Oğuznamə-7

"Oğuznamə"-7 (Uzunkörpü variantı) – Oğuznamələrin qərb qoluna aid İslami dastan parçası.

Haqqında[redaktə | mənbəni redaktə et]

Nəzmlə yazılmış bu Oğuznamənin Uzungörpü variantını ilk dəfə H.N.Orkun nəşr etmişdir. Orkun nəşrində mətnşünaslıq baxımından qiymətli olan faksimile, əsərin müasir türkcəsi, latın qrafikası ilə transkripsiyası verilmişdir. Bu dörd vərəqlik əlyazmanın hər səhifəsinə 13 beytlik iki sütun yerləşdirilmişdir. Ancaq Orkun bu əsər haqqında lazımi bilgi verməmiş, onun dil, leksik xüsusiyyətləri barədə, demək olar ki, heç nə deməmişdir.

Bu islami Oğuznamənin Uzunkörpü variantı adlanmasına səbəb onun ilk dəfə Uzunkörpüdə Seyid Əli adlı bir şəxsin kitabxanasından tapılmasıdır. Seyid Əlinin məcmuəsi 15 vərəq olub, onun da 4 vərəqi, yəni 104 beyti Oğuznamədir. Sonradan məcmuə itdiyindən, onun yazılma tarixi, yeri və katibin adı qaranlıq qalmışdır. Çox güman ki, bu, Oğuznamədən böyük olmuş, katib oradan yalnız bəzi parçaların üzünü köçürmüşdür.

Oğuznamə məsnəvi formasında yazılmış dastan olub İslami variantlardan biridir. Buradan Oğuz xanın müsəlman övliyası olması aydın görünür. Bu Oğuznamə Rəşidəddin, Yazıçıoğlu Əli “Oğuznamə”lərini xatırlatsa da, diqqətlə oxunuş göstərir ki, həm Rəşidəddin, həm də Uzunkörpü variantı daha qədim əlyazmasından istifadə yolu ilə yaranmışdır.

Oğuznamənin Uzunkörpu variantında Oğuzun atası Qara xanla vuruşu, müsəlman redaktəsində olduğu kimi, məhz İslam dininə görədir. Oğuzun əmilərinin qızları ilə evlənməsi, onları müsəlmanlığa dəvət etməsi ənənəvi şəkildə bu oğuznaməni Rəşidəddin və Yazıçıoğlu variantına yaxınlaşdırır. Çox güman ki, katib “Oğuz kağan” dastanı ilə yanaşı Rəşidəddin Oğuznaməsindən də xəbərdar olmuşdur. Bu halda onun yazıya köçürülmə tarixi XIV əsrin ikinci yarısından irəli gedə bilməz.

Oğuznamədə leksik və qrammatik vahidlərin çoxu “Oğuz kağan” dastanındakı eyni adlı kateqoriyalarla adekvatdır. Bu da onun eyni bölgədə yazıya alındığını deməyə əsas verir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Kitabi-Dədə Qorqud ensiklopediyası. II cild. Bakı,2004.
  • Əsgərova A.M. “Oğuznamə”nin dili. Bakı, “Təhsil” NPM, 2011.
  • Rəşidəddin Fəzlullah. Oğuznamə, Bakı, Azərbaycan Dövlət Nəşriyyat Poliqrafıya Birliyi, 1992,
  • Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə bir baxış (İslamdan əvvəl və islam dövrü). Başlanğıcından XVI əsrə qədər, Bakı, Azərnəşr, 1993,
  • Faruk Sumer, Oğuzlar, Bakı, 1993.
  • "Oğuznamə". Bakı, 1987.
  • Əfzələddin Əsgər. "Oğuznamə" yaradıcılığı. Bakı, 2014
  • Şerbak A.M. Oquz-name. Muxabbatname. M., 1959.
  • Мусульманский мир 950-1150. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1981.
  • Древнетюркский словарь, М., 1969