Nəcəf bəy Vəzirov

Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov (17 fevral 1854, Şuşa[1]9 iyul 1926[1], Bakı[1]) — azərbaycanlı yazıçıdramaturq. Azərbaycan dramaturgiyasının inkişafında, onun ideya-estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal-patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmişdir.

Nəcəf bəy Vəzirov
Doğum tarixi 17 fevral 1854(1854-02-17)
Doğum yeri
Vəfat tarixi 9 iyul 1926(1926-07-09)[1] (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşı
  • Xurşid xanım Vəzirova[d]
Uşaqları
Təhsili
Fəaliyyəti jurnalist, yazıçı
Fəaliyyət illəri 1873-cü ildən
Əsərlərinin dili Azərbaycan dili
Janrlar dram, faciə, komediya
Tanınmış əsərləri
  • Yağışdan çıxdıq, yağmura düşdük[d]
Vikimənbənin loqosu Nəcəf bəy Vəzirov Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəcəf bəy Vəzirov 1854-cü il aprel ayının 2-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. Yazıçının uşaqlığı fərəhsiz keçmişdir. Atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşmüşdür. Nəcəf özü də təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə olmuşdur. Anasının arzusu bu idi ki, yeganə oğlunu sağlam görsün və onu məktəbə göndərsin. Lakin Nəcəfin səhhəti buna imkan vermir, ananın arzusu hər il ürəyində qalırdı. Özünün yazdığına görə, Nəcəf bəy yalnız on iki yaşında olanda məktəbə gedə bilmiş, tez bir zamanda oxuyub-yazmağı öyrənmişdir.

Vəzirov ilk təhsilini dini məktəbdə almışdır. O, burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedir. Lakin yeniyetmə gənc həmin məktəbdə oxuya bilmir. Burada Erməni müəllimin amansız rəftarı, uşaqları yerli-yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir. Yeniyetmə oğlanın məktəbdən qaçmasına bəzi qohumları başqa məna verirlər. Guya o tənbəl və bacarıqsızdır, öyrənə bilmir, çətinlikdən qorxur və s. Hətta qohumlarından biri istəyir ki, Nəcəfə rusca səthi sürətdə yazıb oxumağı öyrətsin ki, heç olmasa o, kənddə mirzəlik edib ata–anasını dolandırsın. Lakin Nəcəf heç kəsin qayğısını qəbul etmir. O, 1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib real gimnaziyanın ikinci sinfinə daxil olur. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanır. Gimnaziyanın sonuncu sinfində oxuyarkən artıq əlaçı şagird kimi tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olurdu.

Gimnaziyada oxuyarkən N. Vəzirov böyük Azərbaycan alimi o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. H. Zərdabi şagirdlərdə təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi. O, çalışırdı ki, şagirdlər xalqın gələcək inkişaf yollarını düzgün anlasınlar, onun azadlığı və maariflənməsi uğrunda mətin mübarizlər kimi yetişsinlər. Məhz Zərdabinin məsləhəti ilə N. Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqı ideyalarla tanış olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlanır. O yazır: "1873-cü ildə altıncı klasda oxuduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm".

1874-cü ildə N. Vəzirov real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün Rusiyaya gedir. O əvvəlcə Moskvada olur, sonra dostu Ağa Gorani ilə birlikdə Peterburqa gedib Əkinçilik instituna qəbul olunmaq istəyir. Lakin atestatındakı qiymətlar həmin inistituta qəbul tələblərini ödəmədiyi üçün o, avqust ayının sonlarında yenidən Moskvaya qayıdır və sentyabrda Petrivski–Razumovski Meşə və Təbiətşunaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olur.

N. Vəzirovun Moskvada təhsil aldığı illər Rusiyada azadlıq ideyalarının, zəhmətkeş kütlənin mənafeyini müdafiə edən xalqçılıq hərəkatının genişləndiyi bir dövrə təsadüf edir. Hələ Bakıda real gimnaziyada oxuyarkən H. Zərdabi kimi milli-azadlıq ideyaları ilə tərbiyələnən N. Vəzirov Moskvada daha qaynar bir inqilabi mühitə düşür. O tezliklə qabaqcıl fikirli gənclərlə dostlaşır, təhsil aldığı Akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli təşkilatlarında iştirak edir. Hətta 1878-ci ildə H. Zərdabinin təşəbbüsü ilə "İmdadiyyə" adlı dərnək təşkil edir.

