Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Oğuznamə — oğuzların ictimai-siyasi, tarixi-mifoloji, dini-fəlsəfi görüşlərini, epik-bədii təfəkkürünü əks etdirən nümunələr.
Oğuzların ictimai-siyasi, tarixi-mifoloji, dini-fəlsəfi görüşlərini, epik-bədii təfəkkürünü əks etdirən nümunələrə elmi ədəbiyyatda "Oğuznamə" deyilir. Oğuznamə geniş anlayış olub, özündə oğuzların kosmoetnoqonik və təqvim miflərini, dastanlarını, rəvayətlərini, atalar sözlərini, şəcərə dəbini, məsəllərini, şeir parçalarını birləşdirir. Bir sözlə, oğuzlar haqqında hər hansı bədii, tarixi, təsviri məlumat oğuznamə adlandırılmışdı. Oğuznamələr həm köçəri, həm də yarımoturaq əhali arasında passionar ruhu qaldırmaqda böyük rol oynayıb. Kökü mifik oğuz şəcərəsi ilə bağlı olan nümunələr ilk vaxtlarda oğuzların yazılmamış qanunları olubdur. Bunu tarixi-xronoloji oğuznamə yazanlar da (Rəşidəddin, Əbül Qazi və b.) dönə-dönə qeyd etmişlər. Bu mənada Oğuznamələr uzun müddət xalqın qəhrəmanlıq tarixi kimi canlı şəkildə yaşayıb, oğuz birliyinin dağılması, köçəriliyin oturaqlıqla əvəzlənməsi ilə unudulmuşdur. Bu gün Oğuz motivlərinin ayrı-ayrı folklor janrlarında, ədəbi əsərlərdə canlanması tarixi yaddaşa qayıdışın başlanğıcıdır. Bizə qədər Oğuz kağanı və onun övladlarından bəhs edən iki yazılı dastan ("Oğuz kağan" və "Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-Oğuzan"), atalar sözləri ("Hazihir-risaləti min kəlimatı oğuznamə əl məşhur biatalar sözü" və "Əmsali-Məhəmmədiyyə"), Oğuz şeirləri, Oğuznamənin Uzunkörpü variantı, Dana Ata və Əndəlibin əsərləri, həmçinin iyirmidən çox Oğuz salnaməsi gəlib çatmışdır.
Oğuznamə adı altında toplanan nümunələr müxtəlif janrlarda (dastan, atalar sözü, rəvayət), formada (epik, tarixi, ədəbi) və dillərdə (çin, ərəb, fars, türk) mövcuddur. Xüsusən, tarixi xronoloji salnamələr (illiklər) ilk dəfə Çin dilində yazılmışdır.
Məşhur Çin tarixçisi Sıma Tsyanın salnaməsi buna misal ola bilər. Tarixi Oğuznamənin şərq variantı olan Çin salnamələri hunların dövləti, idari-inzibati strukturu haqqında verdikləri bilgilərlə qərb variantını tamamlayırlar. Sonradan ərəb, fars dillərində yazılmış çoxsaylı tarixi əsərlərin əvvəlində Oğuz tarixi vermək ənənə halını aldı. Türkcə yazılan oğuznamələr bir qədər gec, XV əsrdə meydana çıxmışdır. Latın dilində də oğuznamələrin yazıldığı qeyd olunmuşdur.
Tarixi Oğuznamələrin həm şərq, həm də qərb variantları daha çox şəcərə dəbini saxladığından, onları bir qayda olaraq tarixi-mifoloji geneologiya da adlandırmaq olar. Hökmdarlar üçün yazılan bu tip Oğuznamələrdə dastan ünsürləri qabarıq saxlanılsa da, funksiyası baxımından onlar ədəbi-epik növlərdən fərqlənir.
Oğuznamələr oğuzların və qalan türk tayfalarının tarixi-coğrafi məkanları, dövlətləri, idarəetmə aparatları, hərbi-demokratik el sistemləri haqqında tutarlı bədii tarixi qaynaqdır. Bu cəhətinə görə ondan tarixçilər, filoloqlar, filosoflar da qaynaq kimi yararlana bilərlər.
