Nurəddin Həsən oğlu Babayev (23 mart 1921, Gəncə – 25 sentyabr 1991, Bakı) — yazıçı-jurnalist, alim, professor (1981), publisist, pedaqoq, Əməkdar incəsənət xadimi (1982).[1][2][3][4][5]
Nurəddin Babayev | |
---|---|
Nurəddin Həsən oğlu Babayev | |
Doğum tarixi | 23 mart 1921 |
Doğum yeri | |
Vəfat tarixi | 25 sentyabr 1991 (70 yaşında) |
Vəfat yeri | |
Uşağı | |
Fəaliyyəti | yazıçı, jurnalist, publisist, pedaqoq |
Üzvlüyü | |
Mükafatları |
Nurəddin Babayev 23 mart 1921-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Həsən Babayev və Zəhra Babayevanın ailəsində intellektual mühitdə böyüyən Nurəddin Babayevin böyük əmisi Çar ordusunun generalı olmuşdur. O, uşaq yaşlarında olarkən ailə Bakı şəhərinə köçmüş və Babayev orta məktəbi burada bitirmişdir. Ali təhsilini 1944-1949-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alan Nurəddin Babayevə o dövrün tanınmış ədib və mütəfəkkirlərindən dərs almışdır. Mir Cəlal Paşayev, Cəfər Xəndan, Həmid Araslı, Muxtar Hüseynzadə, Abbas Zamanov və başqaları Nurəddin Babayevin həyatında böyük rol oynayıblar.[1][2][4][5]
Nurəddin Babayev jurnalistlik fəaliyyətinə 1940-1941-ci illərdə "Azərbaycan pioneri" qəzetində ədəbi işçi kimi başlamışdır. 1941-1943-cü illərdə II Dünya müharibəsi dövründə ön cəbhədə döyüşlərdə iştirak etmiş, ağır yaralanaraq baş leytenant rütbəsi ilə Bakıya qayıtmışdır.[1][2][4][5]
Nurəddin Babayev 1943-1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan müəllimi" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1953-cü ildən isə "Uşaqgəncnəşirdə" baş redaktor və eyni zamanda, olduqca geniş və məhsuldar müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.[1][2][3][4][5]
O dövrdə Azərbaycanda Jurnalistika fakültəsi mövcud deyildi, sadəcə 1928-ci ildə Filologiya fakültəsinin nəzdində Jurnalistika şöbəsi fəaliyyət göstərirdi. Lakin 1969-cu ildə bir sıra alim və yazıçıların, habelə Nurəddin Babayevin səyi nəticəsində Bakı Dövlət Universitetində Jurnalistika fakültəsi yaradıldı və Nurəddin Babayev həmin fakültənin dekanı oldu. Bundan əlavə, Jurnalistlər İttifaqının təşkilində Nurəddin Babayevin böyük rolu olmuşdur.[1][2][4][5]
Nurəddin Babayev elmi əsərlərin "Jurnalistika" seriyasının və "Jurnalist" tədris qəzetinin təşkilatçısı olmuşdur. Eyni zamanda onun Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Zasurskiy Yasen Nikolayeviç ilə dostluq münasibərləri olmuş, orada dəfələrlə müxtəlif məzmunlu leksiyalarla çıxış etmişdir.[1][4][5]
Ötən əsrin 60-70-ci illərində Nurəddin Babayevin əsas müəlliflərdən biri kimi iştirak etdiyi və elmi redaktorluğunu həyata keçirdiyi ikicildlik "Jurnalistika məsələləri" adlı dərs vəsaiti çap olunmuşdur. Jurnalistika fakültəsinin müəllimləri tərəfindən yazılan və mətbuatın, televiziya və radionun tarixi, nəzəri və təcrübi məsələlərinə həsr edilən kitab jurnalistikaya dair ilk dərs vəsaiti idi. Nurəddin Babayev həmin kitaba görə 1966-cı ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür. Nurəddin Babayev Azərbaycan Yazıçilar İttifaqının üzvü, oçerk və publisistika şurasının sədri, 1954-cü ildən SSRİ yazıçılar ittifaqının üzvü, oçerk və publisistika şurasının üzvü, Jurnalistlər ittifaqının üzvü və idarə heyətinin katibi olmuşdur.[1][2][3][4][5]
Azərbaycanda Ədəbiyyat və İncəsənət Arxivinin təşkilində çox böyük rol oynamış Nurəddin Babayev öz növbəsində arxiv xəzinəsinə qiymətli materiallar vermişdir. Arxivdə Nurəddin Babayevin 31 saylı fondu ilk və ən zəngin fondlarından biri olaraq qorunur. Dəfələrlə müxtəlif elmi, mədəni, ictimai işlər və proyektlər ilə əlaqədar Fransa, Kuba, Bolqarıstan, Finladiya, SSRİ respublikalarında və s. ölkələrdə olmuşdur. Eyni zamanda bu ölkələrdə də məqalə və əsərləri çap olunmuşdur.[1][5]
