Qəndaharın mühasirəsi (1737-1738)

Qəndaharın mühasirəsi- 1737-ci ildə Nadir şah Əfşarın Hotakilərin sonuncu qalası sayılan Qəndaharı ələ keçirmək üçün Əfqanıstanın cənubuna qoşun yeritməsi ilə başlayan hərbi yürüş. Səfər 1737-ci ilin iyul ayında başladı və 1738-ci ilin mart ayının 24-ü sonuncu Hotaki şahı Hüseyn Hotakinin məğlubiyyəti ilə sona çatdı.

Qəndaharın mühasirəsi
Nadir şahın Əfqanıstan səfərləri
Qəndəharın təsviri
Qəndəharın təsviri
Tarix aprel 1737 - 24 mart 1738
Yeri Köhnə Qəndahar, Əfqanıstan
Nəticəsi Əfşarların qələbəsi
Ərazi dəyişikliyi Qəndəhar şəhəri və ətraf əraziləri
Münaqişə tərəfləri

Əfşar imperiyası

Hotaki dövləti

Komandan(lar)

Nadir şah Əfşar

Rzaqulu Əşfar

Hüseyn Hotaki Məhəmməd Seydal xan
Tərəflərin qüvvəsi

200 min

bilinmir

Arxaplan[redaktə | mənbəni redaktə et]

1729-cu ildə Təhmasibqulu xan əfqanları ölkədən qovduqdan sonra 1730-cu ildə hotakilər üzərinə hücum edərək Qəndaharı yenidən ölkə ərazisinə birləşdirməyi planlaşdırmışdı. Lakin baş verən bir sıra hadisələr Nadirin bu planlarını təxirə saldı. Bu zaman sonuncu hotaki şahı Hüseyn Hotaki Qəndaharı əfşar hücumundan qorumaq üçün Herat əbdalilərini Nadir xana qarşı üsyana təhrik etdi. Bu üsyan Nadir xanın Osmanlılara qarşı apardığı kompaniyanı dayandırmasına və əsas diqqəti Heratın yenidən Səfəvi imperiyasına birləşdirməsinə gətirib çıxardı. 1732-ci ilin fevral ayının 27-də Herat şəhəri süqut etdi.[1] [2]

1736-cı ildə Nadir şah özünü şah elan etsə də hələ də keçmiş Səfəvi hüdudlarına tamamilə sahib ola bilməmişdi. Muğan düzündə çox ciddi bir məsələnin həlli ilə məşğul olduğu vaxtda da Nadir Qəndəhara yürüş etmək planını götür-qoy edir, bu yürüşün təfərrüatını sərkərdələri ilə məsləhətləşirdi. Nəhayət, Muğan düzündəki mərasimlər və qonaqlıqlar başa çatandan sonra Nadir Qəzvinə üz tutdu. Arxada qoyduğu təntənəli və dəbdəbəli mərasimlərdən sonra onun diqqət mərkəzində olan başlıca məsələ Qəndəharın ələ keçirilməsi və Hindistana yürüşün hazırlanması idi. Əslində Nadir şah bu yürüşə 1732-ci ildə hazırlaşmışdı. Lakin yürüşün ləngiməsinin bir sıra səbəbləri varidi. Bunlardan birincisi Rusiya ilə Osmanlı dövləti arasında yeni münasibətlərin formalaşması idi. Qeyd etmək lazımdır ki, Nadir şahın Osmanlı dövləti ilə anlaşma imzalaması və onun Osmanlı dövlətinə yaxınlaşmaq meyli Rusiya tərəfindən rəğbətlə qarşılanmırdı. Rusiya Nadir şahı öz müttəfiqi görmək istəyirdi və güman edirdi ki, Osmanlı dövlətinə qarşı müharibə başlansa Nadir şah da Osmanlı dövlətinə qarşı müharibəyə girəcəkdir. Amma Rusiya ümidində olduğu münasibəti Nadir şah tərəfindən görmədi. 1736-cı il mayın 28-də Rusiya Azov ətrafında Türkiyəyə müharibə elan etdi. Belə bir vaxtda Nadir şah Osmanlı dövlətinə qarşı müharibə elan etmədi. Əksinə, ola bilsin ki, bu iki dövlətin müharibəyə girməsi Nadir şahın ölkənin şimal və şimal-qərb sərhədləri ilə bağlı olan nigarançılıqlarını aradan qaldırdı.[3]

