Parfümer

Əttarlıq, əttar və ya parfümer (ing. Perfumer) — zərif sənət növlərindən biri. Əttar sözü ərəb kəlməsi olub, çeşidli otlardan, bitkilərdən, ağaclardan, çiçəklərdən istifadə etməklə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan təbii-müalicəvi maddələr, dərman nüsxələri hazırlayan peşəkar insanlara aid edilib. Bu peşənin özü isə min illər boyu əttarlıq sənəti adlandırılıb. Əttarlara müasir anlamda farmakoloq – əczaçı da demək olar. Lakin əttarların gördüyü iş bununla bitməyib. Onlar eyni zamanda incə rayihəli, gözəl ətirli, zərif qoxulu, ətirli maddələr-mayelər, ətriyyatlar, sular, yağlar, məlzəmələr hazırlamışılar. Bu ətriyyatlardan əsasən kosmetik məqsədlə parfümeriya kimi də istifadə olunub. Bu mənada əttarlar həm də mahir kosmetoloqlar olmuşlar.[1][2]

Qədim zamanlarda əttarlar insan orqanizmi üçün dörd ünsürün xüsusilə böyük əhəmiyyət daşıdığını qeyd etmişlər. Bunlardan səfra (öd), bəlğəm (selik), sövda (qara öd) və qandır. Əttarlar insan sağlamlığının, insan səhhətinin, hətta saçların tökülməsini belə bu dörd ünsürün münasibətindən yaranan tarazlığın pozulmasında görmüşlər. Bu mənada əttarlar həm də loğmanlara daha yaxın olmuş, qədim təbabətin sirlərinə bələdlikləri ilə fərqlənmişlər.

Azərbaycanda əttarlıq

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda əttarlıq sənəti lap qədim zamanlardan inkişaf edərək bu günümüzə kimi gəlib çatmışdır. Bir çox tarixi mənbələrdə əttarlıq sənətinin Gəncədə, Şamaxıda, Naxçıvanda, Qarabağda və digər bölgələrdə inkişaf etməsi barədə maraqlı faktlara rast gəlinir. Ərəb tarixçisi Təəbərinin yazdığına görə, hələ IX-X əsrlərdə Azərbaycanda məşhur loğman və həkimlər, o cümlədən öz peşəsinin ustası olan peşəkar əttarlar yetişib. Onların hazırladıqları müxtəlif məcunlar, dərman nüsxələri, məlzəmələr və ətirli maddələr bütün Şərq ölkələrində məşhur olub. İtaliyalı səyyah Cenkinsonun "Səyahətnamə"sində isə milli əttarlarımızın hazırladıqları müxtəlif növ farmakoloji məhsulların, həmçinin ətriyyatların Avropa saraylarında geniş şəkildə işlədildiyi və şəhrət tapdığı bildirilir. Vaxtilə Azərbaycanı qarış-qarış gəzmiş məşhur fransız yazıçısı Aleksandr Dümanın "Qafqaz səyahəti" əsərində də milli əttarlarımızın sənətinə yüksək qiymət verilmiş, bu ölkədə hazırlanan müxtəlif çeşidli məcunların, dərman nüsxələrinin və kosmetik vasitə kimi işlədilən son dərəcə füsunkar ətirli və təkrarsız rayihəyə malik parfümeriya nümunələrinin Qərb bazarlarında geniş şəkildə yayıldığı bildirilir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra əttarlıq sənəti sahəsində müəyyən dirçəliş yaranıb. Hazırda Bakıda xeyli miqdarda "Yaşıl aptek" (əczaxana) fəaliyyət göstərir. Bu əczaxanalarda əsasən təbii bitkilərdən və onların şirəsindən hazırlanan dərman nüsxələri satılır. Ənənəvi Şərq təbabətinə əsaslanan belə əczaxanalar həmçinin qədim əttarlıq sənətinin dirçəlməsində də böyük rol oynaya bilər.

  1. "Əttarlıq - dərdlərə dərman". 2010-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-21.
  2. "Dünyanın ən məşhur ətriyyatçıları". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-20.