Qırməki dərəsi kəsilişi Azərbaycanın əsas neft-qaz yataqlarının yerləşdiyi alt pliosenin məhsuldar qatının stratotipik kəsilişini təşkil edir. Bakı şəhərinin Binəqədi rayonunda (Şimali Abşeron) yerləşən və məhsuldar qatın neftlə doymuş horizontlarının stratotip kəsilişini açan Qırməki dərəsi eyniadlı braxiantiklinalının yuyulmuş tağında özünəməxsus erozion landşaft formalaşdırır. Burada məhsuldar qatın alt şöbəsinin (qırməkialtı, qırməki, qırməkiüstü qumdaşlı və qırməkiüstü gilli lay dəstələri) süxurları və qismən də üst şöbənin (fasilə lay dəstəsi və balaxanı lay dəstəsinin alt hissəsi) çöküntüləri Qırməki dağının yamacında üzə çıxır. Kəsilişin tavanında çoxsaylı qatran və bitum təzahürlərinin iştirak etdiyi qədim xəzər (alt pleystosen) terrasının çöküntüləri yerləşir. Kəsiliş çoxsaylı xarici və öz alimlərimizin tədqiqat obyekti olmuş və bu gün də tədqiqat obyekti olaraq qalmaqdadır və məhsuldar qatın stratiqrafiyasının tədqiqi üçün böyük əhəmiyyət kəsb edir.
Qırməki dərəsi kəsilişi | |
---|---|
Yerləşməsi | |
40°29′49″ şm. e. 49°53′46″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |