Qəzənfər Şirin oğlu Kazımov (3 mart 1937, Soltanlı, Cəbrayıl rayonu) — ədəbiyyatşünas, dilçi, professor.
Qəzənfər Kazımov | |
---|---|
Kazımov Qəzənfər Şirin oğlu | |
Doğum tarixi | 3 mart 1937 (87 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | alim, dilçi |
Elmi adı |
Qəzənfər Kazımov 3 mart 1937-ci ildə Azərbaycan SSR Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur.[1] Atası Allahverdiyev Şirin Kazım oğlu məktəb direktorluğundan müharibəyə getmiş və 1943-cü ildə cəbhədə həlak olmuşdur. Anası Verdiyeva Xeyrənsə Fərhad qızı uzun müddət (1960-cı ilə qədər) kolxozda işləmişdir; 12 yanvar 2003-cü ildə vəfat etmişdir.
Q. Ş. Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. İki il – 1960–1962-ci illərdə Soltanlı kənd orta məktəbində müəllim işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji Universitetin aspiranturasına daxil olmuşdur. O, 1967-ci ildə "Ə. Haqverdiyevin dramaturgiya dili" adlı namizədlik, 1988-ci ildə "Azərbaycan sovet satirik nəsrinin dili.1920–1940-cı illər" (komizmin dil vasitə və üsulları problemi)adlı doktorluq dissertasiyası müdafiə etmişdir.
Q. Ş. Kazımov Pedaqoji Universitetdə müəllim (1965–1971), dosent (1972–1988), professor (1989–1998) vəzifələrində işləmişdir. 1989–1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı olmuşdur. Bir müddət Pedaqoji Universitetdə müdafiə şurasının sədr müavini (1990–1994), sonralar Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü (1996–1999) olmuşdur. 1979-cu ildən Təhsil Nazirliyi nəzdində filologiya üzrə elmi-metodiki şuranın üzvüdür. 1999-cu ildən Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi işləmişdir; 2001-ci ildən həmin institutun Azərbaycan dialektologiyası şöbəsinin müdiridir.
Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür. Böyük Britaniya, Kembric Bioqrafiya İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə alınmışdır. Ədəbi tənqidlə məşğuldur. Respublika Yazıçıları Birliyinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür. 300-yə qədər elmi və elmi-publisistik məqalənin, ali və orta məktəblər üçün 8 proqram müəllifidir. 40-dan artıq kitabın elmi redaktoru, onlarca elmlər doktoru və namizədə opponentlik etmişdir. 5 nəfər aspirant və dissertantı müdafiə edib, bir neçəsinin işi hazırdır.[2]
Ailəlidir. İki övladı var.
Qəzənfər Kazımovun elmi yaradıclığı çoxşaxəli və zəngindir. O, elmi yaradıcılığa 1967-ci ildə başlamışdır. O dövrdən indiyə qədər qələmi yerə qoymamışdır. Onun mərkəzi mətbuatda 350-dən artıq elmi və elmi-publisistik məqaləsi çap olunmuşdur.
Əsas əsərləri: "Azərbaycan dilindən təcrübi məşğələlər" (1973), "Yazıçı və dil" (1975), "Komik-bədii vasitələr" (1983), "Bədii ədəbiyyatda komizm üsulları" (1987), "Qurbani" (1990), "Qurbani və poetikası", (1996), "Sənət düşüncələri" (1997), "Dilimiz-tariximiz" (1998), "Müasir Azərbaycan dili. Sintaksis" (2000), "Azərbaycan dilinin tarixi (Ən qədim dövrlərdən XIII əsrə qədər)" və s. Ali və orta məktəblərin "Azərbaycan dili" dərsliklərinin ("Azərbaycan dili",7–8-ci siniflər üçün dərslik, 1983=cü ildən; "Azərbaycan dili", rus məktəbinin 2–3-cü sinifləri üçün dərslik, 1977-ci ildən; "Azərbaycan dili" – 8–9-cu siniflər üçün – 2003-cü ildən ; "Müasir Azərbaycan dili. Sintaksis", ali məktəblər üçün dərslik, 2000) müəllifidir. Onun elmi yaradıcılığı ilə bağlı özünün 10 cilddən ibarət olan "Seçilmiş əsərləri"ndə ətraflı tanış olmaq olar. Onun əsas yaradıcılıq istiqamətləri:
-Azərbaycan dili tarixi;
-müasir Azərbaycan dilinin quruluşu;
-bədii əsərlərin dili;
-komizm (satira və yumor) nəzəriyyəsi;
-üslub və üslubiyyat məsələləri;
-ədəbiyyatşünaslıq məsələləri;
-etimologiya;
-metodika. dilin tədrisi