Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s.
Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
Musiqi sədalarını birinci olaraq qeydə alan qədim yunanlar olmuşlar. Hələ yeni eranın I-II əsrlərində qədim yunan sistemi müəyyən dərəcədə bitkin bir mərhələyə çata bilmişdi. O zaman qədim yunanlar instrumental musiqi üçün ayrı, vokal musiqi üçün isə tamamilə əlahiddə iki müxtəlif not sistemi düzəltmişdilər. Müasir musiqişünaslar müəyyən etmişlər ki, qədim yunanların not yazılarında hərflərin müxtəlif tərzdə və müxtəlif vəziyyətdə (bu və ya o biri böyrü üstə, bəzən düz, bəzən isə başı aşağı və i.a.) yazılması yolu ilə musiqi pərdələrində hər səsin mövqeyi qeydə alınmış və beləliklə, olduqca mürəkkəb bir not sistemi əmələ gəlmişdir.
Musiqişünas alimlər qədim yunan not sistemini şərh etmək işində IV əsrdə yaşamış yunan musiqişünası Alipiyin düzəltdiyi cədvəldən istifadə edirlər. Bu cədvəldən məlum olur ki, o zaman hər bir musiqi kökünün tərkibində olan hər pərdə üçün və hə pərdədən ya zildə, ya da bəmdə duran hər səs üçün bir hərfi işarə ayrılmışdır. Buna görə də yunan musiqi sistemində işlənən bütün səsləri və həm də ifaçılıq ədalarını dəqiq surətdə qeydə almaq üçün 1620 müxtəlif işarədən istifadə etmək lazım gəlirmiş. Təbiidir ki, heç kəs bu qədər işarəni yadında saxlayıb musiqi ifaçılığında tətbiq edə bilməzdi. Odur ki, qədim yunan musiqiçiləri istər instrumental, istərsə də vokal musiqi üçün cəmi 90 işarədən istifadə etmişlər ki, bunları da hafizədə saxlamaq yenə asan iş deyildi. Not yazısının təkmilləşməsi yolunda xristian kilsə xadimlərinin də böyük rolu olmuşdur. Bu da ondan irəli gəlmişdir ki, köhnə bütpərəstliyin xarabazarlığı üzərində yaranan yeni xaçpərəstlik dini musiqi sənətindən öz mənafeyi üçün çox geniş və səmərəli istifadə etmişdir.
Kilsələrdə böyük xor dəstələri təşkil olunur, dini ayindər iki dəstəyə bölünərək növbə ilə oxuyan "antifon" nəğməkarlar dəstəsinin avazı ilə müşahidə edilirdi. Görkəmli keşişlər, katolik kilsəsinin başçısı olan papalar və rütbəli kilsə xadimləri musiqi avazı ilə ifa edilən bir çox müxtəlif himnlər, mədhiyyələr, dualar bəstələyirdilər.
Hələ VI əsrin axırında katolik kilsəsinin başçısı Birinci Qriqori yenidən bəstələdiyi (tərtib etdiyi) bir çox dini xor əsərlərini "nevma" adlanan xüsusi işarələr ilə qeydə almış və dünyanın bir çox kilsələrinə göndərmişdi. Musiqi not yazısının ən qədim üsullarından olan "nevma" notasiyası (musiqinin yazılışı üçün istifadə olunan müxtəlif qrafik işarələrə "not", bu qrafik işarələrin küll halında birləşməsinə isə "notasiya", ya da "not yazısı" deyirlər) müxtəlif yazı işarələrindən (cızıqlar, nöqtələr, cizgilər, vergüllər və sair), eləcə də bu işarələrin birləşməsindən əmələ gələn müxtəlif uyğunlaşdırmalardan ibarət idi.
"Nevma" sözünün hərfi mənası "əl ilə işarə" deməkdir. Onun bir termin kimi müəyyən not yazısı üsulu üçün qəbul olunma tarixi çox maraqlıdır. Orta əsrlərdə, musiqinin notsuz öyrənilib oxunulduğu dövrdə, xora dirijorluq edənlər ifa olunan əsərin ölçüsünü, mahnı melodiyasının istiqamətini (zil və ya bəm tərəfə), ifaçılıq ədalarını öz əllərinin və barmaqlarının muxtəlif şərti hərəkətləri ilə xor nəğməkarlarına təlqin edirdilər. Bu növ drijorluq qaydasına heyronomiya deyilir. Təxminən X əsrdə Qərbi Avropada çoxsəsli (yəni, eyni zamanda səslənən iki və daha çox müstəqil melodiyalardan ibarət) musiqi meydana gəldikdə nevma not yazısı sistemi artıq musiqiçiləri təmin etmədi. Beləliklə, bugünkü stenoqrafik yazını andıran nevma notasiyası musiqi sədalarının yüksəkliyini dəqiq göstərməkdə aciz idi. Həyat not yazısı işində yeni islahat aparılmasını, böyük bir dönüş yaradılmasını tələb edirdi.
