Kodeks Prey, Prey Kodeks və ya Macar Dua Əlyazması — XII əsrin sonu XIII əsrin əvvəllərinə aid orta əsr əlyazmalar toplusu. 1813-cü ildə 1770-ci ildə onu aşkar etmiş Dyörd Prainin şərəfinə adlandırılmışdır. Əlyazma macar dilində silsilə nəsr mətninin ilk məlum nümunəsidir. Kodeks Budapeştin Seçeni adına Milli Kitabxanasında saxlanılır.
Kodeksdəki (f. 154a) ən mühüm sənədlərdən biri Cənazə vəzi və duasıdır (mac. Halotti beszéd és könyörgés). Bu, 1192–1195-ci illərə aid macar dilində qədim əlyazma mətnidir. Cənazə vəzinin əhəmiyyəti onunla izah olunur ki, macar və ural dillərində bu günədək gəlib çıxmış ən qədim mətndir.
Kodeksdə həmçinin missal, Pasxa sirr oyunu, musiqi notları ilə mahnılar, Macarıstan kralı Kalmanın dövründə qəbul edilmiş qanunlar və Macar krallarının siyahıya alındığı salnamələr də var.
Kodeksdəki beş illüstrasiyadan biri də İsanın dəfnidir. Bəzən bu illüstrasiyanın Turin kəfəni ilə əhəmiyyətli oxşarlığı olduğu iddia olunur: belə ki, Turin kəfənindəki bədəndə olduğu kimi burada da İsa qolları çanaq qurşağında, tamamilə çılpaq göstərilmişdir; bu şəkildə baş barmaqlar içəriyə doğru çəkilmişdir, hər bir əldə yalnız dörd barmaq görünür, beləliklə də Turin kəfənindəki bütün detallarla uyğunluq təşkil edir; iddia edilən parça cınaqlı naxışlardan ibarətdir, bu da Turin kəfəninin toxunması ilə eyniyyət təşkil edir; və aşağıdakı şəkildə L hərfi kimi görünən dörd kiçik dairə, Turin kəfənində görünən dörd "poker deşiyi"ni mükəmməl bir şəkildə üzə çıxardır və bu da L hərfi kimi görünür.[1] Kodeks Prey illüstrasiyası, Turin kəfəninin 1260–1390-cı illərdən əvvəl mövcudluğuna dair sübut kimi xidmət edə bilər. Qeyd edilən dövrlər isə 1988-ci ildə Turin kəfəninin radiokarbon tarixləşdirmə üsulunun hazırlanma tarixidir.[2] Bu fikri tənqid edənlər bəzən kəfən kimi təsvir olunan elementin digər müqəddəs şəkillərdə göründüyü kimi birbaşa düzbucaqlı məzar daşının olduğunu göstərirlər. Sözügedən deşiklər, misal üçün, mələyin qanadında göründüyü kimi dekorativ elementlər ola bilər. Bundan başqa, Prey kodeksindəki iddia edilən kəfən hər hansı bir şəkili özündə ehtiva etmir.[3]