Şifahi ənənədə yaşayan oğuznamə dastanları ilə yanaşı, yazılı epik abidələrin V əsrdən qabaq mövcudluğu əd-Dəvadarinin "Dürər-üt-ticcan" adlı qısa tarixi xronikasından məlumdur. Ancaq bu Oğuznamə bizə qədər gəlib çatmamışdır. Əd-Dəvadarinin məlumatından aydın olur ki, bu oğuznamə Oğuz kağandan başlamış Səlcuqlara qədər olan bir dövrün dastanlaşmış tarixi idi. Kitabi Dədə Qorqudun boyları da onun tərkib hissəsi imiş. Oğuz dastanının bizə qədər gəlib çatan ən qədim variantı təqribən XIII yüzilliyin sonları, XIV yüzilliyin başlarında Turfanda əsas nüsxədən uyğur əlifbası ilə üzü köçürülmüş "Oğuz kağan" dastanıdır. Məzmunundan göründüyü kimi, bu oğuznamə yalnız oğuzların eponimi haqqında mifoloji-tarixi hekayətin dastan variantıdır. XVI yüzillikdə üzü köçürüldüyü güman edilən ikinci böyük Oğuznamə "Kitabi Dədəm Qorqud əla lisani-taifeyi-Oğuzan" dır. Kitabi Dədə Qorqud dastanlarında "Oğuz kağan" dastanının həm məzmunca, həm də tarixi-xronoloji aspektdən davamıdır. Oğuz dünya modeli, dövlət strukturu, məsləhət şurası, hərbi-demokratik sistem dəyişmədən hər iki dastanda eyni şəkildə təqdim edilir. Ancaq "Oğuz kağan" dastanında ilk türk dövlətinin qurulması, oğuzların Monqolustandan Misirə qədər olan torpaqlarda hökmranlığı qeyd olunursa, Kitabi Dədə Qorqud dastanlarında Qara dənizlə Xəzər dənizi arasında olan Oğuz elindən söhbət açılır. Digər tərəfdən birinci oğuznamədəki mərkəzləşmiş el idarəetmə sistemli dövlət Kitabi Dədə Qorqud dastanlarında bir qədər zəifləmiş, bəylərbəyliklərə bölünmüşdür.
Dış Oğuzla İç Oğuzun bir-birinə qarşı çıxması isə dövlətin artıq siyasi çəkişmələr dövrü yaşadığını göstərir. "Oğuz kağan"da təsvir olunan hadisələr qısa olan Uzunkörpü variantında da təkrarlanır. Hər iki dastan İslamdan əvvəlki dünyagörüşün məhsuludur. Kitabi Dədə Qorqud dastanları və salnamələr isə İslami ünsürlərlə zəngindir.
Oğuz atalar sözlərində, hikmətlərində oğuzların dünya, zaman, insan, tayfalar haqqında fəlsəfi görüşləri, təqvim mifləri öz əksini tapmışdır. Ditsin nəşr etdiyi 400 atalar sözündə Oğuz, Dədə Qorqud adına çoxlu hikmətli kəlamlar, atalar sözləri verilmişdir. Oğuznamə şeirlərində Dədə Qorqud, Oğuz kağan, Bayındır, Qazan və başqa Oğuz qəhrəmanları öyülür, hələ dastanlaşmamış qəhrəmanlıq səhnələri təqdim edilir. Bu şeirlər Oğuz bədii düşüncəsindən xəbər verir. Həm də bu Oğuz şeirlərindən türk poeziyasının inkişaf yolunu izləmək olur. Şeirlər də atalar sözləri və hikmətlər kimi tarixi mifoloji, bədii informasiya baxımından qiymətlidir.
Elmi-mədəni dəyərinin böyüklüyünə, bədii-estetik istiqamətinə, fəlsəfi mənalarına görə seçilən oğuz atalar sözləri, məsəlləri və hikmətli kəlamları bizə qədər "Oğuznamə" adı ilə iki əlyazması şəklində gəlib çatmışdır.
