Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Axundova.
Pikə Axundova (Talıblı; 1984, Bakı) — Bəstəkar-pianoçu, pedaqoq, prezident təqaüdçüsü, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr və "Gənclər Mükafatı" laureatı.
Pikə Mirzəağa qızı Axundova (Talıblı) 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur.
O, ilk musiqi təhsilini 4 yaşında ikən anasından almış, daha sonra fortepiano ixtisası üzrə, 1989-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin hazırlıq, 1990-cı ildə isə 1-ci sinfinə daxil olmuşdur. 2001-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini 3 şöbə üzrə (fortepiano, bəstəkarlıq, nəzəriyyə) əla qiymətlərlə bitirmişdir.
2001-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq və fortepiano şöbələrinə qəbul olmuşdur. Bəstəkarlıq ixtisası üzrə akademik Arif Məlikov, fortepiano ixtisası üzrə isə Dilarə Mirzəquliyevanın sinfində təhsil almışdır.
2005-ci ildə Magistr pilləsinə qəbul olmuş, 2007-ci ildə həm bakalavr, həm də magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. 2007-ci ildə aspiranturaya qəbul olmuş və 2010-cu ildə yenə də fərqlənmə diplomu ilə bitirmişdir. Hal-hazırda Bülbül adına orta ixtisas musiqi məktəbində və G.Şaroyev adına 11 illik musiqi məktəbində bəstəkarlıq və fortepiano ixtisasları üzrə müəllim vəzifəsində çalışır. Bundan başqa Bakı Musiqi Akademiyasının,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi və doktorantıdır.[1]
1998-ci ildə "N.Əliverdibəyov adına 2-ci ümumşəhər müsabiqəsinin diplomantı;
2000-ci ildə Sankt-Peterburqda keçirilən Pianoçu-Bəstəkarların 1-ci beynəlxalq müsabiqəsinin qalibi;
2004-cü ildə Sankt-Peterburqda keçirilən, A.Rubinşteyne həsr olunmuş Gənc Pianoçu-Bəstəkarların 4-cü Beynəlxalq Müsabiqəsində 3-cü yer üzrə laureat; Eyni zamanda A.Rubinşteyn mövzusuna yazılmış ən yaxşı əsərə görə 1-ci dərəcəli xüsusi mükafat;
2004-cü ildə Qırğızıstanda keçirilən "İssık-kul Ulduzları" beynəlxalq festivalının qalibi;
2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İncəsənət Muzeyində solo konsertlə çıxış etmişdir (konsertdə Pikə Axundovanın eləcə də Rus və Avropa bəstəkarlarının fortepiano əsərləri səslənmişdir).
2009-cu ildə İstanbul Dövlət Konservatoriyasının konsert salonunda solo konsertlə çıxış etmiş, İstanbul Dövlət Konservatoriyası, eləcə də Memar Sinan adına Konservatoriyada ustad dərsləri vermişdir.
2010-cu il dekabr ayında Azərbaycan Dövlət İncəsənət Muzeyində özünün və Avropa bəstəkarlarının fortepiano əsərlərindən ibarət solo konsert vermişdir.
2011-ci il mart ayında İstanbul şəhəri Mimar Sinan Güzel Sanatlar Üniversitesi Dövlət Konservatoriyasında, Adıgüzel Güzel Sanatlar Lisəsində, Mimar Sinan Güzel Sanatlar Lisəsində solo konsertlər vermişdir.
Bundan əlavə bir çox konsertlərdə, eləcə də Bəstəkarlar İttifaqının təşkil etdiyi plenumlarda uğurlu çıxışlar etmişdir.
2012-ci il tədris ilindən başlayaraq Büıbül adına orta ixtisas musiqi məktəbində Nəzəriyyə şöbəsinin müdiri vəzifəsində çalışır.
2013-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv olmuşdur.[1]
2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Məhsəti Gəncəvinin 900 illik yubileyi münasibətilə işıq üzü görən disk Pikə Axundovanın şairənin sözlərinə yazılmış mahnılarından ibarət olmuş və Fransanın Reyms və Muluz şəhərlərində keçirilən konsert proqramında bu mahnılar uğurla səslənmişlər.[2]
2017-ci il oktyabrın 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar Pikə Axundovanın əsərlərindən ibarət konsert proqramı təqdim edilib.[3]
Muğam dramaturgiyasında qeyri-xətti inkişafın bəzi prinsiplərinə dair // Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri. XIV Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı, ADMİU-nun mətbəəsi, 2015, s. 154–156
Muğamşünaslıqda bəzi sinergetik anlayışların tədqiqinə dair // ADMİU-nun Elmi əsərləri, Bakı, 2015, № 19, s. 194–198.
"Şərq təfəkkürünün sinergetik aspektləri" I международная научная конференция " Традиционная культура тюркских народов в изменяющемся мире" Казань, "Ак буре" 2017, стр.46–48
К проблеме нелинейной природы восточного мышления// "Фундаментальные и прикладные исследования музыки в XXI веке" международная научно-практическая конференция. Казахстан. 2017
Muğam-qeyri-xətti təfəkkürün təzahürü kimi // Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri. XVI Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı, ADMİU-nun mətbəəsi, 2017, s. 64–66