Portfel investisiyaları

Portfel investisiyalarıqiymətli kağızlar portfeli şəklində formalaşan qiymətli kağızlara investisiyalar. Portfel investisiyaları şirkətin səhmləri, istiqrazları kimi qiymətli kağızlara passiv sahibliyi ifadə edir və investorun qiymətli kağızları buraxan müəssisənin operativ idarə edilməsində iştirakını təmin etmir.

Səbəbləri və müasir xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yüzilliklər ərzində qiymətli kağızlarla ticarət müstəsna olaraq daxili iqtisadi fenomen hesab edilirdi. Belə ki, qiymətli kağızın emitenti və investoru bir ölkədə yerləşirdi. Hökumətlər, özəl müəssisələr qiymətli kağızları çoxdan buraxmağa başlasalar da onlar xarici investorların diqqətini nisbətən yaxın zamanlarda cəlb ediblər.

1990-cı illərin əvvəllərindən etibarən beynəlxalq portfel investisiyalarının görünməmiş artımı qeydə alınmağa balşanmışdır. Əgər 1990-cı ilin sonuna qiymətli kağızlarla beynəlxalq əməliyyatlar ən inkişaf etmiş ölkələrin ÜDM-nin 10%-nə bərabər idisə 1990-cı illərin ortalarına bu əməliyyatların həcmi artıq qeyd olunan ölkələrin ÜDM-nə nisbətən 100%-lik səviyyəni keçmişdi.[1]

Portfel investisiyaları əsasən özəl sahibkarlığa əsaslanır, lakin dövlətlər də tez-tez xarici qiymətli kağızları əldə edirlər. Portfel investisiyalarının səbəbləri ümumilikdə birbaşa xarici investisiyaları doğuran səbəblərə yaxındır. Lakin burada bir əsas fərqli cəhət xatırladılmalıdır ki, portfel investisiyasının həyata keçirilməsi nəticəsində investor müəssisə üzərində nəzarət hüququnu əldə edə bilmir. Bununla yanaşı, portfel investisiyalarının likvidliyi, yəni qiymətli kağızların daha sürətlə nağd valyutaya çevrilməsi qabiliyyəti birbaşa investisiyalara nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir.[2] Portfel investisiyalarının həyata keçirilməsinin əsas səbəbi kapitalı elə bir ölkədə elə cür qiymətli kağızlara yerləşdirməkdir ki, o yol verilə bilən risq səviyyəsində maksimum gəlir gətirə bilsin. Ümumi mənada portfel investisiyalarına vəsaitlərin inflyasiyadan qorunması və spekulyativ gəlirin əldə edilməsi vasitəsi kimi baxılır. Bu zaman investisiyaların həyata keçirildiyi sahələr və qiymətli kağızlar tipi, əgər onlar arzuolunan gəliri əldə etməyə imkan verirlərsə, elə böyük əhəmiyyət kəsb etmir.

Portfel investisiyalarının üstün cəhətləri ilə yanaşı onun ən əsas mənfi cəhətini də qeyd etmək lazımdır. Bu cür investisiyalar adətən qısamüddətli olduğundan ölkələr arasında sürətlə hərəkət etmək qabiliyyətinə malikdir. Bu isə bir sıra hallarda bəzi ölkələrdə dərin iqtisadi böhranların baş verməsinə gətirib çıxarır. Son illərin ən əsas iqtisadi-maliyyə böhranları kimi 1995-ci ildə Meksikada baş verən böhranı, 1997-1998-ci illərdə Cənub-Şərqi Asiya ölkələrində və Rusiyada baş verən böhranları, 2000-2001-ci illər Argentina və Türkiyə iqtisadi böhranlarını göstərmək olar.

  1. [[s:ru:ЭСБЕ/Портфельные инвестиции|Портфельные инвестиции]] // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  2. [[s:ru:ЭСБЕ/Инвестиции|Инвестиции]] // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  • R-Портфель — свободно распространяемая компьютерная программа для формирования и оптимальной диверсификации инвестиционных портфелей из исторических котировок.