Pyotr Aqarunov

Aqarunov Pyotr Rafail oğlu — Tacikistan Kinematoqrafçıları İttifaqının katibi.

Pyotr Aqarunov
Doğum yeri
Vəfat yeri

Pyotr Aqarunov 1930-cu ildə Quba rayonunda anadan olub. O, Ümumittifaq Dövlət Kinematoqrafiya Məktəbini, həmçinin Teatr İnstitutunu bitirib. 1960-cı ildə isə Dərbənd Xalq Dağ Yəhudiləri Teatrını yaradıb və bu teatrın direktoru olub. Bu teatrda "Pəri xanım", "Aşıq Qərib", "Əsli və Kərəm", "Leyli və Məcnun", "Arşın mal alan" kimi tamaşalar dağ yəhudilərinin dilində oynanılıb. P.Aqarunov həmçinin "Azərbaycanfilm"də çalışıb, daha sonra isə Tacikistanda fəaliyyət göstərib və orada Tacikistan Kinematoqrafçıları İttifaqının katibi seçilib. O, 150-dən çox sənədli, musiqili telefilmin direktoru və redaktoru, dörd tammetrajlı bədii filmin direktor müavini olub. Aqarunov "SSRİ Dövlət Teleradiosunun əla işçisi" nişanı ilə təltif edilib. 1995-ci ilin martında isə İsrailə repatriasiya olunub.

P.Aqarunov son otuz illik fəaliyyəti ərzində dağ yəhudilərinin tanınmış nümayəndələri - alimlər, yazıçılar, dövlət mükafatçıları, istehsal sahələrinin rəhbərləri və digərləri, onların yaradıcı fəaliyyətləri haqqında məlumatlar toplayıb. Bu çətin iş, Aqarunovun belə xeyirxah əməyi onun doğma xalqının imicinin yüksəlməsində mühüm rol oynayıb. Çoxlu alimlər, müxbirlər, dağ yəhudiləri haqqında müxtəlif kitab müəllifləri onun dəyərli məlumat mənbəyindən uğurla yararlanıblar. Aqarunov ömrünün son illərində "Kafkazskaya qazeta" redaksiyasının işinə ən aktiv şəkildə qatılıb. Onun oğlu - babasının adını daşıyan Rafail Aqarunov isə atasının işlərini davam etdirmək və ideyalarını həyata keçirmək əzmindədir.

Aqarunov 2006-cı ilin 16 oktyabrında İsraildə vəfat edib.