Nadir şahın diqqətini cəlb edən və təşvişinə səbəb olan digər məsələ isə Əlimuradın rəhbərliyi altında bəxtiyari tayfasının dövlətə qarşı qiyam qaldırması idi. Nadirin bütün Səfəvi hüdudlarını bərpa etməyə, hətta fatehlik yürüşləri fikrinə düşdüyü bir vaxtda Əlimuradın itaətsizlik etməsi, dövlətə tabeçilikdən çıxması şübhəsiz ki, Nadir şahı razı sala bilməzdi. Tarixdə bu qiyam Bəxtiyari qiyamı adlanır və 1736-cı ildə Əlmuradın məğlub edilib edam olunması ilə nəticələndi. [4]

Son olaraq Nadir şahın, Qəndəhar səfərinin əsas səbəbi Əfqanıstanın qərb bölgələrində yaşayan əfqanların KirmanSistan vilayətlərinə davamlı hücum və qarət etdikdən sonra Hindistana qaçaraq Moğollar tərəfindən himayə olunması idi.

Səfərə hazırlıq[redaktə | mənbəni redaktə et]

Nadir şahın qoşun başçıları və sərkərdələri Qəndəhara yürüş hazırlığını böyük rəğbətlə qarşıladılar və qələbənin əldə edilməsi üçün bacarıqlarını sərf etməyə çalışacaqlarına əmin etdilər. Bu əminlik Nadir şah tərəfindən çağırılan əmirlərin, əyanların, ordu başçılarının, el ağsaqqallarının toplantısında bəyan edildi.Həmin toplantı iştirakçıları göstərdikləri dəstəyə görə Nadir şah tərəfindən bahalı hədiyyələrlə mükafatlandırıldılar. Qoşunların döyüşçülərinə Nadir şahın göstərişinə əsasən 12 tümən məvacib və bir qədər də mükafat, qoşun sərkərdələrinə və minbaşılarına isə 500-1000 tümən arası məvacib və 150 tümən miqdarında isə mükafat verildi. Nadir şah əmr etdi ki, qoşunlar üç illik ehtiyat tədarükünü görsünlər. Qoşunların təchizatının böyük hissəsini öz üzərinə götürən ordubazarın işinin təkmilləşməsi üçün 2000 nəfər vəzifələndirildi ki, onların da hər birinin 1000 tümən maliyyə ehtiyatı var idi. Bu insanlar ordu üçün zəruri olan təchizatı almaqla səfər ərzində döyüşçülərin ehtiyacını ödəməli idilər . Qoşunların gücləndirilməsi üçün Nadir şah çoxlu sayda gürcü və bəxtiyariləri də qoşun dəstələrinə cəlb etdiNadir şah bəxtiyarilrlə döyüşərkən İsfahan hökümdarlarına məktub göndərərək Qəndahar yürüşünə hazırlıq üçün 18 min tümən məbləğ ayrılmasını əmr etmişdi. Bu əsnada Nadir şahın əsgərləri Gəməburunda ordu üçün ərzaq toplamağa başlamışdılar. Nadir şah Bəlucistanda yağmaçılığa başlayan bəluc qəbilələrinə qarşı köhnə herat hakimi Məhəmməd xan və Tiflis hakimi İsəlməş xanı Bəlucistana göndərərək özü 21 noyabr 1736-cə ildə böyük bir qüvvə ilə Əbərqu-Kirman istiqamətində Sistana doğru yola düşür.[4]

Döyüş[redaktə | mənbəni redaktə et]