1878-ci ilin iyun ayında N. Vəzirov Petrovski–Razumovski Akademiyasının Meşəçilik şöbəsini bitirib təyinatla Qafqaza göndərilir.[2] O, Yelizavetpol quberniyasının Tərtər nahiyyəsinə üçüncü dərəcəli meşəbəyi təyin olunur. 1880-ci ilin iyul ayına qədər burada çalışır. Sonra onun vəzifəsini böyüdürlər. Vəzirov ikinci dərəcəli meşəbəyi kimi İrəvan quberniyasının Dilican nahiyyəsinə meşəbəyi təyin olunur. 1887-ci ilə qədər burada çalışıb yenidən iş yerini Yelizavetpol quberniyasına dəyişir.

1890-cı illərin əvvəllərindən başlayaraq Rusiyada inqilabi–azadlıq hərakatının yüksəlişi ilə əlaqədar Petrovski–Razumovski Akademiyasının məzunlarını təqib edirlər. Bununla əlaqədar olaraq N. Vəzirovu da siyasi etibarsızlıqda günahlandırıb meşəbəyi vəzifəsindən azad edirlər. Bundan sonra sənəti ilə əlaqəsi olmayan müxtəlif yerlərdə çalışır. Əvvəlcə İrəvan quberniya idarəsi tibb şöbəsinin katibi, sonra isə Qazaxda möbahisəli işlərə baxan şöbənin katibi vəzifəsində işləyir. Lakin bu işlərin heç biri N. Vəzirovun xoşuna gəlmir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
Müsibəti-Fəxrəddin tamaşasının afişası (1909-cu il)

Nəcəf bəy Vəzirov 1895-ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, "Yağışdan çıxdıq yağmura düşdük", "Müsibəti–Fəxrəddin", "Pəhləvanı–zəmanə" kimi klassik əsərlərini yaradır. N. Vəzirov 1903-cü ildə Bakı dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyyə ocaqlarının açılması işində yaxından iştirak edir.

1905-ci il inqilabı N. Vəzirovun ədəbi–ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan "Həyat", "İrşad", "Təzə həyat", "Açıq söz" və s. qəzetlərində "Dərviş" imzası ilə "Balaca mütəfərrəqələr" başlığı altında burjua–mülkədar cəmiyyətinin içtimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir. 1913-cü il noyabr ayının 15–də "Səfa" maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir. Bu gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə-oçerk, məlumat dərc edirlər.

Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədəkar oğlu kimi qiymətləndirirdilər. Xalqın ehtiramı N. Vəzirovun yaradıcılıq ilhamını, işləmək həvəsini coşdurmuş, ədib həm içtimai həyatda, həm də bədii yaradıcılıq sahəsində daha fəal çalışmışdır. Bu illərdə o, "Pul düşkünü Hacı Fərəc" komediyasını, "Təzə əsrin ibtidası" dramını yazmış, böyük fransız yazıçısı Jan Batist Molyerin "Xəsis" komediyasını "Ağa Kərim xan Ərdəbili", fransız məzhəkəsi "Vəkil Patelen" i isə "Dələduz" adı ilə təbdil etmişdir. Azərbaycanda Aprel istilasından sonra N. Vəzirov Bakıda Kənd təsərrüfatı texnikumunda müəllim işləmişdir. Yazıçı meşəçilik işi ilə bağlı tələbələri Azərbaycanın müxtəlif rayonlarına aparır, təcrübə məşğələlərinə rəhbərlik edirdi. Lakin qocaman yazıçının səhhəti pozulmuşdu, tez–tez ürək ağrısından şikayətlənirdi. Həkimlər ona işdən çıxıb istirahət etməyi məsləhət görürdülər.

1926-cı ilin yayında Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda getmiş və iyul ayının 13–də orada ürək çatışmazlığından vəfat etmişdir. Yazıçının cənazəsi Bakıya gətirilmiş və iyulun 13–də dəfn olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Nəcəf bəy Vəzirov Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir[3].

Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov Xurşid xanımla ailə qurmuşdu. Şamil bəy adlı oğlu, Sara xanım və Sürəyya xanım adlı qızları vardı.

