Qəmbuh

Qəmbuh tamaşasından görüntü

Qəmbuh - X əsrdə Şərqi Yava krallarının saray əyləncəsi kimi təşəkkül tapmış Bali tamaşalarının qədim formalarından biri.[1]

Qəmbuhun X əsrdə Şərqi Yava krallarının saray əyləncəsi kimi təşəkkül tapdığı söylənilir. Bali kralı Udayananın Kedirili (Şərqi Yavada dövlət) şahzadə xanım Şri Qunapriya Dharmaputra ilə izdivacı Bali ilə Şərqi Yavanın vahid dövlət şəklində birləşməsilə nəticələndi. Bali tarixini əks etdirən lontarlardan (qədimdə Cənubi Asiyanın bir sıra bölgələrində kağızı əvəz edən material; “palma yarpağında yazılmış manuskript” kimi tanınan lontarlar müqəddəs mətnlərin köçürülməsi üçün bu gün də İndoneziya ərazisində istifadə olunmaqdadır) biri “Çandra Senqkala” (1007) kral Udayanın sarayında Qəmbuh tamaşalarının göstərilməsi üçün bale adlanan xüsusi üstüörtülü səhnə quraşdırıldığı barədə məlumat verir. Bu gün Balidə mövcud olan bütün saray komplekslərində bale pa Qəmbuhan adlanan səhnələr möcuddur. Qəmbuh qısa şəkildə başqa iki lontarda da xatırlanır. “Babad Dalem” (1455) lontarında Amad Mohammad haqqında hekayənin tamaşasından danışılır. Bu tamaşa Macapahit imperiyası Balini işğal etdikdən sonra Bali kralı təyin olunan Yava şahzadəsi Şri Dalem Smara Kepakisanın maliyyə dəstəyi ilə hazırlanmışdı. “Panitetalaninq Qəmbuh” (1812) lontarı isə gianyarlı müəllimlər Sabda və Qoya, həmçinin blahbatuhlu Vayan Batubulanın adlarını XIX yüzillikdə “Qəmbuhun qızıl əsri”nin böyük sənətkarları qismində hallandırır. İstənilən halda, Qəmbuhun qədim rəqs-dram olması haqqında yazılı mənbələr danışsa da, bugünkü tamaşaların X əsrdəki tamaşalarla nə dərəcədə eynilik təşkil etməsi məsələsi həllini tapmayıb. Qədim ritual formalarının hələ də qalmasına baxmayaraq, dəyişən siyasi və mədəni mühit fonunda Bali kral ailələrinin estetik zövqünü oxşamaq məqsədi ilə incəsənət yeni formalar təklif etməyə başlayır. Bu yeni yaranan formalardan biri də Qəmbuh (qədim Bali sözü olub, “qarışıq”, “birləşdirmək” kimi tərcümə olunur) adlanan rəqs-dramlar oldu ki, Balidə sonradan yaranacaq bütün tamaşaların əsasını məhz onun təşkil etdiyini demək olar. Balidə Qəmbuh tamaşalarının populyarlaşması Macapahit sülaləsinin zəiflədiyi dövrə təsadüf edir. Bu tamaşalar süqut etməkdə olan dövlətin ənənələrinin qorunmasını hədəfləyirdi. Həmçinin Qəmbuh Bali teatr mədəniyyətinə yeni tamaşa dili gətirdi ki, Topenq maska və Arca opera tamaşalarında onun elementləri görünməkdədir. Bali zadəganlarının himayədarlığı ilə Qəmbuh öz inkişafının ən yüksək səviyyəsinə çatır. Sonrakı dövrlərdə Holland qəsbkarları ilə mübarizə hakim dairələrin bütövlükdə incəsənətə, o cümlədən də, Qəmbuha marağını zəiflədir. Saray tamaşaları kimi meydana gəlmiş bir sıra başqa formaların getdiyi yolu təkrarlayan Qəmbuh da tamamilə yox olmamaq üçün məbədlərdə sığınacaq tapır. Qəmbuh tamaşalarında göstərilən əhvalatlar dörd əsas mənbədən qaynaqlanır:

