Proto-Hind-Avropa dili və ya Hind-Avropa ana dili Hind-Avropa dillərinin müştərək əcdadı olduğu iddia edilən hipotetik dil ailəsidir. Proto-Hind-Avropalıların danışdıqları bu dil haqqında yazılı məlumat olmadığından, onun haqqında məlum olanlar tarixi linqvistika və yenidənqurma metodlarından istifadə edərək bu dil ailəsindəki dillərin müqayisəsi nəticəsində aşkar edilən xüsusiyyətlərə əsaslanır. Tarixən Hind-Avropa dilinin təxminən eramızdan əvvəl 3500-cü illərdə danışıldığı güman edilir. Ancaq tarixlə bağlı fikirlər müxtəlifdir. Ehtimal olunur ki, dilin ilkin danışanları Şimali Qara dənizdə, Şərqi Avropanın Xəzər çöllərində yaşamışlar. Proto-Hind-Avropa dilində danışanlar köç yolu ilə bir-birindən ayrıldıqda, bu dil müxtəlif alt qollara bölünmüşdür. Bu gün Hind-Avropa dil ailəsində təxminən 445 yaşayan dil mövcuddur.
Proto-Hind-Avropa dilinin linqvistik və fonetik xüsusiyyətlərinə dair birbaşa konkret sübut yoxdur. Bu hipotetik dil müasir linqvistikanın müqayisəli metodundan istifadə edilməklə hazırlanmışdır. Müqayisəli metod neoqrammatik məktəb tərəfindən əsası qoyulmuş səs qaydalarına əsaslanır. Müqayisəli metod dilləri müqayisə edir və səs qaydalarını tətbiq etməklə ümumi əcdad dili yaradır.
Hind-Avropa dilləri sahəsində ilk tədqiqatların sanskrit, yunan və latın dilləri arasındakı oxşarlıqları ortaya qoyan və bu dillərin müştərək əcdadı olduğu iddiasını irəli sürən Uilyam Cons tərəfindən aparıldığı düşünülür. Lakin məlumdur ki, 1500-cü illərdə avropalı səyahətçilər Hind-İran dilləri ilə Avropa dilləri arasında oxşarlıqlardan xəbərdar idilər.
1653-cü ildə Markus Zuerius van Boxhorn alman, rumın, yunan, baltik, slavyan, kelt və i İran dillərini özündə birləşdirən proto-dil təklif etmişdir. Bundan başqa, 1767-ci ildə Académie des Inscriptions et Belles-Lettresə göndərilmiş xatirə kitabında bütün həyatını Hindistanda keçirmiş fransız yezuit Qaston-Laurent Coeurdoux, Sanskrit dili ilə Avropa dilləri arasında oxşarlıqlar göstərmişdir.
Bir çox cəhətdən William Jonesun bu sahədəki işi sələflərindən daha az dəqiqdir, çünki o, Hind-Avropa dil ailəsinə Misir, Yapon və Çin dili kimi dilləri də daxil etmişdir.
1816-cı ildə Frans Bopp sanskrit, fars, yunan, latın və alman dillərinin müştərək mənşəli olduğunu iddia etdiyi “Sanskritcədə fleksiya sistemi haqqında” adlı əsərini nəşr etdirmişdir. 1833-cü ildə “Sanskrit, zend, yunan, latın, litva, qədim slavyan, qot və alman dillərinin müqayisəli qrammatikası” adlı əsərini nəşr etdirmişdir.
1822-ci ildə Yakob Qrimm özünün “Deutsche Grammatik” əsərində bu gün də Qrim qanunu kimi tanınan qaydanı tərtib etmişdir. Qrimm Alman və Hind-Avropa dil ailələri arasındakı əlaqəni göstərmiş və bu dil ailələri arasında səslərin müntəzəm olaraq dəyişdiyini nümayiş etdirmişdir.
Avqust Şleyxerin “Hind-Avropa, sanskrit, yunan və latın dillərinin müqayisəli qrammatikası məcmusu” (1874-77) adlı əsəri proto-hind-avropa dilinin rekonstruksiyası üçün həyata keçirilmiş olan ilk cəhdlərdən biridir.
1900-cü illərin əvvəllərində bu gün də qəbul edilən Proto-Hind-Avropa dilinin ilk tərifləri meydana çıxmışdır. O vaxtdan bəri ən böyük inkişaf Anadolu və Tohar dillərinin kəşfi olmuşdur. Bundan əlavə, qırtlaq nəzəriyyəsinin inkişafı da əsas mərhələlərdən biri olmuşdur. Bu nəzəriyyə proto-hind-Avropa dilinin fonologiyasının linqvistik rekonstruksiyasında müqayisə üsulundan daha düzgün və dəqiq nəticələr verir.
Julius Pokornynin 1959-cu ildə nəşr etdirdiyi Indogermanisches etymologisches Wörterbuch (Hind-Avropa etimoloji lüğəti) kitabı onun dövrünə qədər olan yığılmış olan informasiyaları ehtiva etməsi və ətraflı morfoloji əsər olması ilə diqqəti çəkir. Kurylowiczin 1956-cı ildə nəşr olunan Apofoniya əsəri Hind-Avropa dillərində səs dəyişikliklərindən bəhs edir. 1960-cı illərdən etibarən Anadolu dilləri haqqında əldə edilmiş olan informasiyalar da, Anadolu dillərinin Hind-Avropa dil ailəsi ilə əlaqəsini sübut etmək üçün kifayət etmişdir.
Proto-Hind Avropa dilində sayların aşağıdakı formada olduğu zənn edilir:
Sihlerin fikiri | |
---|---|
bir | *Hoi-no-/*Hoi-wo-/*Hoi-k(ʷ)o-; *sem- |
iki | *d(u)wo- |
üç | *trei- , *tri- |
dörd | *kʷetwor- (o-grade), *kʷetur- (zero grade)
(bknz: kʷetwóres yasası) |
beş | *penkʷe |
altı | *s(w)eḱs; muhtemelen -> *weḱs |
yeddi | *septm̥ |
səkkiz | *oḱtō, *oḱtou or *h₃eḱtō, *h₃eḱtou |
doqquz | *(h₁)newn̥ |
on | *deḱm̥(t) |