Pənah xan Makinski

Pənah xan Makinski — məşhur Makinskilər ailəsinin üzvü, Maku xanları nəslinə mənsub İrəvan şəhərinin məşhur bəylərindən biri. O, İrəvan şəhər Dumasının deputatı, kollej müşaviri kimi vəzifələrdə çalışmış və şəhərdə xeyriyyəçiliklə məşğul olmuşdur.

Pənah xan Makinski
Pənah xan Süleyman xan oğlu Makinski
Doğum tarixi XIX əsrin I yarısı
Doğum yeri İrəvan şəhəri, Rusiya imperiyası
Vəfat yeri Bilinmir
Dəfn yeri Bilinmir
Vətəndaşlığı Rusiya İmperiyası
Milliyyəti Azərbaycanlı
Dini Şiə İslam
Fəaliyyəti Xeyriyyəçilik
Maarifçilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maku xanı Əhməd xan oğlu Hüseyn xandan olma nəvəsi olan Əhməd xan Qacar imperiyasından Rusiya imperiyasına köç etmiş və İrəvan şəhərində məşkunlaşmışdır. Bundan sonra ailə həm də Makinskilər adlandırılmağa başlamışdır. Əhməd xanın oğlu Süleyman xan (1819–1862) Pənah xanın atasıdır. Beləliklə, Pənah xan mənşəcə Oğuzların Bayat tayfasına mənsub olmaqla birlikdə, Maku xanları ailəsinə mənsubdur.[1]

Pənah xan ibtidai təhsilini molla yanında almış, daha sonra şəhər məkttəbini və gimnaziyanı bitirmişdir. Bir qədər sonra İrəvan şəhər dumasındakı azsaylı müsəlman deputatlardan biri olmuşdur.[2][3] İrəvan şəhərinin sosial həyatında aktiv rol oynamış, xeyriyyəçiliklə və maarifçiliklə məşğul olmuşdur. XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlı teatr həvəskarlarının İrəvan şəhərində tamaşalar üçün toplandıqları məkanlardan biri də Pənah xan Makinskinin evi olmuşdur. Həmin tamaşaların arasında Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (1901, 1903, 1904, 1905, 1906), Vasaq Mədətov Nəzminin "Qırt-qırt" (1900, 1903), "Tamahkarılq düşmən qazanır" (1903, 1905, 1906), Nəcəf bəy Vəzirovun "Hacı Qənbər" (1904, 1908), "Ev tərbiyəsinin bir şəkli" (1905, 1906, 1908), Rüstəm xanın "Əqdi biməhəbbət" (1906), Namiq Kamalın "Vətən" (1908), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (1909, 1910) pyesləri var idi.[4][5][6] Pənah xan və digər irəvanlı ziyalılar dövlətə müraciət edib, Azərbaycan türkləri üçün məktəb açılmasını istəsələr də müsbət cavab ala bilmirlər. Bundan sonra 1898-ci il martın 29-da Göy Məsciddə toplanan 104 nəfər məktəbi özləri açmaq qərarına gəlirlər və bunun üçün 14 nəfərlik komissiya seçirlər. Əliqulu xan İrəvanskinin rəhbərlik etdiyi komissiyaya Pənah xan da daxil edilir. Komissiya üzvləri məktəbin işlərinə nəzarət etməli və hər biri ən azı həftədə 3 saat məktəbdə olmalı idilər. Məktəbin maliyyələşdirilməsi də bu şəxslərin üstünə düşdüyündən bunun üçün ayrıca cədvəl tutulur. Cədvəldən aydın görünür ki, Abbasqulu xan İrəvanski hər il 50 manat, Pənah xan Makinski də 50 manat, qalan 17 nəfərin hərəsi 25, 31 nəfərin hərəsi 15, 54 nəfərin hər biri 10 manat vermişlər.[7] Pənah xan 1905–1907-ci illər Erməni-Müsəlman qırğınlarında ziyan çəkmiş irəvanlı soydaşlarına yardım etmək üçün aksiyalar təşkil ettmiş, toplanmış pulları ziyan görmüş şəxslərə paylamışdır.[2]

Pənah xan tərəfindən tikdirilmiş ev və ya imarət İrəvanın Azərbaycan türklərinə sahib olan tarixi memarlıq abidələrindən biri olmuşdur. Bir zamanlar dövlət əhəmiyyətli memarlıq abidəsi olan bu ev 1960–1970-ci illərdə baxımsızlıqdan məhv olmaq həddinə çatmışdır. Hal-hazırkı vəziyyəti bəlli deyil. Bu evdə Çar Rusiyası zamanı İrəvan azərbaycanlılarının mühüm görüşləri keçirilmiş, xeyli sayda teatr tamaşaları təşkil edilmişdir. Pənah xan Makinskinin evinin yerləşdiyi ərazi isə son vaxtlaradək Pənah xan meydanı və yaxud Pənah xan bulvarı adlanırdı.[8][9][10][11]

Atası Süleyman xan Rusiya İmperator Ordusunda xidmət etmişdir. Əli xan adlı oğlu olmuş və o, Taci xanımla evlənmişdir. Bu evlilikdən Süleyman xan, Tamara xanım, Səltənət xanım, Dövlə xanım adlı qızlar dünyaya gəlmişdir. Pənah xanın Əli xandan olma törəmələri Sovet hakimiyyəti dövründə təqiblərə məruz qalmışdır.[2]

  1. Çingizoğlu, 2011. səh. 4
  2. 1 2 3 Çingizoğlu, 2011. səh. 5
  3. Hacı Həsənov. XIX Əsrin Ortaları – XX Əsrin Əvvəllərində İrəvan Quberniyasında İnzibati-Ərazi Bölgüsü və Etnodemoqrafik Proseslərə Dair. Akademik Tarih ve Düşünce Dergisi. 2022. səh. 961.
  4. Mədəniyyət Nazirliyi. "İrəvan Dövlət Azərbaycan Dram Teatri". azteatr.musigi-dunya.az. 2012. İstifadə tarixi: 27 February 2023.
  5. İlham Rəhimli. "İrəvan Dövlət Azərbaycan Teatrı: 1882 - 1927-ci illərdə". 525-ci qəzet. 1 March 2017. 27 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2023.
  6. Mustafa, 2020. səh. 180
  7. İbrahim Bayramov. "İRƏVANDA PEDAQOJİ TƏHSİL TARİXİNDƏN" (PDF). as-journal.edu.az. 2022. 2022-06-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 fevral 2023.
  8. Mustafa, 2020. səh. 8
  9. "Архитектура Иревана". www.virtualkarabakh.az. 2014. 27 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2023.
  10. "Предисловие". iravan.preslib.az. 2016. 14 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2023.
  11. "Светская архитектура средневековой Эривани (27 ФОТО)". azerhistory.com. 2012. 27 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2023.