Oxud piri

Oxud piriŞəki rayonunun Oxud kəndində, meşənin içərisindəki köhnə qəbiristanlıqda ziyarət yeri.[1]

Ziyarət yerindəki çaylaq daşlarından düzəldilmiş başdaşlarına həkk olunmuş yazılar - kitabələr göstərir ki, dəfn olunanların ziyarətgahın meydana çıxması tarixi ilə heç bir əlaqəsi yoxdur. Ziyarət olunan məzarlardan biri hicri 1105 (1693/1694)-cü ildə vəfat etmiş Ruqiyə adlı qadına məxsusdur. O, Məhəmməd Əmin Əfəndinin qızıdır. İkinci qəbrin başında kitabədən məlum olur ki, hicri 1141 (1728/1729)-ci ildə vəfat etmiş Əhməd ibn Əlinin adı yazılmışdır.

Üçüncü qəbr abidəsi baş əmir Sultan Məcid ibn əl-X-l-u bəyə məxsusdur. O, 1149 (1736/1737)-cu ildə vəfat etmişdir.

Bu abidələr kitabələrin mətninə görə pirin meydana çıxmasını, onun əsasını qoyan Şeyxin adını bildirməsə də, hər halda onun fəaliyyətinin XVII əsrdən əvvələ aid etməyə imkan verir.

  1. "Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild" (PDF). AMEA Folklor İnstitutu (az.). folklorinstitutu.com. 2008. 2016-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-12.