Bunlardan biri Berlin kitabxanasında saxlanılan XV–XVI yüzilliklərə aid edilən əlyazmadır. "Hazihi-r-risaləti-min kəlimati Oğuznamə əl-məşhur bi-atalar sözü" adlanan bu əlyazmanın 400 atalar sözünü ilk dəfə alman şərqşünası F.fon Dits 1889-cu ildə nəşr etdirmişdir. Sonradan Dits nəşrindən O. Ş. Gökyay, A. Binyazar və b. alimlər də istifadə edərək, onu eyni ilə yenidən öz kitablarında nəşr etmişlər.
İkinci əlyazma Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun əlyazmalar fondunda saxlanılan və birinci vərəqi "Haza kitabi-Oğuznamə" adlanan "Məcməüləmsali- Məhəmmədəli"dir. Bu əlyazma XVI–XVII yüzilliklərə aid edilir və həcmcə böyükdür. O, elm aləminə XIX əsrdən məlum olsa da, tam şəkildə ilk dəfə 1987-ci ildə Bakıda S. Əlizadə tərəfindən ön sözü ilə birlikdə nəşr olunmuşdur. Əlyazmadakı paremik vahidlərin sayı 2000-ə yaxındır.
Türkmən övliya tayfalarından mücəvirlərin əcdadı hesab edilən Dana Ata İhsan Şeyx XV yüzilliyin ikinci yarısı-XVI yüzilliyin əvvəllərində yaşamışdır. O, sufi şeyxi olub yazdığı hikmətləri ilə məşhur idi. Dana Atanın təriqət silsiləsi Əhməd Yəsəviyə bağlanır. Yəsəvi şeyxinin Oğuznamə yazması bir daha göstərir ki, xalq sufiləri təriqətlərini yaymaq üçün oğuzların müqəddəs saydığı Oğuz xan əhvalatından da istifadə edirdilər. Oğuznamə müəllifi Dana Ata haqqında hələlik dəqiq məlumat yoxdur. Bəzi mənbələrə əsasən o, 1608-ci ildə vəfat etmişdir.
Dana Atanın oğuznaməsinin əlyazma nüsxəsi Sankt-Peterburq Şərqşünaslıq İnstitutunda saxlanılır. Əlyazmanın təsvirindən göründüyü kimi, 1821-ci ildə onun üzü Molla Qurbangəldi adlı bir katib tərəfindən köçürülmüşdür. Oğuznamə hecada qoşma və gəraylı formasında yazılmış ilk əsərdir. Bu əsərdə digər oğuznamədə rast gəlinməyən məlumatlar da vardır.
Bu "Oğuznamə" Dana Atanın əsərindən sonra ikinci nümunədir ki, şeirlə yazılmışdır. Nurmühəmməd Əndəlib XVIII əsr türkmən ədəbiyyatının böyük şairlərindəndir. Onun təqribən 1660–1665-ci illərdə doğulduğu güman edilir. Dövrünün bütün elmlərini kamil bildiyinə görə, ona ustad təxəllüsü verilmiş, hətta bir çox əsərlərinə sonrakı şairlər nəzirə, təxmis də yazmışlar. Əndəlibin yaradıcılığında başlıca yeri əruz vəznində yazdığı şeirləri, qəzəlləri tutur. Şair heca vəznində də bir çox sənət nümunələri yaratmışdır.
Əndəlib Nurmühəmmədin "Oğuznamə" əsəri həcmcə böyük olmasa da, dəyərinə görə çox qiymətlidir. Üç min illik tarixi olan Oğuz xan və onun övladlarının əhvalatını şair böyük ruh yüksəkliyi ilə qələmə almışdır. Bu oğuznamənin qiymətli cəhətlərindən biri də onun ilk dəfə olaraq 24 hərfli Oğuz əlifbası haqqında xəbər verməsidir. Əndəlibə görə, bu əlifba damğalar əsasında tərtib edilmişdi. Belə bir məlumata heç bir qaynaqda rast gəlinmədiyindən güman etmək olar ki, şair 24 oğuz boyunun damğasından danışır, bu damğaları əlifba kimi qələmə verir. Ancaq bəlli olduğu kimi, oğuz boylarının damğası az olmuşdur, yəni bir neçə oğuz boyunun bir damğası olmuşdur.
