Daimi mühərrik (lat. Perpetuum Mobile) — Faydalı iş əmsalı 100%-dən artıq olan xəyali qurğu.
Ayrı-ayrı alimlər müxtəlif üsullarla bu mexanizmi yaratmağa cəhd göstərsələr də, bunun mümkün olmadığını dərk etmişlər. Bu istiqamətdəki bütün təcrübələr göstərir ki, əbədi olaraq öz-özünü mütəmadi hərəkət və enerji ilə təmin edən mexanizm yaratmaq qeyri-realdır. İstənilən hərəkət sükuta məhkumdur.
Daimi mühərrik haqqında elmə məlum olan ilk fikirlər XII əsr hind şairi, riyaziyyatçısı və astronomu Bhaskaraya məxsusdur. Həmçinin, bu ideyaya bəzi orta əsr ərəb alimlərinin əlyazmalarında rast gəlinir. Leonardo da Vinçinin işləri arasında da daimi mühərrik çertyoju tapılmışdır.
Daimi mühərrik yaratma sahəsində aparılmış çoxsaylı təcrübələrin nəticəsi olaraq fizikada termodinamikanın 1-ci və 2-ci qanunu formulə edilmişdir. Belə ki, 1-ci qanuna görə termodinamik sistem yalnız öz daxili enerjisi və ya kənardan aldığı enerji hesabına iş görə bilər. 2-ci qanuna görə isə istiliyin daha soyuq cisimlərdən daha isti cisimlərə keçməsi mümkün deyil. Bu fizika qanunları həm onun göstəricisidir ki, elm daimi mühərrikin yaradılması ideyasının qeyri-mümkün olması fikri ilə tam razıdır.
Lakin, hər il müxtəlif ölkələrin patent agentliklərinə daimi mühərriklərin patentləşdirilməsi üçün çoxsaylı müraciətlər daxil olur. Bəzi ölkələrdə bu cür müraciətlərə onların təcrübədə tətbiqinin mümkün olmaması səbəbindən baxılmır.