Protorenessans (q.yun. πρῶτος — «erkən» и fr. Renaissance — «İntibah») — italyan mədəniyyəti tarixinin erkən Renassans dövrü.
XIII-XIV əsr İtaliya mədəniyyətində güclü Bizans və qotik ənənələr fonunda yeni sənət xüsusiyyətləri təzahür etməyə başladı ki, bu da gələcək İntibahın başlanğıcından xəbər verirdi. Ona görə də bu dövrü, məhz Protorenessans (daha doğrusu, Renessansa giriş kimi də başa düşmək olar, Protorenessans yunanca «ilkin deməkdir») adlandırırlar.
İtaliyada bu dövr yalnız Toskana və Romada mövcud idi. İtaliya mədəniyyətində köhnə və yeni sənət cizgiləri bir-birilə çulğalaşırdı. «Orta əsrlərin son şairi və yeni dövrün ilk şairi» Dante Aliqyeri (1265-1321) İtalyan ədəbi dilini yaratdı. Onun başladığı işin ardıcılları XIV əsrdə görkəmli florensiyalılar F. Petrarka (13041374), C. Bokkaçço (1313-1375), məşhur memar və heykəltaraşlar Nikkolo və C. Pizano, A. Kambio və rəngkar Otto di Bondone idi.
Memarlıqda İtaliya sənəti uzun müddət orta əsr ənənələrinin qanunlarına uyğun mövcud idi ki, bu əsasən qotika motivlərində daha aydıncasına görünürdü. Bununla yanaşı, İtaliya qotikası daha çox sakit, iti formalara, memarlığın horizontal bölgülərinə, divarların geniş səthlərinə daha diqqət yetirirdi. Florensiyanın ən böyük kilsəsi sayılan Santa-Kroçe Arnolfoun Kambio tərəfindən XIII əsrin sonlarında tikilməyə başlamışdı. Tikili özünün geniş aralıqları, vahid işıqlı daxili məkanı, qotik tacları ilə digərlərindən seçilirdi.
1296-cı ildə Florensiyada Santa-Mariya del Fore kilsəsi tikilməyə başlayır. Onun tikintisinin sona yetməsi yalnız erkən İntibah çağlarına qədər davam edir. 1334-cü ildə cottonun layihəsi əsasında zəngli kilsənin tikintisinə başlanır. Buna kampanila da deyirdilər.
Şəhər sarayları içərisində isə Florensiyadakı palatso della Sinyoriya adlı tikili daha məşhur idi. Belə güman edilir ki, onun da müəllifi Arnolfo di Kambiodur. Bu bina Florensiyanın müstəqilliyinin rəmzi kimi özünü tanıtmışdı. protorenaissance-protorenessans
Protorenessansın heykəltaraşlığı, xüsusilə, Pizano məktəbində özünü daha dolğun büruzə verirdi. Onun əsasını heykəltaraş Nikolo Pizano (1220-1278/1284 il) qoymuşdu. Onun yaradıcılığını antik ənənələr təşkil etdiyindən, yetkin Roma və erkən xristianlıq dövrü sarkofaq heykəltaraşlıq tərtibatlarının öyrənilməsinə üstünlük verirdi. Pizadakı altıtəbəqəli mərmər kafedra (1260) İntibah heykəltaraşlığının görkəmli nailiyyəti hesab edilməklə, gələcəkdə ümumiyyətlə İntibahın inkişafına təkan verdi. Ağ, qırmızı, çəyhrayı, tünd yaşıl mərmərdən hazırlanmış kafedra bütöv bir memarlıq tikilisini, ansamblını yaradır. Divarlarda İsa peyğəmbərin həyatına aid relyeflər isə, tikilinin gözəlliyini artıran xüsusiyyətlərdəndir.
Nikolo Pizano məktəbindən Protorenessans dövrünün görkəmli sənətkarları çıxmışdı. Onlardan biri oğlu covanni Pizano və heykəltaraş kimi tanınan Arnolfo di Kambiodur. Ata və oğulun birgə işlədiyi ən gözəl işlərdən biri Perucci meydanındakı fəvvarədir. Çoxsaylı relyef və heykəllərlə bəzədilmiş Fonte Macore fəvvarəsi şəhərin fəxrinə çevrildi. Bu əsərlərdə sənətkarlar insan bədəninin hərəkət zənginliyini əks etdirə bilmişlər.
Rəngkarlıqda isə bu dövrün görkəmli nümayəndəsi cotto di Bondon hesab edilir. Onu çox vaxt protorenessans rəngkarlığının islahatçısı da adlandırırlar. Onun yaradıcılığı əsasında böyük və qəti texnikaya malik olan mozaika öz yerini freska texnikasına verdi ki, bu da İntibah təsviri sənəti üçün çox zəruri idi. Əvvəla bu yeni freska, materialın daha həcmli çatdırılması, həm də çoxfiqurlu kompozisiyaların yardılmasını təmin edirdi.
Cotto ilk dəfə təbiəti rəngkarlıqla təqlid etməyə başlamışdı. O, ilk dəfə canlı insanların naturadan rəsmini yaratmağa başlamışdı ki, bunu nə Bizans, nə də orta əsrlər mədəniyyətlərində etməmişlər. cotto rəngkarlığı, əvvəlki rəssamlara nisbətən daha emosionaldır. O, bir çox bədii obrazlar yartmışdı ki, bunları ifadəliliyinə görə etalon kimi qəbul etmək olar.
Protorenessans dövrünün ədəbiyyatı da bəşəri əhəmiyyət kəsb edərək Dante, Petrarka, Bokkaçço kimi dahilər yetişdirmişdi. Aligyeri Dante (1265-1321) yaradıcılığı «yeni şirin üslub» adlanan məşhur məktəb kimi tanınmağa başladı. Burada qadına münasibət ideallaşdırılaraq ona müdriklik, xeyirxahlıq rəmzi kimi yanaşıldı. Onun ilk şerləri məhəbbət məzmunludur, əsərlərinin başlıca qəhrəmanı Beatriçe adlı qadındır.
Dante dünya mədəniyyəti tarixində Dante «İlahi komediya»nın müəllifi kimi silinməz iz buraxmışdır. Əsərin «komediya» adlandırılması o dövrdə əsərlərin pis başlanğıc və yaxşı sonluqla qurtarması ilə izah olunursa, «İlahi» epitet, bədii əhəmiyyət və poetik kamilliyin vəhdəti kimi başa düşülməlidir. «İlahi komediya» üç əsas hissədən – «cəhənnəm», «Məşhər» və «cənnət» dən ibarətdir. Hər hissə 33 nəğməni əhatə edir. Bu əsərdə insanın ölümündən sonrakı həyatı tərənnüm olunur. Hər hissədə müəllif bədii təhlil verir, dünyanın, təbiət və insanın yaranması mövcudluğunun unikal mənzərəsini yaradır. Dante öz əsərində fərdi təxəyyülündən o dərəcədə yerli-yerində istifadə etmişdir ki, əsəri oxuyan hər bir kəs, doğrudan da axirəti səyahət etmiş olur.