Görkəmli tarixçisi, həkimi, alimi və dövlət xadimi Fəzlullah Rəşidəddinin üç cilddən ibarət "Cami ət-təvarix" əsərinin birinci hissəsi elm aləmində "Oğuznamə" adı ilə tanınmışdır. Birinci cildə giriş, türk və monqol tayfalarının geneologiyası (şəcərələri) və Çingiz xanın tarixi daxildir. Əsərin bu hissəsi şifahi mənbələrə əsaslandığından tarixçi etnoqonik mifləri, rəvayətləri, dastan elementlərini tarixi hadisələrlə çulğaşmış şəkildə təqdim edir. Oğuz dastan elementi oğuz şəcərəsində, oğuz tarixi oğuz əfsanələrində verildiyindən Rəşidəddinin Oğuznaməsi spesifik cəhətlərə malikdir.
Əsl adı "Oğuz, onun soyunun və türk sultanlarının zikri" adlandırılan Oğuznamə variantında Rəşidəddin türk və monqol ağsaqqallarından eşitdiyi əhvalatları da qələmə almışdır. Bununla yanaşı, müəllif türkcə mənbələrdən də geniş istifadə etmişdir. Bunu Oğuznamənin əlyazmalarında qalmış "tac", "kenqəş", "yurt", "yurt- çu", "yaylaq", "yağı", "il" sözləri, həmçinin mətndə türkcə getmiş şəxs və coğrafi adlar da sübut edir.
Orxon-Yenisey kitabələrində Üç Oğuz, Altı Oğuz adı ilə xatırlanan oğuzların daha qədim və nisbətən düzgün tarixini Rəşidəddin vermişdir.
Rəşidəddin oğuzların tarix səhnəsinə çıxmalarını, dövlət qurmalarını, başqa xalqlara münasibətini ümumdünya tarixi kontekstində təqdim edir.
Rəşidəddin Oğuznaməsi giriş və on səkkiz fəsli əhatə edir. Burada bir çox əfsanəvi, mifoloji hadisələrlə yanaşı, real tarix də əks olunmuşdur. Məsələn, birinci fəsil "Oğuzun atası, əmiləri, qohumları və yaxınları ilə döyüşü, onun düşmənləri üzərində qələbəsi" adlanır və Oğuzun İslam dini uğrunda atasını öldürməsi, tayfasını müsəlman etməsindən danışılır. İkinci fəsildə artıq Skif-Sak dövrünün məlumatları saxlanılmışdır. Burada İnal Yabqudan əvvəl hakimiyyətdə olmuş xanlar haqqında verilən məlumat da tarixi kökə malikdir. Oğuzun Ön Asiyanı ələ keçirib öz yurduna qatması sakların e.ə. VII yüzillikdəki Ön Asiyadakı zəfərləri ilə səsləşir. Oğuznamənin Rəşidəddin variantında oğuzlar Çindən, Mancuriyadan Misirə qədər böyük bir ərazidə dövlət quran tayfa kimi təriflənir. Eyni zamanda türklərin e.ə. VII–V yüzilliklərdə Monqolustanda, Qafqazda və Ön Asiyada dövlət qurmaları tarixi sənədlərlə təsdiqlənir.
Mənbələrə əsasən Salır Baba Qulalıoğlu Xiridarinin "Oğuznamə" əsəri ikinci Oğuznamədir ki, oğuzların özü tərəfindən doğma dillərində yazılmışdır. XVI əsrin türkmən tarixçisi Salır Baba haqqında çox az məlumat qalmışdır. Onun Oğuznaməni yazarkən artıq orta yaşlarda olduğu, türkmənlərin şəcərəsini yaxşı bildiyi, dövrünün elmlərini dərindən mənimsədiyi və yazılı oğuznamələrlə tanış olduğu, fars və ərəb dillərini yaxşı bildiyi öz əsərindən aydınlaşır.
