Playner

Planer

Planer (fr. planeur, lat. planus sözündən yaranıb) — heç bir enerji mənbəyi olmadan uça bilən sabit qanadlı təyyarədir. Bəzi planerlərin motorlu modelləri də vardır.

Pilot kabinəsi tək və ya iki pilotluq ola bilər. Bir təyyarənin yedəkləməsi vasitəsilə hərəkətə gəlirlər. Çəkici ilə müəyyən bir yüksəklikdə ayrılır və atmosferdəki hava cərəyanlarından istifadə edərək uça bilirlər.

Xüsusilə təşkil edilən yarışlarda məqsəd, ən qısa müddətdə, ən uzun yolu qət etməkdir.

Aerodinamikanın ümumi prinsipləri haqqında bəzi fikirlər hələ Qədim Misirdə məlum idi. 1898-ci ildə ağacdan hazırlanmış "Ficus Sicomorus" heykəlcik aşkar edilib.

Emmanuel Svedenborq 1714-cü ildə planerin eskizini çəkib. 1853-cü ildə Corc Keyli[ing.] insanı havaya qaldırmaq üçün ilk müasir planer dizayn etdi. 19–20-ci əsrlərin əvvəllərində planerlərin ən məşhur yaradıcısı Otto Liliental idi. Bir çox modelləri istehsal edib sınaqdan keçirərək, yaxşı uçuş xüsusiyyətlərinə malik balanslaşdırılmış planerin uğurlu dizaynını yaratdıb. O, 1896-cı ildə sınaq uçuşu zamanı baş verən qəzada dünyasını dəyişdi.

Planerlərin çiçəklənmə dövrü 1920–1930-cu illərə təsadüf edir. Bu dövrdə hətta SSRİ-nin əyalətlərində də planer məktəbləri yarandı. İkinci dünya müharibəsinin bir çox pilotları ilk uçuşlarını bu məktəblərdə yeri yetiriblər.

Bu gün istifadə olunan planerlər, karbon və fiberqlas kimi çox yüngül materiallardan hazırlanırlar. Dar gövdəsi, planerin havanı asanlıqla bölməsinə imkan verir, qanadları isə nazik və uzun olması ilə qaldırıcı qüvvədən daha çox istifadə etməyə imkan verir. Planerin mühərriki olmadığından qanad formaları onu havada saxlamağa kömək etməlidir.

Planer yarışları məsafə (ən uzun məsafəyə çatmaq), vaxt (ən qısa müddətdə müəyyən bir məsafəyə getmək), yüksəklik (ən yüksəyə çıxmaq) və aerobatika sahələrində keçirilir.

Beynəlxalq Aviasiya Federasiyasının qaydalarına əsasən planer idman növləri üzrə rekordlar 1 günlük vaxt pəncərəsi ərzində yerinə yetirilməlidir. Planerdə qət edilən maksimal məsafə 3009 km-dir. Almaniyadan olan Klaus Ohlman[ing.] bu uçuşu 21 yanvar 2003-cü ildə həyata keçirib.