Pərvin Muradova-Dilbazi

Pərvin Muradova-Dilbazi- ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Texnologiya Universitetinin professoru[1]

Pərvin Muradova-Dilbazi
Ümumi məlumatlar
Doğum yeri Bakı
Vətəndaşlığı ABŞ
Musiqiçi məlumatları
Fəaliyyəti Florida Texnologiya Universitetinin fortepiano üzrə professoru
Musiqi aləti fortepiano

Pərvin Muradova-Dilbazi Bakı şəhərində dünyaya gəlib. O,xalq artisti, milli rəqs ustası, baletmeyster və pedaqoq Əminə Dilbazi ilə Musiqi Akademiyasının rektoru olmuş, professor, əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar Cövdət Hacıyevin qızıdır. Pərvin Muradova-Dilbazi 1972-ci ildə Bülbül adına orta ixtisas məktəbini bitirib. Eyni zamanda Bakı Xoreoqrafiya Məktəbində də təhsil alıb. 1972-1977-ci illərdə indiki Bakı Musiqi Akademiyasında oxuyaraq, professor Rauf Atakişiyevin rəhbərliyi altında fortopiano ifaçısı və müəllimi ixtisasına yiyələnib. Evlidir, 2 övladı var.

1977-1981-ci illərdə indiki Sumqayıt Musiqi Kollecində fortopianodan dərs deyib. 1981-1990-cı illərdə Bakı Musiqi Akademiyasında müəllim işləyib. 1990-cı ildə ailəsi ilə birlikdə Amerikaya köçüblər. Elə o vaxtdan da fərdi musiqi dərsləri keçməyə başlayıb. 1994-1995-ci illərdə Melburndakı icma kolleclərindən birində oxuyaraq ingilis dili biliklərini artırıb. 1995-ci ildə "Muradov Piano Studio" sunu açıb. 1996-1998-ci illərdə orta məktəb şagirdlərinə xarici dil kimi rus dilini tədris edib. Müəllimlərin ali atestasiya müsabiqəsindən yüksək balla keçib. Bu ona ABŞ-nin hər yerində müəllim işləmək hüququ verir. Sonra bir müddət yaratdığı studiyada fərdi piano dərsləri keçib. 2013-cü ildə Florida Texnologiya Universitetinə dəvət olunub və orada fortopiano kafedrasını yaradıb. Hazırda həmin kafedranın professorudur. Bundan başqa o, Floridanın "Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti"nin mədəniyyət işləri üzrə direktorudur.[2]

Xeyriyyəçilik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İndiyədək ABŞ-nin bir sıra ştatlarında, o cümlədən İsveç, İspaniya, Almaniya, İngiltərə, Avstriyada xeyriyyə konsertləri verib. Əldə olunan vəsaiti autizmdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldib. 2017-ci ildən isə "Musiqi, Təhsil və Autizm Fondu"nu yaradıb. Bu fondun xətti ilə bir sıra xeyriyyə işlərinə imza da atıb. 2018-ci ildə Nyu-Yorkda Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət beynəlxalq müsabiqə təşkil edib. Bu tədbirdə sağlamlığı məhdud imkanlı uşaqlar da iştirak ediblər. 2017-ci ildə Londonda atası Cövdət Hacıyevin əsərlərindən ibarət ingilis dilində kitab nəşr etdirib və həmin il orada konsert də verib. Deyir ki, uşaqlarla işləməkdən məmnundur: “Onların uğurları məni çox sevindirir. İstəyirəm ki, tədbirlərimizə Azərbaycanda autizmdən əziyyət çəkən istedadlı uşaqları da cəlb edim. Amma nədənsə hələ buna nail olmamışam"… Xeyriyyə işlərinə görə adı 1999-2000-ci illər üzrə ABŞ-də dərc olunan məşhur "Kim kimdir?" kitabına da salınıb.

  1. "Cövdət Hacıyevin yubiley tədbirlərinə Vyana Konservatoriyası da qoşulub". 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-02.
  2. "Cövdət Hacıyevlə Əminə Dilbazinin ABŞ-də yaşayan canlı əsəri - Pərvin Muradova- Dilbazi". 2019-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-02.