Salır Babanın əsəri "Oğuz tarixi" adlanır. Bu əsərini o, Aşqabadın yaxınlığında olan doğma şəhəri Nusayda yazmışdır. Özü də salur boyundan olduğu üçün xalqın arasında yaşayan rəvayətləri, atalar sözlərini, Oğuz dastanlarını yaxşı bilirdi.
Salır Babanın Oğuznaməsi digər oğuznamələrdən ciddi şəkildə fərqlənir. Məsələn, boz qurd obrazına heç bir salnamədə rast gəlmədiyimiz halda, Salır Baba Oğuznaməsində buna rast gəlirik. Əsərində verdiyi atalar sözləri, məsəllər, şeir parçaları, canlı ifadələr də Salır Babanın Oğuznaməsinin xalq variantını bacarıqla yazılı qaynaqlarla çulğamış şəkildə verə bilməsinə sübutdur.
Oğuznamənin Salır Baba Qulalıoğlu variantı Aşqabadda Əlyazmalar fondunda 526 nömrə altında saxlanılır. İndiyə qədər Salır Babanın əsəri çap olunmamışdır. Oğuz tarixi haqqında qiymətli mənbə olan bu əsərin əlyazmasını Salır Baba özü yazmışdır. Dili sadə və o dövrün oğuz qıpçaq ləhcəsindədir. Oğuznamədə köp, berqəy, barça sözləri qıpçaq dilində çox işləkdir. Yiyəlik, yerlik, yönlük hal şəkilçiləri oğuz türkcəsində olduğu kimidir. Bu Oğuznamənin dili özündən təqribən 100 il əvvəl yazılmış Yazıçıoğlu Oğuznaməsi dilindən fərqlənir. Əsərdə ərəb, fars sözləri və tərkibləri azdır.
Oğuznamə mətni 21 vərəq, 42 səhifədən ibarətdir. Hər səhifəyə 9 sətir yerləşdirilib. I səhifədə 1 və 3 sətirlər arasında göy rəngli öküz, V səhifənin axırıncı sətrində quş şəkli, VI səhifədə 4 sətirdə təkbuynuzlu heyvan şəkli çəkilmişdir.
Bu Oğuznamə elmi ədəbiyyatda "Oğuz kağan" adı ilə də tanınır. Oğuz xan və onun haqqında dastan barədə ilk məlumatı 1815-ci ildə alman alimi F. Dits vermişdir. Rus tədqiqatçısı Radlov bu əsəri 1890-cı ildə rus dilinə tərcümə etmişdir. 1891-ci ildə o, "Oğuz kağan" dastanının transkripsiyasını, almancaya tərcüməsini nəşr etmişdir. Bu abidənin ikinci nəşri Rza Nura məxsusdur. O, Oğuznaməni 1928-ci ildə İskəndəriyyədə (Aleksandriya) transkripsiya, tərcümə, ön söz və faksimile ilə birlikdə çap etdirmişdir. 1932-ci ildə bu əsəri V. Banqla Q. Rəhməti, 1959-cu ildə A. Şerbak, 1970-ci ildə M. Ergin, 1988-ci ildə K. Əmirəliyev, yenə həmin ildə A. Bekmıradov nəşr etmişlər. Oğuznamə indiyə qədər rus, alman, fransız, türk, qazax, özbək, türkmən dillərində çap olunubdur.
Oğuznamə "Oğuz kağan" adı ilə orijinaldan ilk dəfə 1993-cü ildə Azərbaycanda Füzuli Bayat (Gözəlov) tərəfindən nəşr edilmişdir. Kitabda 110 səhifə tədqiqat, variant fərqləri haqqında qeyd, izahlı lüğət, mifoloci obraz və ifadələrə şərh, mətnin transkripsiyası, Azərbaycan türkcəsi verilmişdir. Oğuznamə elə həmin ildə Şerbak nəşrinə əsasən K. Vəliyev, F. Uğurlu tərəfindən yenidən çap olunmuşdur.
Oğuznamə, yaxud "Oğuz kağan" dastanının tədqiqat tarixi onun nəşr tarixi ilə bir vaxta düşür. Bu sahədə V. Radlov, R. Nur, V. Banq, P. Peliyo, Z. Toğan, A. Bernştam, İ. Stebleva, B. Ögəl, F. Bayat, K. Əmirəliyev, A. Bekmıradov və b. filoloji, tarixi, sosialoji istiqamətdə araşdırmalar aparmışlar.