Həmin ilin dekabr ayının sonlarında Nadir şah qoşunu ilə Kirmana çatdı və bir neçə gün istirahət üçün orada dayandı. Kirmanda olduğu zaman Nadir şah Sistana, Fətəli xan Kəyaninin yanına çaparlar göndərdi və ondan tələb etdi ki, Zabulistanda toplanmış qoşun dəstəsi ilə onun köməyinə gəlsin. Fətəli xan bu qoşun dəstəsi ilə Qəndəhar yaxınlığında Nadir şahın qoşunlarına qatılmalı idi. Nadir şah eyni zamanda Nimruzdan da qoşun dəstəsi çağırdı. Bu qoşun dəstələrinin çağırılmasının Qəndəhardakı əfqan qarnizonuna qarşı nəzərdə tutulduğunu və Nadir şahın Hindistan yürüşünə hazırlıqla bağlı olduğunu söyləmək çətindir. Kermanda bir neçə günlük istirahətdən sonra Nadir şah Bəm yolu ilə Sistana hərəkəti davam etdirdi və Sistan-Qəndəhar sərhədini adlamaqla 1737-ci il fevral ayının ortalarında əfqan qüvvələri tərəfindən qorunan Kermik qalasına yetişdi. Fevralın 18-i Gərəşk hisarına çatdıqda qarnizondakı əfqanlar Nadir şahın ordusuna müqavimət göstərdi. Nəticədə şah toçu qoçbaşıya əmr verdi ki, toplarla hisarın divarlarına atış açsınlar. Nəticədə əhali qorxaraq şəhəri təslim etdi. Daha sonra Nadir şah Babaəli bəy Kösə Əhmədlunun oğlu Kəlbəli xan Avara Hezarcat və Zemindavərə doğru irəliləməyi əmr etdi. Kəlbəli xan bir qrup topçu alayı ilə Bost qalasını ələ keçirmək üçün yola düşdü. Həmin ayın 22-də Nadir şah öz ordusu ilə birlikdə Hilmend gölündən keçərək Qəndəhar şəhərinə yollandı. Nadir şah qüvvələrinin şəhərə yaxınlaşdığını öyrənən Qəndəhar əyalətinin hakimi Hüseyn Xan Hotaki Qəndəhar ətrafındakı kəndlərdən çoxlu miqdarda ərzaq toplayıb əsgərlər üçün qalalara aparmağı, qalan ləvazimatları da düşmən əlinə keçməməsi üçün yandırılmasını əmr etdi. Bndan sonra Nadir şah Kuşeknəhud bölgəsindən Şah Məsud bölgəsinə getdi və ordunun daşıyıcılarını ləvazimat gətirmək üçün Hezarcata göndərdi.[5][6]

Nadir şah Ərqəndab çayı sahilində bir neçə günlük düşərgə saldı. Həmin müddət ərzində qoşunları gilzayi əfqanlarının qəfil hücumlarından qorunmaq üçün qruplaşdırdı. Düşərgənin sağ tərəfində Hacı xan Kürdün sərkərdəliyi altında olan 12 min nəfərlik Çeşmgəzək, Bəğayiri, Gəraylı və Qərayi döyüşçülərindən ibarət dəstə yerləşdirildi. 12 min nəfərik başqa bir dəstə də Xanəli xan Kükəlan, Qasım xan Qacar və Əliqulu bəy Əfşarın rəhbərliyi altında sol tərəfdə yerləşdirildi. Düşərgənin arxa istiqamətində Qəni xan Əfqan və Musa xan Dünbəli tərəfindən rəhbərlik edilən əbdali əfqanları dəstəsi mənzil salmışdı. Düşərgənin mərkəzində isə Nadir şah və qoşunların qalan hissəsi mənzil tutdu. Bu dəstələr mərkəzi dəstədən müəyyən məsafədə yerləşməklə müstəqil şəkildə səngərlənmişdilər.[7]

Çox keçmədən Nadir şahın qoşunu ilə Ərqəndab çayı sahilində düşərgə salması xəbəri Sultan Hüseyn Gilzayiyə çatdırıldı. O, Nadirin düşərgəsinə basqın etmək üçün süvariləri ilə çayı keçdi. Bütün gecəni keşik çəkən Nadir şahın qüvvələri hücuma keçən Hüseyn xan süvariləri ilə toqquşdu və əfqanlar heç bir şey əldə etmədən bir neçə ölü və yaralı ilə şəhərə qayıtdılar. Ertəsi gün Nadir şahın ordusu Qəndəhardan 20 km aralıda yerləşən Ərgəndab çayını keçərək şəhərin şərq divarına çatdı. Nadir şah öncə təcrübəli sərkərdələrindən olan Əmiraslan xanın rəhbərliyi altında 12 min nəfərlik bir avanqard dəstəni Qəndəhara doğru istiqamətləndirdi. Bu dəstə Qəndəhar yaxınlığında Sultan Hüseynin qarovul dəstəsi ilə rastlaşdı. Amma bu qarovul dəstəsi elə də böyük deyildi və ona görə də Əmiraslan xanın bir zərbəsindən pərakəndə hala düşüb geri qaçdı. Sonra isə Əmiraslan xan Nadir şaha məlumat çatdırdı ki, tapşırılmış mövqeləri tutmuşdur və artıq həmin mövqelərin təhlükəsizliyi təmin edildiyi üçün qoşunlar ora gələ bilərlər. Nadir şah da qoşunlarının hissə-hissə həmin mövqelərə doğru irəliləməsinə tapşırıq verdi. Mövcud olan məlumatlara görə, bu mövqe Qəndəharın şərqində yerləşirdi və orada düşərgə salmaq daha münasib bilindi.[8]