  • Öz itmiş sevgilisi Çandra Kirananı axtaran Şərqi-Yava şahzadəsi haqqında hekayələri əhatə edən Pənc silsiləsi (Yavada Pənc Vişnunun təzahürlərindən biri sayılır);
  • Pənc silsiləsinin Bali versiyası Malat (burada qəhrəman Bali sahillərində gəmi qəzasına uğradıqdan sonra Bali kralının qızı ilə evlənir);
  • Ranqqa Lave - Lave Ranqqanın Xəyyam Vuruk (1350-1389-cu illərdə Macapahit dövlətinin racasanaqara titullu başçısı) əley-hinə mübarizəsindən bəhs edən tarixi oçerk;
  • Amad Mohammad, artıq islamlaşmış Yavada Məhəmmədin həyatından bəhs edən hekayələr.

Sonuncu adı çəkilən süjetə bu gün çox nadir hallarda müraciət olunur. Bununla belə, bu əhvalatlar Bali teatr sənətində islam təsirinin göstəriciləri kimi çıxış edir. Bu üç tamaşa nümunəsi - Qəmbuh, Vayanq Vonq və Çalonaranq - bir növ, bugünün müasir ənənələrini formalaşdırmaqda olan klassik Bali teatr sənətinin inkişaf mexanizmini sərgiləyir. Qəmbuhu da qəmelanqsız təsəvvür etmək mümkün deyil. Qəmbuh qəmelanq (Bu sözün ən düzgün transkripsiyası rus şairi K.D.Balmontun şeirindədir) tamaşanı müşayiət edən 17 musiqiçidən ibarət olur. Bura digər alətlərlə yanaşı yalnız Qəmbuh tamaşalarında istifadə olunan kenyir, kaqsi və qumanah da daxildir. Bəzi mütəxəssislər bu gün ənənə qoruyucusu kimi çıxış edən Qəmbuhun digər formalardan daha az maraq doğurmasının səbəbi kimi bu tamaşalarda rəqs və musiqinin kifayət qədər mürəkkəb olmasını göstərir. Digər səbəb dialoqların kavi (sanskritcədən tərcümədə “şair” mənasını verir; Yava, Bali və Lombok adalarının ədəbi dili olub, çoxsaylı sanskrit sözləri ilə zənginləşdirilmiş qədim yava dilinin əsasında formalaşıb) dilində aparılmasıdır. Tamaşanın manis (hərfi tərcüməsi: şirin) və keras (hərfi tərcüməsi: kobud) qruplarına ayrılan alicənab personajları kavi dilində danışır və onların dedikləri tamaşaçılar üçün müasir Bali dilinə tərcümə olunur. Həm də Qəmbuhda, Vayanq tipli tamaşalardan fərqli, komik elementlər yoxdur və o, tamaşaçılara münasibətdə daha tələbkardır. Bütün bunlarla birgə Qəmbuh miks tamaşa-rəqsdir. Onu haradasa Kathalali teatrının Bali modifikasiyası kimi də görmək və Qəmbuhu daha bəsit variant saymaq mümkündür. Burada hətta yapon teatr mədəniyyətinin təsirindən də söz salmaq olar. Bütün bunlarla birlikdə Qəmbuh məhz Balinin mədəni mühitinin yüksək cilaya məruz qoyduğu özünəxas ənənəvi teatr formasıdır.[2]   

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Gambuh: A Dance-Drama of the Balinese Courts in Explorations in Southeast Asian Studies: A Journal of the Southeast Asian Studies Student Association, Vol 1, No. 2, Fall 1997"

  1. Oxford Encyclopedia of Theatre and Performance (2003). "Gambuh". Oxford University Press. Retrieved 2011-04-26.
  2. Talıbzadə Aydın. Şərq teatrı tarixi. Bakı: ADMİU, 2016, s. 219-222