Pentti Aalto(fin Pentti Aalto; 22 iyul 1917 - 30 noyabr 1998)—Finlandiya dilçisi.
Pentti Aalto 1917-ci ildə anadan olmuşdur. 1935-ci ildə Helsinki Universitetində klassik ədəbiyyat, sanskrit dili və müqayisəli dilçilik, Altay ədəbiyyatını öyrənmişdir. 1949-cu ildə həmin universitetdə doktorluq işini müdafiə etmişdir. 1949-1958-ci illər arasında müqayisəli dilçilikdən mühazirələr oxumuş və 1958-ci ildə professor adı almışdır. O, tədqiqatları ilə bağlı Monqolustan, Türkmənistan, Hindistan və Koreyada ekspedisiyalarda olmuşdur. Onu daha çox Altay dilləri maraqlandırmışdır. 1951-ci ildə o, Q. Ramstedtin və mühazirələrini, 1952-1966- cı illərdə isə «Einfuhrung in die altaische Sprachwissenschaft» adlı böyük əsərini çap etdirmişdir. Bunlardan başqa Q. Ramstedtin «Additional Korean Etymolögies», «Torgutische Lieder» əsərləri ilə yanaşı həm onun, həm də G. Granönün qədim türk abidələri ilə bağlı əsərlərini də çap etdirmişdir. O, həmin əsərdə özünün topladığı materialları tədqiq etmişdir. «G. J. Ramstedt und die Inschrift von Tonjukuk» adlı məqaləsi və «Two Old-Turkic Monuments of Mongolia» adlı əsərinin qədim türk abidələrinin tədqiqi sahəsində əhəmiyyətli rolu var. «Old Turkic epigraphic materials. Gathered by J. G. Granö», «Uralisch und Altaisch», «Oriental Studies in Finland 1828-1918», «Der Name und das Siegel Cinggis-Khans», «Finnish Expeditions to Central Asia», «İranian Contacts of the Turks in Pre-İslamik Times» və s. əsərləri türkoloji baxımından qiymətli əsərlərdir. Aalto monqol dili ilə də bağlı bir sıra əsərlər çap etdirmişdir. «Finnish olut and humala, once again» adlı məqaləsində türk dili ilə bağlı yeni faktlarını və müşahidələrini qeyd etmişdir. Aaltonun çap etdirdiyi əsərlər «Studia Orientalia»nın 47 və 59-cu cildlərində toplanmışdır.