Aləm Ara-ye Naderi”də yazılır ki, Nadir şah hərəkət etməzdən əvvəl qoşun sərkərdələri olan Hacı xanın, Əliqulu bəy Əfşarın, Qasım xan Qacarın, Mustafa xan Bidelinin, Luristan valisi Əlimərdan xanın, Lütfəli xanın, Fətəli xanın, Kəlbəli xanın və Babaəli bəyin dəstələri hərəkət edib Qəndəhar ətrafında dayandılar. Nadir şah qoşunlarının Qəndəhar ətrafında cəmləşməsi Hüseyn tərəfindən müşahidə olunurdu. Nadir şah özü isə daha təmtəraqlı şəkildə Qəndəhara doğru hərəkət etdi. Qarşıda 16 min nəfərlik cəzayirçi dəstəsi irəliləyirdi.

Qəndaharın mühasirəsi[redaktə | mənbəni redaktə et]

Qəndahar və ətrafı

1737-ci il martın 21-də Qəndəharı işğal edən Nadir şah ordunun nəqliyyat komandiri Fətəli Xan Əfşarı bir süvari alayı ilə külli miqdarda ərzaq təminatı üçün vilayətin şimalına göndərdi. Qısa müddətdən sonra Fətəli xan topladığı ləvazimatlarla orduya qayıdarkən əfqan kəşfiyyatçıları xəbər tutaraq vəziyyəti öz komandirərinə izah etdilər. Xəbəri eşidən Hüseyn xan Hotakinin zabiti Seydal Əfqani dörd əfqan alayı ilə Fətəli xana pusqu quraraq hücum etdi. Nəticədə onların topladığı bütün ərzaqlar ələ keçirildi. Şəhərdə Rəsul adlı gilzaylardan biri Hüseyn xanın yanından qaçaraq Nadir şahın ordusuna sığındı və şaha Seydal xanın planlarından xəbər verdi. Nadir şah 100 ən yaxşı süvarisini Fətəli xanın köməyinə göndərdi. Bu sipahilər əfqanların arxasınca yola düşərək onların şəhərlə əlaqələrini kəsdilər. Daha sonra Seydal xanın üzrəinə hücuma keçərək onu ağır məğlubiyyətə uğratdılar. Bütün bunlara baxmayaraq Seydal xan qaçaraq öz canını xilas edə bildi və şəhərin şimalındakı dağlarda gizləndi.

Sorhşir bölgəsində düşərgə quran Nadir şah, Hüseyn Hotakinin çoxlu ərzağı ehtiyatı olduğu üçün şəhəri bu qədər tez təslim etməyəcəyini anlayaraq yeni şəhər salınmasını əmr etdi. Bu vaxt Qəndəharın Tohi tayfasının başçısı Əşref Sultan da Hüseyn xandan qaçaraq şahın ordusuna sığınmışdı. Hüseyn xanın nüfuzlu adamlarının şahın ordusuna sığınması Nadir şahın şəhəri ələ keçirməsini daha da asanlaşdırırdı. Nadir şah əfqanları şəhərdən qovmaq və işi burada bitirmək üçün əsgərlərinə şəhəri tərk etməyi əmr etdi. Lakin Nadir şahın ordusunun geri çəkildiyini görən əfqanlar getdikcə cəsarətləndilər və Ərqəndab çayı yaxınlığında qarətçiliyə başladılar.

