Qərbi Avropa Birliyi (QAB) (ing. Western European Union, fr. Union de l'Europe occidentale) — 1948-2011-ci illərdə mövcud olmuş müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq təşkilatı.
Qərbi Avropa Birliyi | |
---|---|
Yaranma tarixi | 1954 |
Ləğvolma tarixi | 2011 |
Mərkəzi |
|
weu.int | |
Vikianbarda əlaqəli mediafayllar |
"Soyuq müharibə" siyasətinin yeridilməsi, Marşal planının elan edilməsi və onun həyata keçirilməsi hərbi blokların yaradılmasına təkan verdi. Hərbi blokların yaradılmasına hazırlıq dövründə İngiltərə bu prosesdə aparıcı rol oynamağa cəhd göstərdi. Almaniyanın iştirakı ilə antisovet blokun yaradılması ideyası Çörçillin 1946-cı il Fulton nitqində irəli sürülmüşdü. Çörçill bu blokda rəhbər rolu İngiltərənin rəsmi dairələrinə verirdi. Bu, onun 1946-1948-ci illərdə söylədiyi nitqlərində özünü büruzə verdi. Bu nitqlərdə Çörçill SSRİ və onun təsiri altında olan ölkələrə qarşı "Birləşmiş Avropa"nın yaradılmasına çağırdı.
Hərbi blokun yaradılması yolunda İngiltərə diplomatiyasının ilk addımı 1947-ci il martın 4-də Dünkerkdə İngiltərə və Fransa arasında ittifaq və qarşılıqlı yardım haqqında müqavilənin bağlanması oldu.
Avropa ölkələrinin birləşməsi yolunda növbəti addım 1948-ci il martın 17-də Brüsseldə 50 il müddətinə İngiltərə, Fransa, Belçika, Niderland və Lüksemburq arasında Qərb İttifaqını yaradan müqavilənin imzalanması oldu. Bu müqavilə onun iştirakçılarını hərbi və iqtisadi qarşılıqlı yardım göstərməyi, hər hansı bir təhlükənin yarandığı an hərbi əməliyyatlarda və iqtisadi sabitliyi pozmaq təhlükəsinin qarşısının alınmasında kollektiv iştirak etməyi nəzərdə tuturdu.
Brüssel sazişi Qərb İttifaqının daimi fəaliyyət göstərən orqanlarının - məsləhət şurası, hərbi komitə və hərbi qərargahın yaradılmasını nəzərdə tuturdu. Fransada yerləşdirilmiş hərbi qərargaha ingilis feldmarşalı Montqomeri rəhbərlik edirdi.
Müqavilədə Almaniya tərəfindən təcavüzün təkrarlanmasına qarşı yönəlmiş maddələr var idi. Qərbi Avropa ölkələri bu təhlükəni aradan qaldırmaq üçün Qərbi Almaniyaya iqtisadi yardımlar göstərilməsinə yönəlmiş kursun həyata keçirilməsini irəli sürdülər.