Şərqi Avropa düzənliklərinə tam sahib olan ruslarla ilk qarşılaşmaları 915-ci ilə aid edilir. Rus salnaməçilərinin yazdığına görə, «Kiyev knyazı ilə barışıq imzalayan peçeneqlər Dunaya doğru getdilər». Bizans tarixçiləri rusların peçeneqlərsiz heç nəyə qadir olmadıqlarını - nə ticarət etməyi, nə də vuruşa bilmədiklərini yazırıdılar.
944-cü ildə Kiyev knyazı İqor peçeneqlərlə hərbi ittifaq quraraq, Bizans üzərinə birgə yürüş təşkil etdi. Yürüşün qarşısını almaq üçün Bizans imperatoru Roman müttəfiqlərə «qızıl doldurulmuş arabalar vermək məcburiyyətində qaldı».
Peçeneqlər Kiyev knyazı Svyatoslavın 965-ci ildə Xəzər xaqanlığı üzərinə yürüşündə də fəal iştirak etdilər. Svyatoslavın 3 il sonra Xəzər xaqanlığı üzərinə peçeneqlərsiz yürüş təşkil etməsi ona baha başa gəldi. Kiyevi mühasirəyə alan peçeneqlər şəhər əhalisindən xeyli xərac aldılar. 971-ci ildə Svyatoslav yenə peçeneqlərdən xəbərsiz Dunay Bulqarıstanına qarətçi yürüş təşkil etdi. Dikbaş Kiyev knyazının bu hərəkətinin cəzası daha ağır oldu. Çoxlu qənimətlə Dunay Bulqarıstanından qayıdan Svyatoslav Dnepr astanalarında peçeneqlər tərəfindən mühasirəyə alınaraq, drujinası ilə birlikdə məhv edildi. Peçeneq hökmdarı Kür xan Svyatoslavın başından piyalə düzəltdirdi.
Svyatoslavdan sonra Kiyevdə hakimiyyətə gələn oğlu Vladimirin cənub sərhədlərini möhkəmləndirmək üçün gördüyü bütün tədbirlər qəhrəman peçeneqlərin yürüşlərinin qarşısını ala bilmədi. Peçeneqlərdən vassal asılılığını qəbul edən Vladimir öz oğlu Svyatopolku xan sarayına girov olaraq göndərdi. Svyatoslavın ölümündən sonra Kiyev taxtına peçeneqlərin köməyilə, xan sarayında türk tərbiyəsi görmüş Svyatopolk çıxarıldı.
Peçeneqlər Kiyev knyazlarının cənuba doğru yürüşlərinin qarşısını almaqla slavyanların Qara dəniz sahillərini işğal etmələrinə imkan vermədilər.