  • Xurşid xanım Mirzə Abbas bəy qızı VəzirovaBakıdakı Xeyriyyəçi qadınlar cəmiyyətinin üzvü olmuşdur. Xurşid xanım Vəzirova (qızlıq soyadı Haqverdiyeva) 1868-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdı. 1913-cü ilin sentyabr ayında, ölümündən bir neçə gün əvvəl demişdi: "Cavanlığımın ən yaxşı illərini mən xalq müğənnisi Dərvişə həsr etmişəm, onu əzizləmişəm, həyatını qorumuşam. Əgər mənim nəzarətim olmasaydı onun əsərləri itib-batmışdı. Müvəffəqiyyətsiz əsərlərini belə göz bəbəyim kimi saxlamışam, bəzən də qadın psixologiyasının əlamətlərini ora əlavə etmişəm. Mən ağır dəqiqələrdə Dərvişlə birlikdə vuruşmuşam və mübarizəni dəyanətlə davam etdirmişəm". Xurşid xanım 1913-cü ildə Bakı şəhərində vəfat edib.
  • Şamil bəy Nəcəf bəy oğlu Vəzirov — Şamil bəy Nəcəf bəy oğlu 1882-ci ildə Bakı şəhərində anadan olmuşdu. Öncə real məktəbdə, sonra gimnaziyada təhsil almışdı. Berlin Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdu. İnstitutu tamamlayıb vətənə dönmüşdü. Yevlax bölgəsində torpağın mexaniki və aqrotexniki qaydalarla becərilməsinin bazasını yaratmışdı. Azərbaycanda sovetləşmədən sonra Kənd Təsərrüfatı idarəsində çalışırdı. Şamil bəy Vəzirov 1935-ci ildə Ağdam bölgəsində ezamiyyətdə olarkən ürək tutmasından vəfat edib.
  • Sara xanım Nəcəf bəy qızı Vəzirova — Sara xanım Vəzirova 1889-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakıda "Müqəddəs Nina" qızlar məktəbində təhsil almışdır. 1907-ci ildə bu təhsil ocağını bitirib, müəllimlik fəaliyyətinə başlamışdı. Birinci Rus-müsəlman qızlar məktəbində hesab fənnindən dərs demişdi. O, 1910-cu idə açılan rus-tatar qızlar məktəbinə müdir təyin olunmuşdu. Sara xanım Vəzirova 1961-ci ildə vəfat edib. Sara xanım Rəşid bəy Axundovla ailə qurmuşdu. Üç qızı vardı.
  • Sürəyyə Vəzirova — Bakı ikinci rus-türk qız məktəbində müdir, müəllim. Sürəyyə Vəzirova Nəcəf bəy qızı Şuşa şəhərində anadan olmuşdu.

"Ev tərbiyəsinin bir şəkli", "Daldan atılan daş topuğa dəyər", "Sonrakı peşmançılıq fayda verməz", "Adı var, özü yox", "Yağışdan çıxdıq, yağmura düşdük", "Müsibəti-Fəxrəddin", "Pəhləvanani-zəmanə", "Vay şələküm məəlləküm", "Nə əkərsən, onu biçərsən", "Keçmişdə qaçaqlar", "Təzə əsrin ibtidası","Pul düşkünü Hacı Fərəc"[4] pyesləri, "Ağa Kərim xan Ərdəbilli", "Dələduz" iqtibasları, "Ağıçı", "Mənim vaqiəm", "Paho" hekəyələri, "Əkinçi" qəzetindəki məqalələr", "Mənim sevgili, əziz müəllimim Həsən bəy!", "Ölülər" haqqında rəy", "Ölülər", "Teleqram", "Tərcümeyi-halım"

  1. 1 2 3 4 5 6 Везиров Наджаф-бек Фатали-бек оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. "Arxivlənmiş surət". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-24.
  3. """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
  4. Nəcəf bəy, Vəzirov. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb. 2005.
  • Nəcəf bəy Vəzirov Arxivləşdirilib 2007-11-16 at the Wayback Machine
  • Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, II cild. Bakı, 1960.
  • F. Qasımzadə. H. B. Vəzirov. Bakı, 1954.
  • Kamran Məmmədov. XX əsr Azərbaycan gülüşü. Bakı, 1989.
  • Kamran Məmmədov. Nəcəf bəy Vəzirov. (Əsəri çapa hazırlayan: filologiya elmləri namizədi Dilara Məmmədova). Bakı, 1995.
  • H. Əfəndiyev. M. F. Axundov realist-satirik nəsrinin davamçıları. Bakı, 1974.
  • Dilara Məmmədova. Bir balaca boyu var… Bakı, 1995.
  • Əzizə Ələkbərova. "Nəcəf bəy Vəzirov (arxivinin təsviri)" kitab- Bakı 2012
  • Əzizə Ələkbərova . "Nəcəf bəy Vəzirov. Biblioqrafiya" kitab- Bakı 2014
  • Ənvər Çingizoğlu, Şuşa şəhəri: Təbrizli məhəlləsi, Bakı, "Zərdabi LTD", 2012, səh. 322
  • Ənvər Çingizoğlu, Vəzirovlar, Bakı, "Soy" dərgisinin xüsusi buraxılışı, 2008, 88 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]