Nuh bəy Abbasqulu bəy oğlu Sofiyev (rus. Ной Аббаскулиевич Софиев[1]; 1884—1920-ci ildən sonra) — Rusiya İmperator Ordusunun, daha sonra Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti.
Nuh bəy Sofiyev 1884-cü ildə Tiflis quberniyasının Borçalı-Qarayazı bölgəsində anadan olub.[2]
Birinci Dünya müharibəsində iştirak edib,[1] Tatar süvari alayında vuruşub.[3] (1915-ci ildə ştabs-kapitan rütbəsini daşıyırdı)[3]
1918-ci ildə podpolkovnik Nuh bəy[4] Qafqaz İslam Ordusunun Qarayazı süvari alayının komadiri olaraq, Bakı döyüşündə iştirak edib.[5] Bolşevik-daşnak qüvvələrinə və ingilislərə qarşı döyüşlərdə iştirak edib. Döyüşlərdən sonra Osmanlı dövlətinin 5-ci qılınclı Məcidiyyə ordeni və Hərb medalına layiq görülüb.[4][6]
Hərbi Nazirliyin zabit heyətinin 1918-ci ilin noyabr ayının əvvəllərində hərbi hissələr üzrə üzləşmə siyahılarında “podpolkovnik” hərbi rütbəsində Süvari diviziyasının 1-ci Tatar süvari alayında həqiqi hərbi xidmətdə olduğu qeyd edilib. 18 dekabr 1918-ci il tarixdə Hərbi nazirin 24 №-li əmri ilə Süvari diviziyasının 2-ci Qarabağ süvari alayı komandirinin müavini vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.[7] Hərbi nazirin 19 fevral 1919-cu il tarixli 82 №-li əmri ilə 1-ci Tatar süvari alayının fəxri siyahılarında saxlanılmaqla 13 fevral 1919-cu il tarixdən 1-ci piyada diviziyasının 1-ci Cavanşir piyada alayının komandiri vəzifəsinə təsdiq olunub.[8] Hərbi xidmətdə fərqləndiyinə görə Nazirlər Şurası Sədrinin 28 fevral 1919-cu il 4 №-li və Hərbi nazirin 06 mart 1919-cu il 108 №-li əmri ilə “polkovnik” hərbi rütbəsinə layiq görülüb.[9] Tabeliyində olan hərbi hissədə yüksək nizam-intizama və döyüş hazırlığına görə Hərbi nazir tərəfindən 28 iyun 1919-cu il tarixdə 314 №-li əmrlə “Təşəkkür” elan edilib.[2] 03 avqust 1919-cu il tarixdə isə Hərbi nazirin 347 №-li əmri ilə Süvari diviziyasının 1-ci Tatar süvari alayının komandiri vəzifəsinə keçirilib.[10] 1920-ci ilin yanvar ayında qısa müddətdə Hərbi nazirin 21 №-li əmri ilə Qusar qarnizonunun rəisi vəzifəsi də ona həvalə edilib.
1919-cu ilin avqustunda Lənkəran və 1920-ci ilin mart-aprel aylarında Qarabağda erməni daşnaklarına qarşı hərbi əməliyyatlarda iştirak edib. Cümhuriyyətin süqutuna kimi “polkovnik” hərbi rütbəsində Süvari diviziyasının 1-ci Tatar süvari alayının komandiri kimi həqiqi hərbi xidmətdə olub.
Aprel işğalından sonra Qarabağ üsyanının təşkilatçılarından və iştirakçılarından biri idi.[11] Üsyanın yatırılmasından sonra mühacirətə gedib.[1]
Nuh bəy Sofiyev Borçalı-Qarayazı bölgəsində məşhur ağa nəsli olan Sofiyevlər (Sofular) ailəsində anadan olub[1]. Atası Abbasqulu bəy Tersk kazak qoşunlarının Volqsk alayının starşınası olub, anası Mixaline Stepanovna Yakubovskaya, polşa tatarı olub[2].
Qardaşı Boris bəy Sofiyev Müqəddəs Georgi ordeni kavaleri, Rus-yapon və Birinci Dünya müharibələrinin, daha sonra isə Ağqvardiyaçı hərəkatının iştirakçısı olub[1].
Qohumu Pərixanım Sofiyeva Gürcüstan Demokratik Respublikası Parlamentində müstəqil, sonra GSDFP (gürcü menşevikləri) partiyasının təmsilçisi idi[12].