Onixokriptoz

Onixokriptoza və ya dırnaq batması — dırnaq batması ilə müşahidə olunan xəstəlikdir

Onixokriptoz
XBT-10 L60.0
XBT-9 703.0
DiseasesDB 29440
MedlinePlus 001237
MeSH D009263
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dırnaq batması gündəlik həyatda tez-tez rast gəlinən və dözülməz ağrılarla müşahidə olunan xəstəlikdir. Xəstəliyə daha çox ayaq, xüsusilə də baş barmaq dırnağında rast gəlinir: dırnağın kənarları dırnaq yatağının içərisinə doğru inkişaf edir, ətrafdakı yumşaq toxumalarda iltihabi prosesə səbəb olur.

Onixokriptoz irsi, düzgün seçilməyən ayaqqabı, göbələk infeksiyası, ayaqların çox tərləməsi, travma, dırnağın düzgün kəsilməməsi səbəbindən yarana bilər. Dırnaq batması özünü birdən-birə büruzə vermir. İlk vaxtlar həmin nahiyədə həssaslıq və yüngül qızartı müşahidə olunur, xüsusilə dar ayaqqabı geyinəndə və uzun müddət ayaq üstə duranda ağrılar müşahidə edilir. Proses dərinləşdikcə ətraf toxumalar iltihablaşır. Barmaq uclarında, xüsusilə dırnaq ətrafında sinir ucluqları olduqca çoxdur. Yaranan iltihabi proses zamanı zədələnən sinirlər xəstədə dözülməz ağrılara səbəb olur. Ətraf toxumalar qızarır, ödemləşir, dırnağın altından irin xaric olur. Dırnağı batan barmaq ümumilikdə göyümtül-qırmızı rəng alır, şişkinləşir, ölçüləri böyüyür. Proses dərinləşdikcə sakitlik zamanı da ağrılar müşahidə olunur. Dırnağın ətrafında iltihablaşmış yumşaq toxumalar böyüyür, davamlı qıcıqlanam nəticəsində yara əmələ gəlir. Əmələ gələn qranulyasion toxuma qırmızı ətəbənzər kütlə şəklində dırnaq kənarından çıxır və öz növbəsində dırnağa təzyiq edərək prosesi dərinləşdirir, hətta yüngül toxunma da xəstədə şiddətli ağrılara səbəb olur. Davamlı iltihabi proses nəticəsində dırnaq parlaqlığını itirir, kənarları qalınlaşır və təbəqə şəklində soyulur. İltihabi prosesin uzun müddət davam etməsi şəkərli diabet və obliterasiyaedici endartriti olan xəstələrdə daha təhlükəlidir, çünki proses ayaq pəncəsinin fleqmona və qanqrenası ilə nəticələnə bilər. Ona görə də həmin xəstələr dırnaq kəsərkən və ayaqqabı seçərkən çox diqqətli və ehtiyatlı olmalıdırlar. Dırnağı rahat kəsmək üçün bir sıra üsullar da məsləhət görülür: isti suya 1 xörək qaşığı çay sodası əlavə olunaraq ayaqlar 20 dəqiqə vanna ediləndə dırnaq yumşalır, kəsmək və üzərində işləmək daha rahat olur. Yaxud əzvay yarpağı kəsilir, nazik təbəqə şəklində üst qabığı soyulur, xırdalanaraq əzilir və üzərinə azca isti su əlavə edilərək qarışdırılır. Alınan kütlə zədəli nahiyəyə qoyulur, üzəri strec sellofanla bağlanılaraq 1 gün saxlanılır. Digər üsullar da təklif edilir: Əzvay yarpağı ortadan kəsilir, içəri tərəfi yaranın üzərində olmaqla zədə nahiyəsinə qoyulur, üstü bağlanılaraq bir gecə saxlanılır. Soğandan istifadə etməklə də dırnaq batmasının qarşısını almaq olar. Soğan soyularaq ətçəkən maşından keçirilir, üzərinə 1 xörək qaşığı bal əlavə edilərək qarışdırılır. Zədə nahiyəsi sodalı su ilə təmizlənəndən sonra hazırlanan kütlə yaranın üzərinə qoyulur. Üzərinə rezin barmaqcıq keçirilərək 1 sutka saxlanılır.

azertag.az, nkpi.az