Poti razılaşması — Gürcüstanla Almaniya arasında imzalanmış razılaşma.
1918-ci il mayın 14-də Zaqafqaziya seyminin gürcü fraksiyası seymdəki digər fraksiyaların xəbəri olmadan Almaniyanın regiondakı təmsilçisi Fon Lossov ilə gizli-separat damşıqlara getmək qərarına gəldi. Batum konfransı zamanı Cənubi Qafqaz sülh nümayəndə heyətinin gürcü təmsilçisi konfransda məşvərətçi səs hüququ ilə iştirak edən Fon Lossova bəyanat təqdim etdi. Bəyanatda deyilirdi ki, Gürcü Milli Şurası Gürcüstanın beynəlxalq məsələlərdə hərtərəfli müdafiə olunmasını Almaniyadan xahiş edir. Almaniya ilə damşıqları sürətləndirmək üçün Gürcü Milli Şurasının sədri Noy Jordaniya başda olmaqla nümayəndə heyəti Batuma gəldi. Burada Jordaniya ilə Fon Lossov arasında aparılan danışıqda əldə olunan razılığa əsasən, Gürcüstan tezliklə Zaqafqaziya Federasiyasının tərkibindən çıxaraq, müstəqilliyini elan etməli idi. Almaniya tərəfi isə, Gürcüstanla müqavilə bağlamaqla, onun hökumətini de-fakto tanımağı öhdəsinə götürdü. 1918-ci il mayın 25-də Fon Lossovun rəhbərliyi ilə alman nümayəndə heyəti Batumdan gəmi ilə Potiyə gəldi. Mayın 28-də burada Almaniya ilə Gürcüstan arasında bir sıra məsələləri əhatə edən 5 maddədən (İlkin razılaşma; hər iki tərəfdən olan hərbi əsirlərin tezliklə dəyişdirilməsi haqqında; qarşılıqlı valyuta əlaqələrinin ilkin nizamlanması haqqında; Gürcüstanın tabeliyində olan bütün gəmilərin Almaniyanın sərəncamına verilməsi haqqında; birinci və ikinci razılaşmaya əlavə olaraq, Gürcüstan və Almaniya arasında əlaqələrin öncədən nizamlanması haqqında) ibarət razılaşma imzalandı.[1]
Potidə başlayan alman-gürcü danışıqları Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanmasını sürətləndirdi, eyni zamanda, Osmanlı hökumətini Cənubi və Şimali Qafqazda yaşayan müsəlman-türk xalqlarının müstəqilliyi məsələsinə yeni mövqedən yanaşmağa məcbur etdi. Zaqafqaziya seyminin gürcü fraksiyasının Almaniyaya arxalanması Türkiyə hökumətinin ciddi narahatlığına səbəb oldu. 1918-ci il mayın 14-də Ənvər paşanın Batuma gəlməsinin əsas səbəblərindən biri də bu məsələ idi. O, burada olarkən həmin məsələni Osmanlı sülh nümayəndə heyətinin üzvü Mehmet Vehib paşa ilə ciddi müzakirə edərək, gürcülərin bu hərəkətini səhv addım kimi qiymətləndirdi. Poti razılaşmasından az sonra Zaqafqaziya seymi və komissarlığı süqut etdi. Cənubi Qafqazda üç dövlət, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti yarandı.[1]