Proto-Hind-Avropalılar və ya birinci Hind-Avropalılar dil rekonstruksiyalarına görə Hind-Avropa dillərinin əcdadı olan proto-Hind-Avropa dilində (İngilis dilində: PIE) danışmış Avrasiyanın ibtidai icma quruluşu dövründəki xalqlarıdırlar.
Bu xalq haqqında məlumatlar əsasən linqvistik rekonstruksiyalardan və arxeoloji və arxeogenetik sübutlardan ibarətdir. Proto-hind-avropalılar çox güman ki, son Neolit dövründə, təxminən eramızdan əvvəl IV minillikdə yaşamışdırlar. Ümumiyyətlə, alimlər bu tayfanın Şərqi Avropanın çöl zonasında (indiki Ukrayna və Rusiya) yaşadığını güman edirlər. Bəzi arxeoloqlar PIE-nin hələ orta neolit (e.ə. 5500-4500) və hətta erkən neolit (e.ə. 7500-5500) dövrlərində yaşadığını dəstəkləyir və onun mənşəyi ilə bağlı alternativ fərziyyələr irəli sürürlər.
Eramızdan əvvəl II minilliyin əvvəllərində proto-hind-avropalıların müxtəlif qolları Anadolu (Hitlər), Egey (Miken yunanlarının əcdadları), Şimali Avropa (İp çaplı keramika mədəniyyəti), Mərkəzi Asiya (Yamnaya mədəniyyəti) və Cənubi Sibirin də (Afanasievo mədəniyyəti) daxil olduğu Avrasiyanın çox uzaq və müxtəlif hissələrinə səpələnmişdirlər.
Linqvistik rekonstruksiyadan istifadə edərək proto-Hind-Avropa dilinin hipotetik xüsusiyyətləri üzə çıxardılmışdır. Bu linqvistik xüsusiyyətlərin proto-hind-avropalıların mədəniyyətini və mühitini əks etdirdiyini fərz etsək, aşağıdakı mədəni və ekoloji xüsusiyyətlərin ümumi olduğu təklif olunur:
Proto-hind-avropalıların əhliləşdirilmiş atları var idi; Proto-Hind-Avropa dilində * eḱwos (Latın dilində: equus) kökünün mövcudluğu bu gün bir çox Hind-Avropa dillərində at üçün oxşar sözlərin istifadəsi ilə sübut edilə bilər. Eynilə, inək (* gwous, ingiliscə: cow) dində və mifologiyada, eləcə də gündəlik həyatda mərkəzi rol oynamışdır. İnsanın var-dövləti heyvanlarının sayı ilə ölçülürdü. Bu sözün * peḱu (İngilis dilində: fee, Latın dilində pecunia) adlandırıldığı güman edilir.
Texnoloji cəhətdən linqvistik rekonstruksiya göstərir ki, erkən Tunc dövrü ilə son Neolit dövrü arasında bu mədəniyyətdə çox güman ki, tərkibində “təbii tunc” (yəni, silisium və ya arsenlə zəngin mis filizi) olan alətlər və silahlar var idi. Gümüş və qızıl bu mədəniyyətə məlum idi, lakin Proto-Hind-Avropa dilində qurğuşun sözünün olmaması və qurğuşunun gümüşün emalı zamanı əlavə məhsul kimi əmələ gəlməsinə görə, proto-hind-avropalıların gümüşü idxal etdikləri güman edilir. Qoyunları yunları üçün yetişdirirdilər və bu yundan toxuculuqda istifadə olunurdu. Kurqan fərziyyəsinə görə, Proto-Hind-Avropalılara məxsus olduğu düşünülən Kurqan mədəniyyətində kameravari qəbirlər və tumulus konstruksiyaları müşahidə edilmişdir. Əhəmiyyətli liderlər əşyaları ilə birlikdə kurqanlarda dəfn edilirdilər.
Hind-Avropa cəmiyyətlərinin əksəriyyətində kahinlər, döyüşçülər və kəndlilərdən ibarət üç səviyyəli sinif sistemi mövcuddur. Buna görə də Georges Dumézil belə bir sinfi bölünmənin Proto-Hind-Avropa cəmiyyətində də mövcud ola biləcəyini iddia etmişdir.
Bu arqument doğrudursa, bir çox Hind-Avropa cəmiyyətlərində görülən Berserkes və canavar adam mifləri kimi inisiasiya izləri bu döyüşçü sinfinin canavarlarla eyniləşdirildiyini göstərir.