Pelagi

Pelagi (təq. 354[1][2]təq. 420[1][3], Fələstin) — xristian dinində ilk bidətçi təlimlərindən birinin banisi, V əsrin din xadimi.

Pelagi
lat. Pelagius
Pelagi, XVII əsrin əlyazması
Pelagi, XVII əsrin əlyazması
Doğum tarixi təq. 354[1][2]
Vəfat tarixi təq. 420[1][3]
Vəfat yeri
Fəaliyyəti ilahiyyatçı, filosof, missioner
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xristianlıqda ilk bidətçi təliminin banilərindən sayılan Pelagi təxminən 360-cı ildə Fransanın Bretan bölgəsində, yaxud Britaniyada doğulmuşdur. Milliyyətcə keltdir. Əsl adı Morqan olub, xaç suyuna çəkildikdən sonra Pelagi adlandırılmışdır. V əsrin əvvəllərində İtaliyaya gələrək monastıra daxil olmuşdur. Burada yüksək əxlaqı və nizam-intizamı ilə məşhurlaşmışdır. Romada həm dünyəvilər, həm də din xadimləri arasında yayılmış pozğunluq halları onu dəhşətə gətirmişdir. Pelagi mülahizələri ilə ümumi kilsə doqmalarından kənara çıxmışdır, lakin o, kilsə ilə ziddiyyətə getmək fikrindən uzaq idi. Ardıcılı Selesti bu məsələdə daha qətiyyətli mövqe göstərmişdir. 411-ci ildə onlar birlikdə Şimali Afrikaya, məşhur ilahiyyatçı Avqustinin yanına xeyir-dua almaq üçün yollanmışlar. Pelagi buradan Fələstinə getmiş, Selesti isə Karfagendə qalmışdır. O, öz görüşlərini yayarkən bidətçilikdə ittiham edilmişdir. Avqustin onun görüşlərini rədd edən iki traktat qələmə aldıqdan sonra, Karfagen kilsəsi Selestiyə anafema (kilsədən uzaqlaşdırma) elan etmişdir. O, buradan Efesə gedərək yerli kilsədə nüfuz qazana bilmişdir. Pelaginin isə Fələstində bidətçikliklə ittiham edilməsinə baxmayaraq, yerli kilsə şurası onun haqqında qərar verməyi Roma papasının öhdəsinə buraxmışdır.

Afrikada pelagianlıq təlimi ətrafında mübarizə daha da kəskin hal almışdır. Belə ki, Karfagendə toplaşmış kilsə məclisi onun haqqında anafemanın təsdiqi üçün papa I İnnokentiyə müraciət etmişdir. Onun sələfi Zosima Karfagen kilsəsindən Pelaginin bağışlanmasını istəmişdir. Kilsənin mövqeyinin dəyişmədiyini görən papa havadarlıq niyyətindən əl çəkmişdir.

İmperator Honorinin fərmanı ilə bu təlimin daşıyıcılarına qarşı tədbirlər həyata keçirilmiş, Papa I Bonifasi yeni təlimin açıq bidətçilik olduğunu bildirmişdir. 431-ci ildə Efesdə toplanmış Kilsə Məclisi Pelaginin bidətçi kimi kilsədən uzaqlaşdırılmasına qərar vermişdir.

Pelaginin ölüm tarixi və yeri haqqında dəqiq məlumat olmasa da, bunun 431-ci ildən sonra baş verdiyi güman edilir.

Pelaginin əsas dini araşdırmaları günah və iradə azadlığı mövzusundadır. Belə ki, günah törədənlər günahın gücü qarşısında nəfsin tab gətirə bilmədiyini deyirdilər. Pelagi isə bunun əksinə — qarşısıalınmaz günahın olmadığını bildirmişdir. Onun fikrincə, insan təbiəti etibarilə mərhəmətlidir, iradəsi ilə xeyirdən qaça bilər, bu qaçış son nəticəsində günahkarlıq vərdişə çevrilərək ikinci təbiətə dönsə də, qarşısıalınmayacaq dərəcəyə çatmır, çünki şüurlu varlıq heç zaman iradə azadlığını itirmir. İnsan həmişə günaha qarşı uğurla mübarizə apara bilər, bunun üçün İsa Məsihin nümunəsindən istifadə etmək kifayətdir. Tanrı qeyri-mümkünü tələb etmir, beləliklə də onun göstərişlərinə əməl etmək vacibdir. Pelagi rahib həyatının faydasını inkar etməsə də, onu ikinci plana qoyur. O, xristianlığın ilkin günah təlimini özünəməxsus şəkildə anlamışdır. Pelagiyə görə, insanlar ilkin günahla anadan olmurlar. Rəsmi kilsə belə dünyagörüşündə yanlışlığa yol verir.

  1. 1 2 3 4 Pelagius // Post-Reformation Digital Library (ing.).
  2. 1 2 Pelagius // Encyclopædia Britannica (ing.).
  3. 1 2 The Oxford Dictionary of Phrase and Fable. Oxford University Press, 2016. ISBN 978-0-19-172704-7 doi:10.1093/ACREF/9780198609810.001.0001