Qədim ağa Bədirbəyli

Qədim ağa Bədirbəyli Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və bölgənin tanınmış mülkədarlarından biri.

Qədim ağa Bədirbəyli
Qədim ağa Zeynal ağa oğlu Bədirbəyli
Doğum tarixi
Doğum yeri Şəmkir, Morul qəzası, Rusiya İmperiyası
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri SSRİ
Həyat yoldaşı Güllü xanım
Uşaqları Xəlil ağa Qədimov, Zeynal ağa Qədimov, Hadı Qədimov, Həni Qədimov, İslam Zeynalov, Əsli xanım, Xanım xanım, Yəmən xanım, Səlfinaz xanım, Nisə xanım, Həmayə xanım
Atası Zeynal ağa Bədirbəyli
Milliyyəti Azərbaycanlı
Qədimovlar (Bədirbəylilər)

Qədim ağa 1855-ci ildə Şəmkirin Morul kəndində doğulmuşdur. Qədim ağa ilə Leyla Bədirbəylinin babası Abdı ağa qardaşdırlar.1882-ci ildə ailə qurmuş, beş oğul, 6 qız atası olmuşdur. 80 desyatindən çox torpağı, əkin-biçin yeri, mal-qarası, at ilxısı, qoyun sürüləri var idi.

Bəyliyi təmsil edən Qədim ağa qoçaq, təəssübkeş və vətənpərvər kimi də tanınırdı. O, 1900-cü ildən 1919-cu ilə kimi ətrafına xeyli adam toplayıb dəfələrlə Göyçə mahalına və Qarabağa — yerli əhaliyə hücum edən erməni daşnaklarına qarşı vuruşmağa getmişdi. Çar Rusiyası tərəfindən məqsədli şəkildə Cənubi Qafqazın torpağı münbit, suyu bol, havası təmiz dağlıq və dağətəyi ərazilərinə, o sıradan Qarabağa, Gəncəbasara və Göyçə mahalına köçürülən ermənilər gəldikləri yerləri onların həqiqi sahiblərindən — azərbaycanlılardan "azad" etmək üçün o vaxt etnik təmizləmə aparır və torpaqları qəsb edirdilər. Onlar yerli müsəlman əhalini terrora məruz qoyur, dinc sakinləri evlərindən didərgin salır, Azərbaycan kəndlərinə hücumlar edir, yerli əhalini soyur və kütləvi şəkildə qırırdılar. Qədim ağa bu qırğınların qarşısını almaq üçün nəinki Gəncəyə, Gədəbəyə, hətta Qarabağa və Göyçəyə də tez-tez gedirdi.

Qədim ağa növbəti dəfə Qarabağa gedəndə yaxşı tanıdığı Dostu oğlu Süleyman əl çəkmir ki, "ağa, keçən dəfə də demişdim, məni də özünlə apar, aparmadın, döyüşdən qorxan adam deyiləm…"

Qədim ağa gördü ki, Süleyman inadından dönənə oxşamır, dedi:

— Yaxşı, get, ailəndən icazə al, razı olsalar, ilxıdan bəyəndiyin atı seç, yəhərin-yüyənin yerini də özün bilirsən, hazırlaş.

Dostu oğlu Süleyman ermənilərlə döyüşlərdə o qədər böyük hünər göstərir ki, Qədim ağa sonralar hara getsə, onu özünə mühafizəçi götürür.

Qədim ağa Gəncədə yaradılan "Müdafiə" və "Qeyrət" özünümüdafiə təşkilatlarının, habelə Ələkbər bəy Rəfibəylinin və Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında fəaliyyət göstərən "Difai"nin vuran əli idi. O, Milli hökumətin könüllü özünümüdafiə bölüklərinə xeyli yorğan-döşək, yastıq, ilxısından 10-a yaxın at, iki araba və s. vermişdi. Erməni silahlılarının qətliamından can qurtarıb Şəmkirə pənah gətirən qaçqınlara, kimsəsizlərə və imkansızlara dəfələrlə əl tutmuşdu. Milli hökumətin möhkəmlənməsinə və xalqının azadlığına xidmət etməyi özünə şərəf bilirdi.

1920-ci il aprel ayının əvvəllərində yaxın qohumu Aslan bəy narahatlıq içində Qədim ağanın yanına gəlir:

— Xəbərin var, söz gəzir ki, Şura hökuməti gəlir. Allah axırını xeyir eləsin![1]

Xəlil ağa Qədimov sürgünə göndəriləndən bir ay sonra atası Qədim ağanı həbs edirlər. Onu bu həbsdən yenə dostu — kənd şurası sədrliyindən Şəmkir Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilən Piri oğlu Əli qurtarır. Banditləri, qolçomaqları, yeni quruluşun şübhəli bilinən qatı düşmənlərini yığıb milis idarəsinə gətirəndə Piri oğlu Əli Qədim ağanı onların arasında görür, tez üzünü əsgərlərə tutub onun kolxozçu olduğunu bildirir. Uca səslə: "Bu köpək oğlunu cütlə yer əkməyə göndərmişəm" deyib, üzünü Qədim ağaya tutur: — "A kişi, öküzlər itəcək, dur get işinə!" — deyib, sinəsindən itələyə-itələyə çölə çıxarır.

