Qarabağ üsyanı — 1920-ci ildə Azərbaycan Milli Ordu hissələrinin Sovet hakimiyyətinə qarşı üsyanı, sovet işğalına qarşı üsyanlardan biri[1].
Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən və müstəqilliyi əlindən alındıqdan sonra ictimai-siyasi təşkilatlar, partiyalar, milli ordu hissələri sovet rejiminə qarşı mübarizəyə qalxmış, üsyanlar təşkil etmişdilər. 1920-ci ilin may ayında Qarabağda XI Qırmızı Ordu hissələri ilə Azərbaycan ordusunun əsgərləri arasında bir neçə lokal toqquşmalar baş vermişdi. Hələ mayın 21-də Tərtərdə yerləşən 32-ci piyada diviziyasının 282-ci alayının yerinə yeni gələn Qırmızı Ordu hissələrinə verən zaman özləri ilə bərabər 3-cü süvari Şəki alayının (Milli ordu) atlarını da aparmağa cəhd etdikdə əsgərlər silahlı müqavimət göstərmişdilər, əks tərəf öz növbəsində top atəşləri ilə cavab verdikdə Şəki suvariləri hücuma keçərək 282-ci alayın əsgərlərinin, demək olar ki, hamısını qırmışdılar.
Şəki alayını tələyə salmaq məqsədilə XI Ordunun Yevlaxdakı komandanlığı ona Bərdədən Yevlax istiqamətinə hərəkət etmək əmri verdi. Süvarilər Yevlaxa hərəkətdə ikən Gəncə üsyanı barədə xəbərlər eşitdilər. Bu xəbəri dəqiqləşdirmək üçün Yevlaxa yola düşən alayın komandanı Ehsan xan Naxçıvanski onu müşayiət edən bir neçə hərbçi ilə birlikdə XI Ordu qərargahına gətirilərək dərhal güllələndi. Əsgərlərin əksəriyyəti isə evlərinə getmək qərarına gəldilər. Lakin 28 nəfər əsgər, 4 nəfər zabit axıradək döyüşmək üçün Qarabağa tərəf hərəkət etdilər. Bu hadisə xalq içərisində və tarixi ədəbiyyatda «32-lərin dastanı» kimi qalmışdır. Onlar Bərdənin sağ sahilinə keçərək sayı 1200-1500-ə yaxın olan yerli üsyançılarla birləşdilər. «32»lər üsyançıları səfərbərliyə alaraq Bərdənin sağ sahilindəki qüvvələri şəhərin kənarına sıxışdırıb, Qarabağa hərəkət üçün ciddi strateji əhəmiyyət kəsb edən bu mövqeni bir həftəyə qədər nəzarət altında saxlaya bildilər. Üsyançılar XI Ordu hissələri ilə üç gün qanlı döyüşlər apardıqdan sonra məğlub oldular.
Milli Ordunun 6 minə qədər əsgər və zabit heyəti - Nuxa, Cavanşir, Ağdam, Tərtər süvari alayları, habelə Bakı piyada alayı və iki topçu divizionu Qarabağ bölgələrinə nəzarət edirdi. Qırmızı ordunun iki diviziyasına bu milli ordu hissələrini tərksilah etmək tapşırılmışdı. İyunun 5-də Tərtərdə, Ağdamda və Şuşada istilaçılara qarşı üsyanlar baş verdi. Tərtər üsyançıları rus ordusunun böyük bir alayını darmadağın etdilər. Ağdamda da ruslar böyük təlafat verdilər. Yuxarı Qarabağda daşnaklar rus ordusu ilə əlbir hərəkət edirdilər. Onlar vəziyyətdən istifadə edib əzəli Azərbaycan torpağı olan Qarabağı ələ keçirmək istəyirdilər. Şuşa əhalisini üsyana qaldıran səbəblərdən biri də bu idi.
Bu zaman Şimali və Cənubi Qafqazda Qırmızı imperiyaya qarşı mübarizə aparan qüvvələri birləşdirməyə cəhdlər göstərilirdi. Dağıstandan bir qrup türk zabiti və əsgəri general Nuru paşanın rəhbərliyi ilə Şuşaya üsyan etmiş xalqa köməyə gəldi. Üsyançılar Qarabağda sovet hökumətini devirib Qarabağ inqilab komitəsinin üzvlərini həbs etdilər. Nuru paşa Qarabağın hakimi elan edildi. Onun ətrafında Azərbaycan ordusunun zabitlərindən Zeynalov, Səfiyev, sabiq pristav Kərimbəy Qalabəyov və başqaları var idi. İyunun 6-da yeni hakimin sərəncamı ilə Şuşa İnqilab Komitəsinin sədri B.Vəliyev, Türkiyə kommunisti Süleyman Nuru, qırmızı molla ləqəbli C.Hüseynov güllələndilər.
Ancaq XI Ordunun əlavə kömək almış hissələri ermənilərin yaxından iştirakı ilə azadlıq uğrunda mübarizəyə qalxmış əliyalın əhalini qırmağa başladı. Bərdədə və Ağdamda xalqa divan tutan istilaçı ordu iyunun 15-də qüvvələr nisbətinin üstünlüyündən istifadə edərək Şuşanı da ələ keçirdi. Milli ordunun hissələri və Nuru paşa Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilib ölkəni tərk edərək Xiyabaninin nəzarəti altında olan Cənubi Azərbaycana keçdilər. Onlar heç kimdən və heç bir yerdən kömək almadıqlarından əllərindəki silahları sataraq Türkiyəyə keçib Mustafa Kamal paşanın ordularına qoşuldular.