Oğuznamə oğuzların əcdadı, ilk hökmdarı, ordunun, dövlətin qurucusu Oğuz kağan haqqında başdan və sondan əskik bir dastan parçasıdır. Əlyazmada ərəb və fars sözlərinin olmaması ("dost" və "düşmən" sözləri istisna olmaqla), əski lüğət tərkibi onun ilk variantının e.ə. yazıya alındığı fikrini söyləməyə əsas verir. Bunu əl-Dəvadarinin məlumatı da təsdiqləyir. Oğuznamə VI əsrdə fars dilinə, IX əsrdə ərəb dilinə tərcümə edilmişdir. Oğuznamələr bütöv şəkildə hələ çox erkən çağlardan yazıya alınıb türklərin özləri ilə gəzdirdiyi müqəddəs kitab olmuşdur.
Əski türklərin siyasi, iqtisadi, tarixi və mədəni həyatını əks etdirən "Oğuz kağan" dastanı bizə qədər gəlib çatmış ən qədim Oğuznamə nüsxəsidir.
Nəzmlə yazılmış bu Oğuznamənin Uzungörpü variantını ilk dəfə H. N. Orkun nəşr etmişdir. Orkun nəşrində mətnşünaslıq baxımından qiymətli olan faksimile, əsərin müasir türkcəsi, latın qrafikası ilə transkripsiyası verilmişdir. Bu dörd vərəqlik əlyazmanın hər səhifəsinə 13 beytlik iki sütun yerləşdirilmişdir. Ancaq Orkun bu əsər haqqında lazımi bilgi verməmiş, onun dil, leksik xüsusiyyətləri barədə, demək olar ki, heç nə deməmişdir.
Bu islami Oğuznamənin Uzunkörpü variantı adlanmasına səbəb onun ilk dəfə Uzunkörpüdə Seyid Əli adlı bir şəxsin kitabxanasından tapılmasıdır. Seyid Əlinin məcmuəsi 15 vərəq olub, onun da 4 vərəqi, yəni 104 beyti Oğuznamədir. Sonradan məcmuə itdiyindən, onun yazılma tarixi, yeri və katibin adı qaranlıq qalmışdır. Çox güman ki, bu, Oğuznamədən böyük olmuş, katib oradan yalnız bəzi parçaların üzünü köçürmüşdür.
Oğuznamə məsnəvi formasında yazılmış dastan olub İslami variantlardan biridir. Buradan Oğuz xanın müsəlman övliyası olması aydın görünür. Bu Oğuznamə Rəşidəddin, Yazıçıoğlu Əli "Oğuznamə"lərini xatırlatsa da, diqqətlə oxunuş göstərir ki, həm Rəşidəddin, həm də Uzunkörpü variantı daha qədim əlyazmasından istifadə yolu ilə yaranmışdır.
Oğuznamənin Uzunkörpu variantında Oğuzun atası Qara xanla vuruşu, müsəlman redaktəsində olduğu kimi, məhz İslam dininə görədir. Oğuzun əmilərinin qızları ilə evlənməsi, onları müsəlmanlığa dəvət etməsi ənənəvi şəkildə bu oğuznaməni Rəşidəddin və Yazıçıoğlu variantına yaxınlaşdırır. Çox güman ki, katib "Oğuz kağan" dastanı ilə yanaşı Rəşidəddin Oğuznaməsindən də xəbərdar olmuşdur. Bu halda onun yazıya köçürülmə tarixi XIV əsrin ikinci yarısından irəli gedə bilməz.
Oğuznamədə leksik və qrammatik vahidlərin çoxu "Oğuz kağan" dastanındakı eyniadlı kateqoriyalarla adekvatdır. Bu da onun eyni bölgədə yazıya alındığını deməyə əsas verir.