Bu əsnada Nadir şahın əsgərləri bir neçə dəfə əfqanlara hücum edərək əksəriyyətini öldürüb, həbs etmişdilər. Şəhərin qarnizon komandiri Nadir şahın planını başa düşərək, öz əsgərlərinə çıhırdı qalmağı tapşırdı. Sultan Hüseynin göstərdiyi səylərin bir nəticə vermədiyini görən Nadir şah şəhərin ətrafına çoxlu mühafizə divarları çəkilməsini və hər birinin üzərinə silahlı mühafizəçilərin yerləşdirilməsini əmr etdi. Beləliklə, şəhər dörd tərəfdən Əfşarlı Dövlətinin əsgərlərinin nəzarətinə keçərək mühasirəyə alındı. 1737-ci ilin 3 may tarixində qüvvələrinin Bost qalasına olan hücumunun uğursuzluqla nəticələnməsindən xəbər tutan Nadir şah zabitlərindən birini Bost Hisara göndərdi. Buraya gələn qüvvələr Hüseyn Sultanın ordusu ilə vuruşmağa başladı. Tərəflər arasında gedən sərt müharibə nəticəsində çoxlu əfqan əsir götürülərək Nadir şahın düşərgəsinə gətirildi.

Daha sonra Nadir şahın əmri ilə piyada əsgərlərdən ibarət bir alay topçu birliyi ilə birlikdə Səfa şəhərinə göndərildi. Bu sipahilər bütün gün ərzində şəhəri top atəşina tutaraq Səfa hasarını ələ keçirdilər. Həmin il may ayının sonlarında İmamverdi bəy tərəfindən Əfşarlı şah hərəmi Sistandan Fərəhə gətirildi buradan isə Nadirabada aparıldı. Bu ərəfədə Seydal xanın Məhəmməd Gilzayinin yardımı ilə yenidən əsgər toplaması xəbəri Nadir şaha çatdı. Şah İmamverdi bəy Əfşara əmr etdiki onların üzərinə hücum etsin. İmamverdi bəy sipahiləri ilə birlikdə Seydal xanın sığınacağına hücum etdi. Nəticədə əfqanlar məğlub edildilər və Seydal xanla köməkçisi Məhəmməd xan tutularaq Nadir şahın hüzuruna gətirildi. Nadir şah Məhəmməd xanı və digər əfqanları bağışlasa da Seydal xanın gözlərinin çıxarılmasını əmr etdi.

Köhnə Qəndahar qalasının qalıqları

Seydal xanın ölümü ilə Hüseyn xan Hotaki ən yaxşı köməkçilərindən birini itirmiş oldu.  Əfqan əsgərləri dağılaraq şəhərə qayıtdılar. Lakin onların yetəri qədər ərzaq ehtiyatı yoxidi. Buna baxmayaraq Hüseyn xan əsgərləri yenidən bir araya toplayaraq şəhəri bir neçə ay da müdafiə etməyə müvəffəq ola bildi. Nadir şah isə Qəndahar şəhərini 4 tərəfdən topların köməyi ilə mühasirə etdi. O özü ordunun böyük bir qismi ilə şəhərin mühasirəsini davam etdirsə də , ordunun kiçik bir qismini Bəlucistana- buradaki qarətçilərin üzərinə Pir Məhəmməd xan və İsəlməş xana kömək üçün göndərdi. Kömək dəstələrinin gəldiyini eşidən bəluclar yolda onları pusquya saldılar. Lakin bu qarşıdurmada bəluclar 800-ə yaxın itki verərək geri çəkilməli oldular. Əli bəy isə Şirxan xanı və digər bəluc qəbilələrinin qiyamını yatırmaq üçün Xaki bölgəsinə doğru yola düşdü. Şirxan  xan və köməkçiləri məğlub edilərək öldürüldülər. Bəlucun digər səlahiyyətli şəxsləri, İmtiyaz xan və Əmir Məhəbbət xan Nadir şahın hüzuruna çıxaraq üzr istədilər. Şah onların üzrünü qəbul edərək Əmir Məhəbbət xanı yenidən Bəlucistana hakim təyin etdi. Şurabikin rəhbərliyini isə Mehrab Sultan adlı başqa bir hakimə verdi. Belə olduqda şahın bir başqa şəxsi ondan üstün tutaraq Bəlucistana vali təyin etməsi Pir Məhəmməd xanın acığına gəldi. O bir bəhanə ilə sipahiləri öz ətrafında toplayaraq İsəlməş xanın dəstəsindən ayrıldı. Əsgərlər hara getdiklərini bilmədikləri üçün Bəlucistanın istisində bir çoxu susuzluqdan can verdi. Pir Məhəmməd xan bu üsulla Nadirdən intiqam almağı planlamışdı. Lakin onun bu hərəkəti Əfqanıstanın Qəndahar əyalətində Hotaki Dövlətinin süqutunu sürətləndirdi. Nadir şah Pir Məhəmməd xanın bu hərəkətindən xəbər tutduqda Bəy Kırklunu onun üzərinə göndərdi və nəticədə Pir Məhəmməd xan məğlub edilərək öldürüldü.

