsaslı olmadığını və hadisənin təsiri altında yazıldığı müəyyənləşmişdir. Hadisənin qəribə tərəflərdən biri də, olaydan qısa bir müddət əvvəl Nikolun öz günlüyünə yazmış olduğu bir qeydlə bağlıdır. Belə ki, Nikol günlüyündə, bir dəfə bir günlüyünə itməsindən söz açır.
Yerli polis və Nikolun ailəsi bu yazının hansı mənaya gəlməsi haqqında dəqiq informasiyaya sahib olmadıqlarını və yazının uşaq fantaziyasi ilə yazdılığını ehtimal ediblər. Nikolun anası Cennet qızının başına nəyin gəldiyini bilmədən vəfat etmişdir. Axtarış tədbirləri Toronto Polis Xidməti tərəfindən bu gün də, davam etdirilir və hadisə barədə məlumatı olan şəxslərin yerli polis idarəsinə müraciət etməsi rica olunur.[3]