Nurəddin Babayev Bakı Dövlət Universitetini bitirdikdən sonra 1951-ci ildə Jurnalistika şöbəsində elmi-pedaqoji fəaliyyətə başlamışdır. O, 1953-cü ildən Jurnalistika kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir. 1958-ci ildə "Azərbaycanda bədii oçerkin inkişafı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini, daha sonra filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. 1962-ci ildə Jurnalistika kafedrasının dosenti olmuşdur. 1981-ci ildə isə professor elmi rütbəsini almışdır.[1][2][3][4][5]
Nurəddin Babayev 50 illik elmi-pedaqoji və ədəbi-jurnalistik fəaliyyəti dövründə Bakı Dövlət Universitetində Jurnalistika kafedrasının müdiri, Jurnalistika şöbəsinin müdiri və Jurnalistika fakültəsinin dekanı kimi vəzifələrdə çalışmışdır. Bununla yanaşı, o, onlarla yüksəkixtisaslı jurnalist yetişdirmişdir.[3][5]
Ədəbi fəaliyyətə 1939-cu ildə başlayan Nurəddin Babayevin müxtəlif qəzetlərdə məqalə, oçerk və hekayələri nəşr olunmuşdur. Yazıçının yaradıcılıq fəaliyyətinə dəstək verən şəxslərdən biri də ailənin yaxın dostu Əhməd Cavad olmuşdur. Nurəddin Babayevin ilk kitabı 1945-ci ildə "Əbədi qəhrəmanlıq" adı altında işıq üzü görmüşdür. O, Azərbaycan ədəbiyyatında oçerk üslubunun nəzəri əsaslarını yaratmış və bu yolda novator kimi çıxış etmişdi. Azərbaycan qəhrəmanları, ictimai, siyasi, elmi və mədəni şəxsiyyətlərimiz haqda olan bu oçerklər məzmun və məna baxımından daima gözəl və əvəzolunmaz olub, öz aktuallığını itirmirlər. Onun qələmə aldığı "Mübariz janr" adlı monoqrafiyasında oçerk sənətkarlığının inkişafı elmi ardıcıllıqla araşdırılır.[1][4][5]
Nurəddin Babayevin yaradıcılığı olduqca çoxşaxəli xarakter daşıyır. Onun bir sıra əsərləri rus, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və s. dillərə tərcümə olunmuşdur. Onun ədəbi yaradıcılığında gənclərin təlim-tərbiyəsinə həsr edilmiş əsərləri xüsusilə diqqətə layiq olub, çox qiymətlidir. Nurəddin Babayevin bu kitabları gənclər üçün stolüstü kitab olmaqla yanaşı, hər bir zaman, hər bir gənc üçün tərbiyəvi, əxlaqi nəsihətlərlə, vacib və əvəz olunmaz əsl həyat təcrübəsi ilə zəngin xəzinələrdir. 70-80-ci illərdə işıq üzü görən bu əsərlərdən "Oğluma məktublar", "Qızlar söz istəyir", "Qızlar,sözüm sizədir", "İşıq və məhəbbət", "Ürəklər bir olanda", "Valideynlər, bizi dinləyin", "Açıq söhbət", "Elə yaz ki..." xüsusi diqqətə layiq olub gənc nəsil üçün çox dəyərlidir.[1][3][4]
"Oğluma məktublar" əsərində olduqca səmimi və nümunəvi ata-oğul münasibətləri əks olunmuşdur. Bu əsər Bolqarıstanda "Ədəbiyyat" dərsliyinə daxil edilmiş və "Qızıl qələm" mükafatına layiq görülmüşdür. Nurəddin Babayev "Biz Azərbaycandanıq", "Ürəyimdə sözüm var", "İzləri itirmirik" kitablarında isə sadə və səmimi insan həyatlarından bəhs edib insan həyatının keşməkeşlərlə dolu olduğu haqda yazır və bu kitablarda məhz ağır həyat anlarında insanın layiqli qərarlar vermək, başını uca tutmaq, vətənə, ailəyə sadiq olmaq kimi məsələlərə toxunur.[1][5]
Moskvada böyük tirajla çap olunan "Звезды не гаснут" ("Ulduzlar sönmür") və "На дорогах жизни" ("Ömür yollarında") əsərləri geniş oxucu kütləsi tərəfindən alqışla və müəllif şəxsiyyətinə böyük rəğbətlə qarşılandı. Nurəddin Babayevin əsərləri ictimaiyyətə olduqca güclü və müsbət təsir göstərib. Nurəddin Babayev C.Cabbarlı adına Bakı kinostudiyasında baş redaktor işləmiş, "Azərbaycan elmi"(1969), "Bacarıqlı əllər"(1963), "Nizami yurdu"(1968), "Həyatın mənası"(1979), "Axtaran tapar" və başqa elmi-sənədli filmlərin ssenari müəllifi olmuşdur.[1][5]
Ömrünün yalnız son 25 ili ərzində Nurəddin Babayevin Azərbaycanın ən qabaqcıl qəzet və jurnallarında 1500-ə qədər oçerk və publisistik məqalələri çap olunmuşdur.
Nurəddin Babayev dövrünün ən savadlı qadınlarından olan Azərtac Quliyeva ilə ailə həyatı qurmuşdur.[2]
Nurəddin Babayev 25 sentyabr 1991-ci ildə uzun sürən xəstəlikdən vəfat etmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur.[1][2][4][5]