Ordubad Tarix Diyarşünaslıq Muzeyi - Bu muzey məşhur Qeysəriyyə memarlıq abidəsi olmuşdur. [1]
Ordubad Tarix Diyarşünaslıq Muzeyi | |
---|---|
Ordubad Tarix Diyarşünaslıq Muzeyi | |
Əsası qoyulub | 1986 |
Mövzu | Tarix |
Yerləşir | Ünvan: Ordubad rayonu, Ordubad şəhəri, Heydər Əliyev prospekti |
Kolleksiyası | 4000 eksponat |
Qeysəriyyə Ordubad şəhərində XVII əsrə aid ölkə əhəmiyyətli Azərbaycan memarlıq abidəsidir. Ordubad şəhərinin mərkəzində yerləşir. Ümumi sahəsi 540 kv m-dir. [2]
Abidə 10x10 m olan mərkəzi səkkizbucaqlı zaldan və onun üzərini qapayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən (eni 3,4 m) ibarətdir. Dayağın divarlarındakı taxçaların ölçüləri 1,4x1, 45x2,2 m-dir. Dayaq taxçalarından fərqli olaraq kənar divar taxçaları çatmatağ konstruksiyalı olub ölçüsü 3,4x1, 37x3 m-dir. Keçidlərin tavanı 16 ədəd kiçik günbəzlərlə qapanıb. Abidə bişmiş kərpicdən inşa olunmuş, divarının qalınlığı 80 sm-dir. Abidənin mərkəzi, günbəzi də daxil olmaqla, ümumi hündürlüyü 8,5 m-dir. [3]
14 yanvar 2011-ci il tarixdə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Qeysəriyyə tarixi abidəsinin bərpa işlərindən sonra açılışı olub. [5]. Açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycanın incisi olan Ordubadda tarixi abidələr bərpa olunur, onların gələcək nəsillərə çatdırılması təmin edilir. Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”. [6]
150 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4000-dən artıq eksponat qorunub saxlanılır. Ən qədim eksponat bizim eramızdan əvvəl II-I minilliyə aid Gəmiqaya qranit daşları, 32 ədəd Quran cüzvələri əl ilə yazılıb. Burada qədim numizmatika, pul nümunələri var. Daş üzərində gənc qızın simasında naxışlarla Qulfu-Allah yazılmış Bir eksponat diqqəti cəlb edir. Uşaqların yerini islatmaması üçün xüsusi qabı olan beşik, tüstünü qovan ən iri kürə də məhz bu muzeydədir. Burada həmçinin Zınqırovlu sandıq vardır. Ordubadın varlı təbəqəsindən olan Ərbab adlı şəxs qiymətli əşyalarını saxlamaq üçün onu Fransadan gətizdirib. Muzeydə varlı Ərbaba məxsus bir neçə eksponat qorunub saxlanılır. İri kəfkirli saat da məhz onun şəxsi istifadəsində olub. Hər dəfə saat vuranda, onun səsi Cənubi Azərbaycanın Siyalı kəndinə qədər gedib çıxıb. [7]