Polis Muzeyi (警察博物館, Keysatsu Hakubutsukan?) – Yaponiyanın paytaxtı Tokionun Kyobaşi bölgəsində yerləşən muzey. Muzey Yaponiya polisinin və Tokio Metropolitan Polis Departamentinin tarixinə həsr olunmuşdur.
Polis Muzeyi | |
---|---|
Açılış tarixi | 1994 |
Ölkə | |
Yerləşir | Kyobaşi[d] |
35°40′30″ şm. e. 139°46′10″ ş. u.HGYO | |
keishicho.metro.tokyo.lg.jp/… | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin əsası 1961-ci ildə Polislə İctimai Əlaqələr Mərkəzi kimi qoyulmuşdur. 1987-ci ildə indiki binaya köçürülmüşdür.[1] 1994-cü ildə Tokio Metropolitan Polis Departamentinin 120 illiyi münasibətilə muzey kimi açılmışdır.[2] 2016-cı ildə muzeydə yenidənqurma işləri aparılmış və 2017-ci ilin aprelində yenidən açılmışdır.[1]
Muzey Yaponiya polisinin tarixinə və fəaliyyətinə həsr olunmuşdur. Muzeydə polislərin işi haqqında animasiyalar nümayiş etdirilir, uşaqlar üçün polis simulyasiyası təşkil olunur.[3] Muzeyin kolleksiyasına Tokio Metropolitan Polis Departamenti aid 1000-dən çox sənəd daxildir.[1]
Muzey binası 6 mərtəbədən ibarətdir. Birinci mərtəbədə motosikl, avtomobil kimi polis nəqliyyat vasitələri, Yaponiya polisinin istifadə etdiyi ilk helikopter sərgilənir. İkinci mərtəbə cinayətin qarşısını alma prosesinə həsr olunmuşdur. Üçüncü mərtəbədə polislərin problemlərə yanaşması və problemləri həll etməsi məsələsinə toxunulur. Burada barmaq izi simulyasiyası və polis köşkü yerləşir. Dördüncü mərtəbə Yaponiyanın ümumi təhlükəsizliyinə həsr olunmuşdur. Bu mərtəbədə miniteatr yerləşir. Beşinci mərtəbə Tokio Metropolitan Polis Departamentinin tarixindən bəhs edir. Burada "Yaponiya polisinin atası" hesab olunan, Tokio Metropolitan Polis Departamentinin qurucusu Kavaci Toşiyoşiyə, eləcə də, Yaponiya polisinin tarixində baş verən insidentlərə aid materiallar, polis uniformaları və təchizatları sərgilənir.[3] Bu mərtəbədə 1968-ci ildə Nihon Universitetində tələbə hərəkatı zamanı bir polisin ölümü işıqlandırılmışdır.[2] Altıncı mərtəbədə tədbir zalı yerləşir. Burada polis mövzusunda tədbirlər keçirilir.[3]
Muzeyin talismanı Piipo adlı antropomorfik siçandır. Talisman Tokio Metropolitan Polis Departamenti tərəfindən 1987-ci ildə qəbul olunmuşdur. Onun adı "people" və "police" sözlərinin birləşməsindən yaranıb. Piiponun böyük qulaqları "hər şeyi eşitməyi", böyük gözləri "hər şeyi eşitməyi", başındakı anten isə "cəmiyyətdəki hər hərəkata uyğunlaşmağı" təmsil edir.[2]