Mühasirənin uzanmasının səbəbləri[redaktə | mənbəni redaktə et]

Qəndəharın mühasirəsi isə uzanmaqda davam edirdi. Bu mühasirə 11 ay çəkdi. Mühasirənin uzun sürməsinin bir səbəbi sözsüz ki, Qəndəhar qalasının güclü olması ilə bağlı idi.Müşahidəçilərin fikrincə, Qəndəhar qalasının mühasirəsinin uzun sürməsinin aşağıdakı səbəbləri də var idi:

  • Əvvəla, Nadir şah Qəndəhardan sonra Hindistana yürüş etməyi planlaşdırırdı. Qəndəhar ətrafında uzun müddət dayanmaqla Nadir şah Hindistan, Hindistana aparan yollar və yollar üzərində məskən salmış əhalinin döyüş potensialı və onların əhval-ruhiyyəsi haqqında lazımi kəşfiyyat materialları topladı. Bundan başqa, Nadir şah onun təqibindən qaçan əfqanların Hindistan ərazisinə buraxılmasına yol verməmək xahişi ilə Dehliyə bir neçə nümayəndə heyəti göndərdi. Bu nümayəndə heyətini üzvləri Nadir şahın sözlərini Hindistan padşahı Məhəmməd şahın diqqətinə çatdırmaqla bərabər, Məhəmməd şah sarayındakı ab-hava, dövlət əyanları arasındakı münasibət, hind sərkərdələri haqqında az-çox kəşfiyyat məlumatları toplayıb Nadir şaha çatdırdılar.[9]
  • İkincisi, Nadir şah bilirdi ki, onun Hindistana yürüşü uzun çəkəcəkdir. Bu vaxt ərzində ölkə daxilində nələrin baş verə biləcəyi onun üçün əhəmiyyətsiz deyildi. Paytaxtdan uzaqda, Qəndəhar ətrafında bir il qalmaqla o, ölkə daxilində də nələr baş verdiyini müşahidə etdi. İtaətsizlik göstərənlərin və qiyam iddiasında olanların çoxu öz cəzalarına çatsa da onların hamısı aradan götürülməmişdi. Nadir şah Qəndəhar ətrafında olarkən qaçıb gizlənənlər, fürsət gözləyənlər fəallaşmağa başladılar.Nadir şah da belələrini müəyyənləşdirib cəzalarına çatdırdı.[9]
  • Üçüncüsü, İsfahandan Qəndəhara doğru hərəkətə başlananda BəlucistanMəkranda, habelə Bəlxdə asayiş və qanunçuluq tam bərpa edilməmişdi. Yuxarıda qeyd edildiyi kimi, bu məsələlərin də həll edilməsi üçün həm Bəlucistana, həm də Bəlxə qüvvə göndərildi. Qəndəhar ətrafında dayandığı vaxt Nadir şah həmin istiqamətlərə göndərilmiş qüvvələrin fəaliyyətini izləmək və lazım gələndə öz göstərişlərini vermək imkanı əldə etdi. Doğrudan da, qeyd olunduğu kimi Rzaqulu Mirzənin fəaliyyətinə müdaxilə etmək ehtiyacı yarandı və Nadir şah da bunu etdi. Qəndəharın mühasirəsi başa çatana kimi Bəlucistan və Bəlx məsələləri də həll edildi və Nadir şah bu iki məntəqədən də xatircəm oldu.[10]