Osmanlı sultanı II Muradın (1421–1451) əmri ilə 1436-cı ildə türk dilində yazdığı tarix əsəri ilə məşhur olan Yazıçıoğlu Əli haqqında məlumat çox azdır. Dövrünün bir çox elmlərini, xüsusən də Osmanlı hökmdarlarının, ümumən oğuzların və türk dövlətlərinin tarixini gözəl bilən Yazıçıoğlu Əli XV əsrdə yaşamış, Sultan II Muradın dövründə bir müddət Misirdə məmlük sultanlarının yanında Osmanlı dövlətinin elçisi olmuşdur. Onun doğulduğu və öldüyü il məlum deyildir. Ancaq o, çox güman ki, XIV əsrin sonlarında, yaxud da XV əsrin əvvəllərində anadan olmuşdur.
Yazıçıoğlunun elm aləmində "Oğuznamə" adı ilə tanınan əsərinin əsl adı "Təvarixi-ali Səlcuq"dur. Onun başqa əsərlər yazıb-yazmadığı hələ ki məlum deyildir. "Təvarixi-ali Səlcuq" Yazıçıoğlunun indiyə qədər qalmış yeganə əsəridir.
Hələlik türk dilində yazılmış ilk oğuznamə olan bu qiymətli əsər iki hissədən ibarətdir:
1. Yarıtarixi, yarıəfsanəvi Oğuz xan və övladlarının əhvalatı. Bura səlcuqların, osmanlıların əcdadı Oğuz kağanın doğulması, hələ anasının bətnində ikən müsəlman olması, anasının yuxusuna girərək onu müsəlman olmağa dəvət etməsi, yalnız anası İslamı qəbul etdikdən sonra onun döşünü əmməsi, bir yaşında özü-özünə Oğuz adını qoyması və s. daxildir.
Bu hissədə Oğuzla bağlı İslam redaktəsi həm əvvəlki, həm də sonrakı tarix kitablarında təkrarlanır. Çox güman ki, birinci hissəni yazmaqda Yazıçıoğlu Əli Rəşidəddinin "Cami ət-təvarix" əsərinin birinci cildində verilən Oğuznamədən faydalanmışdır . Bu hissədə Oğuzun əmilərinin qızları ilə evlənməsi, yalnız üçüncü əmisi Uz xanın qızı müsəlmanlığı qəbul etdiyi üçün onu sevməsi, atası və ona qoşulan kafirlərlə mübarizəsi də Rəşidəddin Oğuznaməsinin bir qədər dəyişik şəklidir. Həmçinin Oğuz xanın uyğurlara, kanqlılara, qıpçaqlara, karluqlara, xalaclara, ağacerilərə ad verməsi də məlum olan tarix kitablarında verilənlərin yığcam formasıdır.
2. Səlcuq tarixi. İkinci hissədə Yazı çıoğlu Əli səlcuqların tarix səhnəsinə çıxması, qəznəvilərlə, bizanslılarla vuruşlarını ətraflı şəkildə şərh edir. O bu hissəni yazmaqda, əsasən, Ravəndinin, İbn Bibinin əsərlərindən istifadə etmişdir. Burada Dədə Qorqudun Oğuznamə ilə səsləşən yerləri daha çoxdur. O, Türküstanın böyük padşahlarından – bayındurlardan, salorlardan danışır, Salur Qazanın igidliyini öyür və ona əsərində çox yer verir. Dədə Qorqudun Rəsul Əleyhissəlam zamanına yaxın bayat boyundan çıxması, Allahın qüdrəti ilə qayibdən xəbərlər verməsi, qayı boyunun son anda hakimiyyətə gələcəyi və onların hökmranlığının əbədi olacağı barədə fikirlər Kitabi Dədə Qorqud dastanlarının girişi ilə analogiya yaradır. Yazıçıoğlunun Oğuz xanın müdrikliyi, ədalət simvolu olması, qalan hökmdarların da Oğuz elini ədalətlə idarə etmələri və s. onu "millətçi-tarixçi" (V. Qordlevski) səviyyəsinə qaldırır. XV əsrin Anadolu xalq hekayətləri Yazıçıoğlunun Oğuznaməsində çox güclü şəkildə hiss olunur.