Para — 1991–2016-cı illərdə Parabank adı ilə bank, 2016-cı ildən isə Parabokt adı ilə "bank olmayan kredit təşkilatı" (BOKT) kimi Azərbaycanda fəaliyyət göstərən açıq səhmdar cəmiyyəti (ASC).
Para | |
---|---|
"Para" bank olmayan kredit təşkilatı | |
Ümumi məlumatlar | |
Tipi |
Bank (1991-2016) BOKT (2016-h.h.) |
Təsis tarixi |
1991 (bank kimi) 2016 (BOKT kimi) |
Bağlanma tarixi | 22 iyul 2016 (bank) |
Varis | Parabokt |
Əvvəlki adı | Parabank |
Baş qərargahın yeri | Bakı, Azərbaycan |
İqtisadi göstəriciləri | |
Ümumi kapital | 38,887 milyon manat |
parabank.az |
Parabank 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduğu dövrlərdə yaranan ilk banklardandır.
2016-cı ildə Parabank öz strategiyasını yenidən gözdən keçirmiş və "Bank Olmayan Kredit Təşkilatı" lisenziyası ilə fəaliyyətini bərpa etmişdir. "Para" brendi altında PARABOKT adı ilə yenidən xidmət göstərməyə başlamışdır.[1]
Bununla da, Azərbaycanda ilk dəfə bankın digər kredit təşkilatına – BOKT-a çevrilməsi prosesi həyata keçirilib.[2]
ParaBOKT xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır.
"Para" ASC 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılaraq sonradan banklara satılan "MilliKart" prosessinq mərkəzi MMC-nin təsisçisidir.[3]
Bank 1990-cı illərdə öz şəbəkəsini inkişaf etdirməyə və genişləndirməyə başladı və Kommersiya Bankları Assosiyası ilə İnterbank Valyuta Mübadiləsi təşkilatlarının üzvü seçildi.
2003-cü ildə "PricewaterhouseCoopers" Parabankın illik hesabatını yoxlayaraq onun Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) uyğun olmasını təsdiq etdi. Parabank daha sonra Millikart Prossesinq mərkəzinin yaradıcılarından biri oldu və Visa Beynəlxalq Ödəniş Sistemlərinə üzv seçildi.
ParaBank Western Union pul köçürmə sisteminin Azərbaycanda rəsmi nümayəndəsi seçildi və ölkəmizin 26 bankında o cümlədən Azərpoçt-un 140 məntəqəsində bu pul köçürmə sisteminin yaranmasına nail oldu.
Report İnformasiya Agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2015-ci il oktyabrın 1-nə müştərilərin sayı üzrə renkinqinə əsasən Parabank 105 811 nəfər müştəri ilə 5-ci olub.[4]
"Parabank" ASC-nin lisenziyası Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə ləğv edilib və 22 iyulda məhkəmənin qərarına əsasən banka Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi təyin edilib.
Palata "Parabank" ASC-nin məcburi ləğvi və Əmanətlərin Sığortalanması Fondunun 24 iyul 2016-cı il tarixdən etibarən bankın ləğvedicisi təyin edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə ərizəni təmin edib. Həmin qərardan narazı qalan "Parabank" ASC-nin əmanətçisi-mülkiyyətçisi Həbib-Zadə Vəfa Həbib oğlu apellyasiya şikayəti verib.[5]
Fond 43 milyon manat sığortalanmış əmanətlər üzrə kompensasiya ödəyib.[6]
"Parabank" ASC-nin hüquqi və fiziki şəxslər qarşısında 39 milyon manat məbləğində öhdəliyi icra edilib, qalan digər öhdəlikləri isə kreditorlarla razılaşdırılaraq tənzimlənib.[6]
2016-cı ildə Əmanətlərin Sığortalanması Fondu və "Parabank"ın səhmdarları arasında bankın BOKT-a transformasiyası məsələsi razılaşdırılıb[7] və MBNP-yə müraciət edilib.[8][9][10]
MBNP-nin məsələyə dair ilkin razılığı alındıqdan sonra bankın BOKT-a çevrilməsi ilə bağlı Fond tərəfindən 22 avqust 2016-cı il tarixində məhkəməyə müraciət edilib və məhkəmənin 31 avqust 2016-cı il tarixli qərarı ilə ərizə təmin edilib. "Para" BOKT-un nizamnaməsi 2 dekabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb.[6]
Məhkəmənin 9 fevral 2017-ci il tarixli qərardadı ilə "Parabank"ın məcburi ləğv prosesi dayandırılıb və Fondun ləğvedici kimi fəaliyyətinə xitam verilib.[11] Cəmiyyət BOKT kimi fəaliyyətə başlamaq üçün xüsusi icazə almaq məqsədilə 9 mart 2017-ci il tarixində MBNP-yə müraciət edib.[6]
MBNP Direktorlar Şurasının 30 mart 2017-ci il tarixli qərarına əsasən "Para" Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-yə girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə dair lisenziya verilib.[6]
MBNP "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsini və MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq, "Para" BOKT ASC-yə girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə lisenziya verib. Bununla da, ilk dəfə bankın digər kredit təşkilatına – bank olmayan kredit təşkilatına çevrilməsi prosesi həyata keçirilib. Direktorlar Şurasının iclasında, həmçinin "Para" BOKT ASC-nin xidmət şəbəkəsinin formalaşdırılması məqsədilə 20 filialının açılması müraciətinə baxılıb və müvafiq icazələrin verilməsinə dair müsbət qərar qəbul edilib.[6]
2019-cu ilin sentyabrında "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının pay bölgüsü dəyişib.[12]