  • Dörüncüsü, sayı 100 min nəfərdən çox olan qoşunun Qəndəhardan ağır və mürəkkəb dağ yolları ilə Hindistana göndərilməsi ciddi hazırlıq işlərini tələb edirdi Həm hərəkət marşrutunun kəşfiyyatı və həm də kifayət qədər ərzaq ehtiyatlarının toplanmasına müəyyən vaxt lazım idi.Qəndəhar ətrafında dayandığı vaxt Nadir şah azuqə ehtiyatı ilə bərabər, atların və yük heyvanlarının toplanması ilə də məşğul oldu.
  • Beşincisi, Qəndəharın fəthi üçün vəzifələndirdiyi qoşun dəstələri Nadir şahın seçmə və təcrübəli qoşun dəstələri idi. Hindistan yürüşündə ona belə təcrübəli qoşun dəstələri çox gərəkli idi. Ona görə Nadir şah istəmirdi ki, tez-tələsik Qəndəhar qalası üzərinə hücum etsin, təcrübəli qoşun dəstələri arasında itkilər çoxalsın. O yersiz itkiyə yol vermədən, düşməni əldən salmaqla Qəndəhar qalasını fəth etmək istəyirdi. Bu isə müəyyən vaxt tələb edirdi.[10]
  • Nəhayət, altıncısı, Nadir şah Hindistana doğru hərəkət marşrutunun seçilməsini çox götür-qoy etməli oldu. O, Hindistana aparan bir neçə yolun kəşfiyyatını apardı, təhlükəsizlik və keçid imkanlarını araşdırdı. Onun üçün təklif olunan Qazıxan dərəsindən keçən yol Hindistana ən yaxın yol idi. Lakin bu yolun buraxıcılıq imkanı aşağı idi və çoxsaylı qoşunla oradan keçmək mümkün deyildi. Bundan başqa, həmin marşrut üzərindəki yüksəkliklərdən uçqun təhlükəsi Nadir şahı ehtiyatlı olmağa vadar edirdi. Başqa bir marşrut Sənd çayı üzərindən keçən marşrut idi. Bu çayın eni təklif olunan marşrut üzərində 1500 metrə çatırdı. Bu enliyində olan çayın üzərindən körpü salmaq qeyri-mümkün idi. Digər marşrut isə Qəzni-Kabul yolu idi. Çoxsaylı qoşunları, topları hərəkət etdirmək, yükləri daşımaq üçün Qəzni-Kabul yolu daha münasib yol idi. Uzun araşdırmadan sonra Nadir də məhz bu marşrut üzərində dayandı. Qəzni-Kabul marşrutunun bir əhəmiyyəti də onda idi ki, nəzərdə tutulduğu kimi, Rzaqulu Mirzə öz qoşunu ilə Bəlxdən hərəkət edib Kabulda Nadir şahla birləşə bilərdi.