Bir çox musiqişünas alimlər bu yolda müxtəlif təcrübələr apardılar. XI əsrdə yaşamış italyan xor müəllimi, rahib Qvido d'Aretso bu sahədə daha da irəliyə getdi. O, müasir not yazısının banisi sayılır. Qvido özündən əvvəl yaşamış musiqi alimlərinin təcrübələrindən istifadə etməklə musiqi səslərinin xətlər üzərində və xətlərarası yazılması təcrübəsini təkmilləşdirdi. Not adları Vəftizçi İohanna ithaf himnin sətirlərin
Latınca | Azərbaycan türkcəsi |
---|---|
Ut queant laxis Resonare fibris Mira gestorum Famuli tuorum Solve polluti Labii reatum Sancte Iohannes. |
Qulların sənin işlərinin möcüzələrini mədh etsin deyə, onların ağızlarından günahları (yalanları) götür, ey müqəddəs İoann. |
İlk not xəttinin birinci olaraq kim tərəfindən tətbiq olunduğunu müəyyən etmək hazırda mümkün deyildir. Lakin burası məlumdur ki, ən əvvəl not işarəsi üzərində bir qırmızı xətt çəkilirdi ki, bu "fa" pərdəsini andırırdı, sonralar bu qırmızı xəttə paralel olaraq sarı və bəzən isə yaşıl rəngli ikinci xətt çəkilirmiş ki, bu da başqa pərdələri andırırmış. Musiqi sədalarının xətlər üzərində qeydə alınması təşəbbüsü daha münasib görüldüyü üçün sonralar üç, dörd və nəhayət beş xətdən ibarət indiki not sətri yaradılır. Beləliklə, bu xətlərdən istifadə yolu ilə musiqinin kağız üzərində qeydə alınması işində müəyyən nailiyyətlər əldə edilir. Lakin bununla iş qurtarmır. Hər səsin nə qədər uzadılmasını da düzgün təyin edə bilmək lazım idi.
Çünki Qvido d`Aretsonun not sistemi səslərin yüksəkliyinn, yəni hansı pərdədə olduğunu dürüst göstərə bilsə də, melodiyada hansı səsin nə qədər uzadılması kimi çox vacib cəhəti, yəni ölçü məsələsini nəzərdə tuta bilmirdi. Odur ki, sonralar menzural ("menzura" - latınca ölçü deməkdir) not yazısı yaradıldı.
Bu notasiya musiqi sədaları ölçüsünün daha dəqiq surətdə qeydə alınmasını təmin etdi. Nevma, menzural not yazıları əsas etibarilə vokal musiqinin yazılışına aid idi. [1]
Şərq musiqisi üçün tabulatura yaratmaq işində müxtəlif tarixi dövrlərdə alimlərin göstərdikləri təşəbbüslər təəssüf ki, çox vaxt intişar tapmır, səmərəsiz qalırdı. Daha doğrusu, bu və ya başqa bir alimin tərtib etdiyi üsul küll halında musiqiçilər tərəfindən qavranıla bilmirdi, çünki bu üsullarda olan həddən ziyadə təfərrüat və şərtiliklər, tərtib olunan tabulatura qaydasını çox mürəkkəb hala salırdı. Nəticədə hər hansı bir alimin düzəltdiyi not yazısı yalnız özünə bəlli olurdu. Bundan əlavə, tərtib olunan tabulatura işarələri musiqi mətninin cüzi bir cəhətini qeydə ala bilirdi.
Belə bir şəraitdə XIII əsr Azərbaycan musiqişünası Səfiəddin-Əbdül Mumin Urməvinin yaratdığı tabulatura daha mükəmməl və daha dəqiq hesab edilməlidir. Yəqin ki, Urməvi bu işində özündən əvvəlki görkəmli musiqi alimlərindən Xəlil ibn Əhmədin (- 786) "Musiqidə və şerdə ölçü qaydaları" və "Musiqi kökləri" adlı kitablarında, mosullu İbrahimin (742-803) ud musiqi alətini şəhr etdiyi risaləsindən, görkəmli İran musiqişünası Əbülfərəc İsfahaninin (897-ci ildə İsfahan şəhərində doğulmuş, 967-ci ildə Bağdadda vəfat etmişdir) "Kitab-ül-ağani" ("Nəğmələr məcmuəsi") əsərindən və nəhayət Əbu Nəsr Farabinin elmi kitablarından geniş və səmərəli surətdə istifadə etmişdir.
