Qızıl qələmlər — Azərbaycanda ədəbi cəmiyyət (1925-1932).
"Qızıl qələmlər" ədəbi cəmiyyəti 1925-ci ilin dekabr ayında Bakıda yaranmışdır. Gənc yazıçılar “Kommunist” qəzeti ətrafında birləşərək “Gənc qızıl qələmlər cəmiyyəti”ni təşkil edirlər. “Gənc qızıl qələmlər” cəmiyyətinin başlıca vəzifəsi fəhlə və kəndlilərin zövqünə müvafiq ədəbiyyat yaratmaq idi.[1]
30 noyabr 1926-cı ildə “Gənc qızıl qələmlər” təşkilatı “Ədəbiyyat cəmiyyəti”ni sıxışdırdığından və üstün mövqe qazandığından bu iki təşkilatın müştərək iclasında onların birləşdirilməsi qərara alındı. Həmin gündən bu cəmiyyət “Qızıl qələmlər ittifaqı” adını daşıdı. Azərbaycanın bir sıra şəhərlərində - Naxçıvanda, Gəncədə, Şəkidə “Qızıl qələmlər ittifaqı”nın şöbələri açıldı. 1927-ci ildən “Maarif və mədəniyyət” jurnalı “Qızıl qələmlər ittifaqı”nın orqanı oldu.
1927-ci ilin fevral ayındə Azərbaycan KP Mərkəzi Komitəsinin qərarı ilə respublika ədəbiyyat təşkilatları “Qızıl qələmlər” ədəbiyyat cəmiyyətində birləşdirilir. “Qızıl qələmlər” ədəbiyyat cəmiyyəti heyətinə Ruhulla Axundov, Mustafa Quliyev, T. Hüseynov (sədr), Ə. İbrahimov, Hacıbaba Nəzərli, Süleyman Rüstəm (katib) seçilirlər.
1928-ci ilin yanvar ayında Azərbaycan proletar yazıçılarının I qurultayı keçirilir. S. Rüstəm, M. Yurin və T. Hüseynov qurultayda məruzə edirlər. Qurultaydan sonra Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti (APYC) rəsmi fəaliyyətə başlayır. Bəzi nöqsanlarına baxmayaraq, bu cəmiyyət yaşlı və gənc yazarları öz ətrafına toplaya bilir.
20-27 oktyabr 1929-cu ildə Azərbaycan proletar yazıçılarının II qurultayı keçirilir. Qurultay beşillik plan ilə əlaqədar olaraq yazıçıların üzərinə düşən vəzifələri müzakirə edir, ədəbiyyatda əmələ gələn bəzi zərərli təmayüllərlə mübarizə məsələsi də müzakirə hədəfinə çevrilir. Qərbi Avropa yazıçıları: Bella İlleş, İohannes Bexer, Mate Zalka, Lüdviq Renn də qurultayın işində iştirak edirlər.
XX əsrin otuzuncu illərindən başlayaraq SSRİ-nin hər bir respublikasında Proletar Yazıçıları Cəmiyyətinin yenidən qurulması və onu bütünlüklə sosializm ədəbiyyatı relsinə keçirmək üçün mühüm işlər görülür. “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” qərardan (1932) sonra bütün respublikalarda Proletar Yazıçıları Cəmiyyəti ləğv edilir. Buna əsas səbəb kimi Proletar Yazıçıları Cəmiyyətində “Solçu” ünsürlərin güclənməsi, klassiklərdən öyrənmək məsələsinin yanlış qoyulması, gənclərlə işin sağlam əsaslar üzərində aparılmaması, yeni həyatla ayaqlaşa bilməməsi idi. Azərbaycan K(b)P MK Katibliyinin 1932-ci il 5 mart tarixli qərarında göstərilirdi ki: “Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti bəzi ideoloji-siyasi və yaradıcılıq yüksəlişi ilə bir sırada Azərbaycanda sosializm quruluşunun rekonstruksiyası dövrü tempi və vəzifələrindən son dərəcə geri qalır”. APYC katibliyi ləğv edildikdən sonra Azərbaycan Sovet Yazıçıları İttifaqının Təşkilat Komitəsi yaradılır.[2]