Qızıl Komanda (mac. Aranycsapat; Qüdrətli macarlar, Möcüzəli macarlar, Möhtəşəm macarlar və ya Sehrli macarlar) — 1950-ci illərdə Macarıstan milli futbol komandasına verilən ad. Bu ad 1953-cü ildə İngiltərəyə qarşı "Əsrin Oyunu", Braziliyaya qarşı dörddəbir final ("Bern Döyüşü") və 1954 FİFA Dünya Kubokunun yarımfinal (Uruqvaya qarşı) və final oyunları da daxil olmaqla, bir sıra mötəbər oyunlarla əlaqələndirilir. Komanda 1956-cı il Macar inqilabından əvvəl o zamankı futbol dünyasının ən güclüləri olan İngiltərə, Uruqvay və Sovetlər Birliyini böyük məğlubiyyətlərə uğratmışdı.
1950–1956-cı illərdə komanda 42 qələbə, 7 heç-heçəyə imza atmış, sadəcə bir oyunda — 1954-cü il Dünya Kubokunun Qərbi Almaniyaya qarşı finalında məğlubiyyətə uğramışdır. Elo reytinq sisteminə əsasən, onlar milli yığma komandalar arasında ən yüksək reytinqə malik olmuşdular (2230 xal, 30 iyun 1954), ikinci yerdə onları Almaniya izləyirdi (2223 xal, 13 iyul 2014).
2016-cı ildə BBC komandanı dünya futbol tarixində ən yaxşı futbol komandası elan etmişdi.[1]
Komanda, əsasən, sonralar hollandlar tərəfindən 1970-ci illərdə istifadə edilən "total futbol" taktikasının ilkin formasını müvəffəqiyyətlə tətbiq etmişdi. Komanda, həmçinin oyun boyu qəbul edilən yeni məşqçilik və taktiki yenilikləri təqdim etməsilə də tanınır. Komandanın uğurları, 1945-ci ildə ölkəni işğal edən Sovet İttifaqı tərəfindən Macarıstana tətbiq edilən kommunist rejiminin zülmünün hökmranlıq etdiyi ən pis dövrlərdə ən mühüm milli qürur məsələsi və Macarıstanın milli uğurunun simvolu hesab edilirdi. Bu dövrdə istənilən "millətçi" və hətta vətənpərvər təzahürlər belə həm kommunist hökumətinin beynəlxalq idealı, həm də İkinci Dünya müharibəsində məğlub olan Macar xalqının gözlənilən davranışına qarşı olduğundan qəti şəkildə bəyənilmirdi. Belə vəziyyətdə beynəlxalq idman tədbirləri milli qüruru ifadə edən yeganə tolerant sahələr olmuşdur.
Komanda altı əsas oyunçunun əsasında formalaşmışdı: Ferents Puşkaş, Şandor Koçiş, Nandor Hideqkuti, Zoltan Sibor, Yojef Bojik və Dyula Qroşiç.
Komandanın meneceri Budapeştdə və müharibədən əvvəlki Parisdə Renault avtomobil zavodlarında həmkarlar ittifaqı təşkilatçısı olan və məhz buna görə də işlərin aparılması üçün İdman Nazirinin müavini tərəfindən siyasi qüsursuz sağlamlıq kağızının verildiyi Qustav Şebeş idi. Şebeş üç əsas yeniliyi ilə yadda qalmışdı. Əvvəla, o, müntəzəm praktiki sessiyalara təkan vermək üçün beynəlxalq səviyyədəki klublarda olduğu kimi öz oyunçuları üçün fitnes rejimi təşkil etmişdi.
İkincisi, o, mərkəz hücumçularının taktiki konsepsiyasına cavabdeh idi. Bu zaman əsasən WM düzülüşü qəbul edilirdi: burada mərkəz hücumçuları 3 hücumda və 2 cinahda olmaqla bölünürlər. Şebeşin taktikası mərkəz oyunçularının irəliləyişini orta sahəyə geri çəkməklə yanaşı, zəruri hallarda cinahları geri qaytarmaq idi. Bu cür düzülüş hücum və müdafiə arasında tez yerdəyişməyə imkan verən son dərəcə çevik 2-3-3-2 düzülüşünü meydana gətirdi. Taktika, həmçinin, müdafiəçiləri mövqelərindən kənarlaşdırırdı.