Mühasirənin sona çatması[redaktə | mənbəni redaktə et]

11 ay çəkən mühasirə şah ordusunu çox yormuşdu. Nadir şah Bəlucistandan Qəndəhara qayıdan Fətəli xan Əfşar və Məhəmməd Əli bəy öndərliyindəki qüvvələrə 10 aprel 1737-ci ildə hücum əmri verdi. Bundan sonra isə süvari və piyadalara da tapşırıq verildi ki, şəhərin çöl divarlarına inşa edilən surlara hücum etsinlər. Bu çətin döyüş nəticəsində şəhərin şimalındakı dağların təpəsində yerləşən Çehelzine qolu və digər 4 sur Nadir şahın əlinə keçdi.[11]   

Burada gözətçilik edən 300 əfqan əsgəri də əsir düşdü. Dağların coğrafi mövqeyi elə idiki, bu ərazilərdən nəinki toplar, insanların belə keçməsi çox çətin iş idi. Buna baxmayaraq Nadir şah ordusu topları ıın yuxarı çıxarmağa müvəffəq oldu və Qəndəharın ən böyük və sağlam divarı sayılan Dehdeh divarı da çox keçmədən dağıdıldı. Əfqan əsgərləri isə çarəsiz qalaraq təslim oldular.

12 aprel 1737-ci ildə Nadir şah ordusunda xidmət göstərən bəxtiyari piyada dəstələri şahın əmri ilə Dehdeh divarına hücum etdilər. Lakin 200 itki versələr də heç bir nəticə əldə edə bilmədilər. Həmin ayın sonunda bəxtiyari dəstələri yenidən şəhərə hücum edərək buranı və Çehaburc divarını da əfqanlardan təmizlədilər. Çətin vəziyyətdə qalan Hüseyn Hotaki bütün qüvvələri ilə 3 dəfə bəxtiyarilər üzərinə hücuma keçsə də  şah ordusu onların bu hücumlarını dəf edə bildi. [12]

Bu hadisələrin xəbərini eşidən Hüseyn Hotaki qadınlar və qohumları ilə birlikdə şəhərdən qaçaraq Keytul hisarına sığındı.Lakin Nadir şahın topları ordaya da şiddətlə atəş açdı.Səhəri gün Hüseyn bacısı Zeynəbi bir qrup əfqanla birlikdə şahın hüzuruna göndərərək,ondan bağışlanmağı xahiş etdi. Nadir şah onun xahişini qəbul etdikdə şəhərin qapları Əfşarlı ordusunun üzünə açıldı. Səhəri gün Hüseyn xan və  Mahmud Əfqanın ailəsi Babavəli qapısının önündə Nadir şahın əlini öpdülər. Şah da Hüseyni və ətrafındakıları öldürmək fikrindən daşındı. Hətta həbsdə olan Zülfüqar xanı da sərbəst buraxdı. Bundan sonra Hüseyn xan, Mahmud və Zülfüqar xan, eləcə də ailələri Mazandarana sürgün edildilər.

Beləliklə 10 ay 5 gün sonra Qəndəhar şəhəri tamamilə şah ordusunun əlinə keçdi. Şəhərin əhalisi Nadirabada köçürüldü və şah köhnə şəhərin tamamilə yerlə yeksan edilməsini əmr etdi. Nadir şaha sığınan Tohi qəbiləsinin başçısı Əşrəf Sultan yenidən qəbilənin başına keçdi və şəhər ətrafı ərazilər bu qəbiləyə verildi. Sonra Nadir şahın əmri ilə Əfqanıstanın cənubunda yerləşən Kelat və Zabil şəhərlərini ələ keçirmək üçün hərəkətə keçən Fəthəli xan oradakı əfqan qvardiya alayı ilə döyüşə getdi və şəhərləri zərərsizləşdirdikdən sonra onları ələ keçirdi. Zabil və Ərqəndab şəhərlərindən 6000 gənc Hindistan səfərində iştirak etmək üçün Nadirin ordusuna çağırıldı. Nadir Səfiyar bəyə məktub verərək Qəndəharın mühasirəsinin başa çatması xəbərini Azərbaycan və Dağıstan hakimi İbrahim xan Zahiruddövləyə  göndərdi.[13]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ateş, Abdurrahman. AVŞARLI NADİR ŞAH VE DÖNEMİNDE OSMANLI-İRAN MÜCADELELERİ. Isparta. 2001.
  • Sadat, Sayad. NADİR ŞAH DÖNEMİNDE AFGANİSTAN. Sakarya. 2017.
  • Azərbaycan Tarixi III cild. Bakı: Elm nəşriyyatı. 2005.
  • Lockhart, L. The fall of the Safavid dynasty and Afkhan occupation Persia. Cambridge. 1958.
  • Mehman Süleymanov. Nadir şah (PDF). Pərvin Darabadi (elmi redaktor). 741.
  • Əliyarlı, Süleyman. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
  • Dadaşova, Rəhimə. Səfəvilərin son dövrü (ingilis dilli tarixşünaslıqda). Bakı: Nurlan nəşriyyat. 2003.
  • Axworthy, Michael. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2006.
  • Tahirzadə, Ədalət. Nadir şah Əfşar. "Çıraq" nəşriyyatı. 2005.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ateş, 2001. səh. 73
  2. Süleymanov, 2010. səh. 310
  3. Süleymanov, 2010. səh. 311
  4. 1 2 Sadat, 2017. səh. 61
  5. Sadat, 2017. səh. 62
  6. Süleymanov, 2010. səh. 314
  7. Süleymanov, 2010. səh. 315
  8. Sadat, 2017. səh. 63
  9. 1 2 Süleymanov, 2010. səh. 322
  10. 1 2 Süleymanov, 2010. səh. 324
  11. Süleymanov, 2010. səh. 326
  12. Sadat, 2017. səh. 65
  13. Sadat, 2017. səh. 67