1928-ci ildə həbs olunan Xəlil ağa 1933-cü ildə azadlığa buraxılır və Sibirdən birbaşa Şəmkirə gəlir. Qürbətin ağır sürgünlük həyatının ağrı-acısı Xəlil ağanı olduğundan yaşlı göstərən saçında-saqqalında özünü büruzə verirdi. Xəlil ağa yanına görüşə gələnlər arasında qardaşı Hadı bəyi görmür. Soruşanda deyirlər ki, qardaşını bu yaxınlarda həbs ediblər, amma bolşeviklərin qorxusundan camaatdan gizlədirlər ki, guya Xəlil ağanın qardaşı Hadı bəyin ailəsi ilə heç bir əlaqəsi, münasibəti yoxdur. Xəlil ağa səhərisi gedir Gəncə türməsində Hadı bəyi görməyə. Burada görüşü təşkil edən NKVD zabitlərindən biri — əslən Şuşadan olan müstəntiq Kərim bəy Kərimbəyov atasının dostunun oğlunu tanıyır. "Ermənilər Şuşaya hücum edəndə, erməni-müsəlman davasında atan dəstəsi ilə Şuşaya köməyə gəlmişdi… Yadımdadır, atan bizə tez-tez qonaq gələrdi. Mən səni o vaxt atanla bir yerdə bizə gələndə görmüşəm, sizi görən kimi tanıdım…"

Beləcə Kərim bəy Kərimbəyovun köməyi ilə qardaşlar görüşür. Müstəntiq Kərim bəy Hadı bəyə kömək edir, onu həbsdən qurtarır. Üstəlik Şəmkirdə banditizmə qarşı mübarizə otryadının rəisi dostu Nəcəfova bir məktub da yazır ki, Hadı bəyə kömək elə.

Nəcəfov dostunun istəyinə tez bir vaxtda əməl edir. Hətta Hadı bəyin familiyasını Bədirbəyli əvəzinə Zeynalov, adını Hadı bəy yox, Hadı, atasının adından da ağa sözünü "götürərək" onu Zeynalov Hadı Qədim oğlu adı ilə işə düzəldir. Özünə də bərk-bərk tapşırır ki, bunu heç kim bilməməlidir.

1937-ci ilin yayında, qanlı-qadalı repressiya günlərinin birində NKVD qaçaq həyatı yaşayan Qədim ağanı yeznəsi Şöhlə oğlu Süleymanla bir yerdə həbs edir. Onların hər ikisi günlərlə ac saxlanılır, möhkəm döyülür və işgəncələrə məruz qalır. Bunu bilən oğlu Hadı bir neçə yaxın ailə üzvü ilə gəlir NKVD binasının yaxınlığına, böyürdə-başda hərlənirlər ki, Qədim ağaya heç olmasa yemək ötürə bilsinlər. Bundan xəbər tutan NKVD rəisi Vasili Yakofidi Qədim ağayla Süleymanı camaatın gözü qarşısında qol-qola bağlatdırır, günortanın istisində başıaçıq, ayaqyalın, ac-susuz, payi-piyada atlı əsgərlərin müşayiəti ilə Şəmkirdən Zəyəmə yola salır. Əsgərlər onsuz da yarımcan olan hər iki dustağı atdöşü edib günün qızmarında dayanmadan Zəyəmə aparır, oradan da geri qaytarırlar. Hüseynbəyli kəndini keçəndə qolları bir-birinə bağlı Qədim ağayla Süleyman üzü üstə yıxılıb pambıq sahəsindən axıb yola dağılan bulanıq sudan içmək istəyəndə əsgərlər atı birbaşa üstlərinə sürür, ata ayaqladırlar, su içməyə qoymurlar. Günortanın istisində ayaqyalın daşlı-çınqıllı yolu gedib-gələn əsirlərin ayaqlarının altı parça-parça olmuşdu, barmaqlarının arasından qan süzülürdü… 82 yaşlı Qədim ağa Şəmkirə çatanda gah yeriyir, gah yıxılırdı, yıxılanda atın üstündəki əsgərin əlindəki qamçı onu çətinliklə də olsa ayağa qalxmağa məcbur edirdi.

Hadı bəy gecə ilə Gəncə həbsxanasında onu ölümdən qurtaran müstəntiq Kərim bəy Kərimbəyovun dostu, banditizmə qarşı otryad rəisi Nəcəfovun üstünə minnətə gedir, məsələni ona danışır. Otryad rəisinin köməyi ilə bir neçə gündən sonra Qədim ağa ilə Şöhlə oğlu Süleymanı Şəmkir NKVD-nin zirzəmisindən gecə ikən buraxırlar.

Həbsdə olduqları günlərdə onları çox döymüşdülər. Odur ki, evə gələndən iki gün sonra 82 yaşlı Qədim ağa dünyasını dəyişir. Süleyman kişi isə qorxusundan Morulda qalmayıb, Çətindərə yaylağına gedir, Qədim ağanın üçü günü o da həyatla vidalaşır.[2]

  1. "Arxivlənmiş surət". www.anl.az. 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  2. "Arxivlənmiş surət". www.anl.az. 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.