Üçüncüsü, Şebeş oyunçuları çoxyönlü olmağa təşviq edirdi — məqsəd istənilən oyunçunun istənilən mövqedə oynaya bilməsi idi. Bu, inqilabi fikir idi — çünki əksər oyunçular bir xüsusi mövqedə oynayırdılar. Bu, total futbolun ilkin forması idi. Ferents Puşkaş qeyd edirdi ki, "Biz hücum edəndə hər kəs hücum edirdi və müdafiədə də eynisi baş verirdi. Biz total fubolun prototipi idik."[2]
Macarlar 1952 Yay Olimpiya Oyunlarına iki il ərzində məğlub edilməyən komanda kimi gəlmişdilər. Heyət 1948-ci il Olimpiya çempionu İsveçlə yarımfinallarda qarşılaşanadək ilk turlarda rəqiblərini asanlıqla məğlub etmişdi. Macarıstan İsveçi 6–0 hesabla darmadağın edərək Yuqoslaviya ilə finala çıxmışdı. Ferents Puşkaş və Zoltan Siborun vurduğu qollar 2–0 hesabı ilə qələbəni və Macarıstan üçün Olimpiya qızılını təmin etmişdi.
1953-cü ildə Macarıstan Mərkəzi Avropa ölkələri və Avropa Çempionatına qoşulmağa çalışan dövlətlər üçün təşkil olunmuş Mərkəzi Avropa Beynəlxalq Kubokunda iştirak etmişdi. Kubok uğrunda Avstriya, Çexoslovakiya, İtaliya və İsveçrə də mübarizə aparırdı. Macarıstan finalda Nandor Hideqkutinin bir, Puşkaşın iki qolu ilə İtaliyanı 3–0 məğlub edərək qələbə qazandı.
İngiltərə ilə yoldaşlıq görüşü 25 noyabr 1953-cü ildə keçirilmişdir. İngiltərə evdə Britaniya adalarından başqa (1949-cu ildə İrlandiya Respublikasına məğlub olmuşdu) heç bir komandaya məğlub olmamışdı və İngiltərə Futbol Assosiasiyası futbolun yaradıcıları kimi olduqca rahat idilər və əmin idilər ki, onların oyunçuları texniki və taktiki cəhətdən digər dövlətlərdən üstündür. Həmin dövrdə İngiltərə dünyanın 3-cü, Macarıstan isə 1-ci ən yaxşı komandası idi. Hər kəs oyunu həvəslə gözləyirdi; Britaniya mətbuatı bunu "Əsrin Oyunu" kimi təqdim etmişdi.[3][4]
Oyun Uembli stadionunda 105,000 tamaşaçının qarşısında keçirilirdi. Mcarıstan asanlıqla İngiltərəni darmadağın elədi; ilk dəqiqədə qol vurdular və 27 dəqiqə sonra hesab 4–1 oldu. Yekun hesab 6–3 idi, Hideqkuti bir xet-trik etmiş, Puşkaş iki, Bojik isə bir qola imza atmışdı. Bu oyun ingilis futboluna şok effekti yaratmış futbolçuluq dərsi idi və nəticədə ingilis klublarının qitə məşqi və taktikasını qəbul etmələrinə səbəb olmuşdu.[3]
İngiltərə Uemblidəki məğlubiyyətdən sonra intiqam almaq üçün narahat idi və 1954-cü il Dünya Kubokunun başlanmasından üç həftə əvvəl 23 may 1954-cü ildə Budapeştdə bir dönüş oyunu təyin edildi. Lakin ümidlər doğrulmadı və Macarıstanın 7–1 hesabı ilə qələbə qazanması ilə İngiltərə ən böyük məğlubiyyətini yaşadı.[3]
Macarıstan İsveçrədə keçirilən 1954-cü il Dünya Kubokuna favoritlərdən biri kimi getmişdi; 1950-ci ildən bəri məğlub olmayan komanda İngiltərə üzərində 6–3 və 7–1-lik qələbə ilə nəyə qadir olduğunu göstərmişdi.
16 finalçı hər qrupda dörd komanda olmaqla dörd qrupa bölünmüşdü. Hər qrupdan iki ən yüksək xal toplayan komanda dörddəbir finala keçməli idi. Macarıstan B qrupunda Türkiyə, Qərbi Almaniya və Cənubi Koreya ilə birgə mübarizə aparırdı.
Macarıstan Cənubi Koreya ilə açılış oyununda 9–0 hesabı ilə qələbə qazandı və Koçiş xet-trikə imza etdi. İkinci oyunda Koçişin daha 4 qol vurması ilə Macarıstan Qərbi Almaniyanı 8–3 hesabı ilə məğlub etdi.
Böyük maraqla gözlənilən dörddəbir finalda Macarıstan Braziliya ilə qarşılaşdı: hər iki komanda açıq və hücuma meylli futbol oynamaqda nüfuz qazanmışdılar. Braziliyalılar 1950 FİFA Dünya Kuboku finalını Uruqvaya uduzmuşdular və təkrar finala çıxmaq üçün narahat idilər.
Təəssüf ki, oyun hər iki komanda tərəfindən də futbol texnikası nümayiş etdirməkdən çox, qayda pozuntuları ilə yadda qaldı. 7 dəqiqə sonra Macarıstan 2–0 irəli keçdi və bundan sonra oyunda çoxsaylı cərimə zərbələri və meydandakı davaya görə üç oyundan kənarlaşdırma halı müşahidə olundu. Oyun Macarıstanın 4–2 hesablı qələbəsi ilə bitdi. Meydandakı mübarizə tuneldə və geyinib-soyunma otağında davam elədi.
Oyunu idarə edən hakim Artur Ellis qeyd edirdi ki: "Mən indiyədək gördüyüm ən böyük oyun olacaq deyə düşünürdüm. Çox sevincliydim. Siyasət və dinin bununla bir əlaqəsi varmı bilmirəm, amma onlar heyvanlar kimi davranırdılar. Bu, rüsvayçılıq idi. Dəhşətli bir oyun idi. Bugünkü gün olsa idi, o qədər çox oyunçu oyundan kənarlaşdırılardı ki, görüşə son qoyulardı. Tək düşüncəm oyunu bitirməyə qərarlı olmağım idi."[5]
Uruqvay Dünya Kubokunda uduzmamışdı və əvvəllər qoşulduğu iki turda da qələbə qazanmışdı.
Macarıstan Puşkaş olmadan meydana çıxmışdı, lakin Zoltan Sibor vasitəsilə liderliyi ələ keçirməyi bacardı. Uruqvay müqavimət göstərsə də, birinci hissədə qol vura bilmədi. İkinci hissənin başlanmasından az keçmiş Nandor Hideqkuti Macarıstanın ikinci qoluna imza atdı. Uruqvayın məğlubedilməz Dünya Kuboku rekordu bitrimiş kimi görünürdü, lakin ikinci hissədə vəziyyəti bərpa etmək olardı.
Çempionlar mübarizəsiz təslim olmurdular və macar müdafiəsini yarıb ard-arda hücum edirdilər. On beş dəqiqə oynayan Huan Hoberq Uruqvayın hesabına bir xal yazdırdı; Hoberq ikinci qolu vurub oyunu əlavə vaxtla uzadanda Macarıstan ümidsizcə 86-cı dəqiqəyədək müdafiə olundu.
Uruqvay 4–2 hesabı ilə uduzdu, bu, onun ilk Dünya Kuboku məğlubiyyəti idi.
Final Qərbi Almaniya ilə Macarıstan arasında keçirildi. Macarıstan ikinci dəfə idi ki, Dünya Kubokunun Finalında iştirak edirdi (1938-ci il komandası Parisdə İtaliyaya 4–2 hesabı ilə uduzmuşdu); bundan əlavə 1949-cu ilin avqust ayından 34 qələbə, 6 heç-heçə və 1 dəfə məğlubiyyəti vardı və son 31 oyunda məğlub olmamışdı. İlk turun oyunlarında Macarıstan Qərbi Almaniyanı 8–3 hesabı ilə məğlub etmişdi. Macarların üzləşdiyi yeganə problem elə həmin oyunda Puşkaşın topuğundan zədələnməsi idi: tam sağalmasa da, lakin Şebeş onun oynamağına qərar vermişdi.
Macarıstan Puşkaşın qolu ilə 6-cı dəqiqədə liderliyi tezliklə ələ aldı. İki dəqiqə sonra Sibor hesabı 2–0 etdi. Lakin Almaniya Maks Morlak ilə hesabı 2–1-ə çatdırdı. 18-ci dəqiqədə almanlar künc zərbəsini yerinə yetirirlər və Helmut Ran qolu hesabına yazdırır.
İkinci hissədə macarlar hesabda irəli keçməyə çalışsalar da, bütün cəhdləri alman müdafiəsi tərəfindən dəf edilir. Qapıçı Toni Turek bir neçə dəfə cərimə zərbələrinin qolla nəticələnməsinin qarşısını alır.
Altı dəqiqə keçsə də, hesab hələ də 2–2 idi. Sonra Helmut Ran Qərbi Almaniyanın üçüncü qolunu atır. Oyunun bitməsinə iki dəqiqə qalmış Puşkaş hesabı bərabərləşdirsə də, oyundan kənar vəziyyət qeydə alındı. Qərbi Almaniya 3–2 hesabı ilə qələbə qazandı.
Finalda üç mübahisəli insident qeydə alınmışdı, hər biri Almaniyanın xeyrinə həll edildi: iddia olunurdu ki, macar qapıçı Qroşiç almanların ikinci qoluna mane olmuşdu; Puşkaş 89-cu dəqiqədə görüntü etibarilə hesabı bərabərləşdirsə də, oyundankənar vəziyyət hesab olundu və oyunun sonuncu dəqiqəsində cərimə meydançasında Koçişə qarşı qayda pozuntusu baş verdiyi iddia olundu.