Paleoqrafiya

Paleoqrafiya — qədim yazılı abidələrin müəllifinin müəyyən edilməsini, bu yazılı abidələrin yaranma tarixini və yerini, onun qrafik formalarının inkişaf qanunauyğunluqlarını öyrənən köməkçi tarix elmi.

Paleoqrafiya bir elm kimi XVII əsrdə Avropada sənədlərin həqiqiliyinin və ya saxtakarlığının təyin edilməsi zərurəti ilə bağlı meydana çıxmışdır. Paleoqrafiya yazılma tarixi məlum olan əlyazmaların kağızını, xəttini, hərflərinin növünü, ornamentini, cildini və s. cəhətlərini öyrənərək müqayisə yolu ilə tarixi məlum olmayan əlyazmalar haqqında müəyyən nəticəyə gəlir. Bütün bu tədqiqat prosesində tarix, dilçilik, ədəbiyyat tarixi, mətnşünaslıq və s. elmlərin köməyinə müraciət edilir.

Paleoqrafiya (Yunanca palaiós παλαιός köhnə[1], grapheía γραφεία yazmaq[2]) qədim yazı növlərini öyrənən elmdir.

Tarix boyu istifadə edilmiş olan əlifbaları öyrənərək bu əlifbalar ilə yazılmış olan sənədlərin oxunmasını təmin edir və beləliklə tarixi hadisə və proseslərin öyrənilməsinə yardım edir. Misal olaraq, eramızdan əvvəl 1226-cı Qədim Misir dövləti ilə Qədim Het dövləti arasında baş vermiş müharibədən sonra bağlanmış olan Kadeş müqaviləsinin oxunmasını göstərmək olar.

Bir millətin dilini bilmək, tarixi tədqiqatlar üçün kifayət deyildir. Dil ilə bərabər öyrənilən xalqın istifadə etmiş olduğu yazının da öyrənilməsi lazımdır. Misir tarixini öyrənmək üçün heroqlif yazısını, Mesopotamiya tarixini öyrənmək üçün mixi yazısını, Orta Asiyada yaşamış olan türk tayfalarının tarixini öyrənmək üçün Orxan və Uyğur əlifbaları ilə bərabər Çin əlifbasını, Osmanlı imperiyasının, İranın və Ərəblərin tarixini öyrənmək üçün ərəb əlifbasını, Slavyan xalqlarının tarixini öyrənmək üçün Kiril əlifbasını, Avropa xalqlarının tarixini öyrənmək üçün isə Latın əlifbasını bilmək lazımdır. Ancaq çox vaxt məsələ bununla da bitmir, çünki bu əlifbaların hər birinin özünün də bir sıra növləri vardır. Bu növlərin hər birinin də istifadə edildiyi yerlər bir-birlərindən tamamilə fərqlidir. Məhz bu baxımdan da, tarixi tədqiqatlar zamanı mənbələrdə göstərilən yazıları oxumadan uğurlu bir tarixi tədqiqatdan söhbət belə gedə bilməz.

Paleoqrafiya qədim əlyazmaları öyrənən elmdir və XV əsrdə çap texnikasının yaranmasına qədər bütün tarixi məktəblərdə tədqiqatın əsasını təşkil etmişdir. “Qədim yazı” kimi tərcümə olunan paleoqrafiya Misir və Babilistan, maya, rus və s. əlyazmaların tədqiqi zamanı istifadə olunur. Əslində paleqorafiya qədim yunan və latın əlyazmalarının tədqiqi üçün yaranmışdır. Latın yazısı Qərbi Avropada formal kommunikasiya vasitəsinə çevrildikdən sonra latın yazı formalarının araşdırılması paleqorafiyanın mühüm sahələrindən birinə çevrildi.

Bu gün bizim də istifadə etdiyimiz latın qrafikası əsrlər boyu inkişaf edərək, ciddi dəyişikliklərə məruz qalmışdır. Bununla belə latın qrafikasının inkişafında iki istiqaməti ayırmaq olar: 1) rəsmi kitabların hazırlanması üçün mövcud olan üsul; 2) gündəlik sənədlərin, memorandum və işgüzar hesabatların hazırlanması üçün mövcud olan üsul.

Qədim yazılı kitablar əsasən iri latın hərfləri ilə yazılırdı və ilk dəfə məşhur Roma yazıçıları ( məs., Virgil) tərəfindən istifadə olunmuşdur. Xristian dövrünə aid və iri hərflərin istifadəsi ilə yazılan ilk əsərlər içərisində Bibliyanın mətnini göstərmək olar. Lakin tədricən böyük hərflərin formaları dəyişmiş və əlyazma texnikasının sürətləndirilməsinə uyğunlaşmışdır. Gündəlik ehtiyac və tələbatdan yaranan sənədlərin yazılmasında kiçik hərflər istifadə olunmuş, tədricən onların kursivləri dəyişmişdi.

Yazı qrafikası və texnikasının hərtərəfli öyrənilməsi və təhlili ekspertlərə zaman keçdikcə xalqların əlyazma ənənələrinin dəyişməsi səbəbləri və xüsusiyyətləri haqqında mühakimə yürütmək imkanı verir. Yazı texnikası və tarixinin öyrənilməsi mütəxəssislərə mənbənin əsl və ya surət olmas haqqında məlumat verir. Yazı üsulunun araşdırılması tarixi həqiqiliyi müəyyən edilmiş mənbənin yaranma tarixinin dəqiqləşdirilməsinə kömək edir. Yaranma tarixi göstərilməyən mənbələrin təhlili zamanı ilk addım mənbənin orijinalının təsdiqi, sonra isə rəsmi əlyazmaların yaradılması üçün uzun tarixi dövrün labüd olması faktı əsas götürülməlidir. Müasir dövrdə yüksək ixtisaslı tarixçilərə hətta yazı üsulunun, stilinin və morfoloji variasiyanın təhlili belə mənbənin tarixini müəyyənləşdirmək imkanı verir. Təcrübəli paleqoraflar çox zaman heç bir texniki vasitədən istifadə etmədən mənbələrdə olan saxtalaşdırmanı asanlıqla aşkar edirlər.

Yazılı mənbələri təhlil edərkən tarixçilər çox zaman onun yarandığı idarə, bölmə və strukturun inzibati idarə metodlarının öyrənilməsini vacib hesab edirlər. Əsasən Britaniya tarix məktəbində nəzərə çarpan bu tendensiya sözsüz ki, səbəbsiz deyil. Lakin qeyd etmək lazımdır ki, paleoqrafiya sənədin yalnız məzmununun təhlili ilə məşğul olur. Paleoqrafiyanın çətinliklərindən biri yazılı sənədlərdə olan qısaldılmaların mənasının açıqlanmasıdır. Adətən latın dilli mənbələrdə təsadüf edilən bu qısaldılmalar yazı üçün yerin artırılması məqsədi ilə tətbiq edilmiş və o dövr üçün tam anlaşıqlı olmuşdur. Sözsüz ki, müasirlər üçün aydın olan qısaldılmaların açıqlanması müasir tarixçilərin qarşısında çətin problemlər yaradır.

Latın yazısı üçün sözlərin ilk bir neçə hərfini qeyd etmək vasitəsi ilə əmələ gələn qısaldılmalar xarakterikdir (məs., testimentum-test, noster-nt və s.) Sonralar sözlərin birinci və axırıncı hərflərindən ibarət qısaldılmalardan geniş istifadə olunmağa başlandı (məs., dominus-dns, episcopus-eps və s.) Bu sistem klassik zamanlardan yadigar qalaraq, XVIII əsrdə Qərbi Avropanın bir sıra qabaqcıl ölkələrində, xüsusilə də İngiltərə və İrlandiyada möhkəmlənmişdir.

Qədim əlyazmalarda əks olunmuş yazı texnikası və üsulunun, qısaldılmaların öyrənilməsi qədim və orta əsr mənbələri ilə məşğul olan tarixçilər üçün zəruridir. Müasir dövrdə qədim əlyazmaların, yazılma texnikasının (kağız, qələm və s.) öyrənilməsi üçün bir sıra ciddi vasitələr yaranmışdır. Tintometr eynəyinin köməyi ilə hətta mürəkkəbin rənginin müqayisəsi belə mümkündür. Digər mikroskoplarla mənbədəki işıqdəyməyən, qaranlıq məkanın tədqiqi və kağızın yaşının müəyyənləşdirilməsi mümkündür. İnfra-qırmızı və ultra-çəhrayı şüalar birbaşa və ya fotoşəkil vasitəsilə mənbədə aparılan düzəlişləri müəyyən etmək, zamanın təsiri ilə itmiş və ya silinmiş, oxunulmayan hissələri yenidən bərpa etmək imkanı verir. Məs., 1979-cu ildə paleoqraf C.F.Benton NASA tərəfindən yaradılmış rəqəmləri əks etdirən xüsusi texniki vasitəni istifadə etməklə mənbələrin yaşının müəyyənləşdirilməsinin mümkün olduğunu sübut etmişdir.

Beləliklə, paleoqrafiya əlyazma texnikası, üsulu, stili və xüsusiyyətlərini tədqiq etməklə mənbələrin dəqiq yaranma tarixi, dövrü, yeri haqqında məlumat verir, mənbənin həqiqiliyini, orijinallığını tam dəqiqliyi ilə təsdiq edir. Bu isə mənbənin tədqiqat prosesinə cəlb edilməsi üçün mühüm əhəmiyyət kəsb edən mərhələlərdən biridir.

  • Adilov M. M. Azərbaycan paleoqrafiyası. Bakı: "Elm" nəşriyyatı, 224 s.
  • Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı,1978 ci il.Səhifə 134

http://obastan.com/az/search/?q=Paleoqrafiya