Səfiəddin Urməvinin təklif etdiyi not yazısı da mürəkkəb olduğundan Şərq musiqiçiləri arasında geniş yayıla bilməmişdir. Lakin, onun icad etdiyi not yazısı daha dəqiq, daha mükəmməl olduğundan indi biz onun "Kitab-ül-ədvar" təzkirəsindəki tabulaturaları şərh etməklə 800-1000 il bundan əvvəl Azərbaycan musiqisinin necə, nə şəkildə və nə tərzdə olması barədə müəyyən məlumat əldə edirik.
Hər bir musiqiçi, hər bir bəstəkar yeni əsər üzərində çalışdığı zaman, ya da yeni musiqi əsərini not yazısına köçürtdükdə bu əməliyyatı adətən müəyyən bir musiqi alətindən istifadə yolu ilə həyata keçirir. Məsələn, bu gün opera, balet, ya da simfonik əsər üzərində çalışan müasir bəstəkarın yaradıcılıq prosesində istifadə etdiyi musiqi aləti pianodur. Ola bilər ki, piano yazılan əsəri ifa edəcək orkestrin tərkibində olmasın. Lakin buna baxmayaraq əsər bəstələndiyi, həm də not yazısına köçürüldüyü zaman pianonun rolu çox böyükdür. Çünki, bəstəkar yazdığı əsəri, əksər hallarda, pianoda çalaraq yaradır. Orta əsrlərdə Azərbaycanda və ümumiyyətlə Yaxın Şərq ölkələrində musiqiçilərin istifadə etdikləri əsas musiqi aləti ud olmuşdur. Urməvinin not yazılarını şərh edib müasir not yazısı sisteminə köçürmək istədikdə hər şeydən əvvəl udun quruluşunu ətraflı surətdə öyrənməliyik.
Udda bəm simdən zilə doğru hər qoşa simin öz adı vardır: bəm, misləs, məsna, zir, hadd. Hər qoşa sim öz-özlüyündə kainatın varlığını təşkil edən ünsürlərlə: ab (su), atəş, xak (torpaq) və bad (külək) ilə əlaqələndirilir. Ən zil sim olan beşinci qoşa sim isə itilik, kəskinlik məfhumunu ifadə edən hədd adlandırılmışdır. [2]
Üfüqi cəkilmiş beş paralel xətt not sətiri adlanır. Bu xətlər aşağıdan yuxarıya doğru istiqamətdə sayılır. Həmin xətlərin altında, üzərində və üstündə yazılan işarələrə not deyilir. Not yazılışında beş əsas xətdən başqa əlavə xətlərdən də istifadə olunur. Bu xətlər vasitəsilə daha bəm və daha zil səsləri yazmaq mümkündür. Musiqidə səslərin (melodiyanın) yazılışı səsin iki əsas xüsusiyyətindən, yəni onun yüksəkliyindən və səslənmə müddətindən asılıdır. "Sol acar"ında səslərin yüksəkliyinə görə notların yazılışı və adlanması:
Musiqi səslərinin əlifba hərfləri ilə qeydə alınması Qərbi Avropada hələ çox uzaq keçmişdən ta bu günə qədər geniş yayılmışdır. Hazırda bəzi hallarda latın əlifbası hərflərindən istifadə edilir. Burada bir-birinə paralel olan beş xətdən istifadə yolu ilə tərtib olunmuş not işarələrindən əlavə latın hərfləri ilə də ayrı-ayrı səslər qeydə alınır. Məsələn, C — "do" notunu, D — "re" notunu, Cis — "do diyez" notunu, B — "si bemol" notunu, H — "si" notunu ifadə edir. Lakin əlifba hərfləri qeydə alınan ayrı-ayrı musiqi səslərinin ölçüsünü, yəni hər səsin ayrılıqda nə qədər uzadılmasının lazım gəldiyini göstərmir. Beləliklə, musiqi sənətinin əsasını təşkil edən melodiyanın əlamətdar cəhətləri ondan ibarətdir ki, səslərin bir-biri ilə qarşılıqlı münasibətdə olmasını əlifba hərfləri ilə bir təhər ifadə etmək mümkündürsə, həmin səslərin təşkilində çox əhəmiyyəti olan ölçü, ritm, ahəng cəhətlərinin əlifba hərfləri vasitəsilə ifadə edilməsi heç də mümkün olmur. Hərflərdən ibarət tabulaturaların əsas çatışmaz cəhəti də elə bundan ibarətdir.
Musiqi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |