Soltanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Soltanlı kənd inzibati ərazi dairəsində kənd.[1] Araz düzündə, Cəbrayıl şəhərindən 14 km cənubda yerləşir.[2][3]
Soltanlı | |
---|---|
39°15′41″ şm. e. 47°02′55″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 240 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin adı şahsevənlarin soltanlı tirəsinin adı ila əlaqədardır. Xalq arasında bəzən kənd Böyük Soltanlı da adlanır.[4] Həmçinin kənd Cəbrayılın ikinci ən böyük kəndidir.[3]
Rusiya İmperiyası dövründə Soltanlı kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi.[5]
Sovet dövründə kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun eyniadlı kənd sovetliyinə daxil idi.[1]
Birinci Qarabağ müharibəsində kənd Ermənistan qüvvələri tərəfindən işğal olunmuş[6] və məhv edilmişdir.[7]
19 oktyabr 2020-ci il tarixində, İkinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Ordusu Soltanlı kəndi üzərində nəzarəti bərpa edərək kəndi azad etmişdir.[8][9][10] Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, kəndin ərazisində güclü istehkamların mövcudluğu səbəbindən Soltanlı uğrunda şiddətli döyüşlər bir neçə gün davam etmişdir.[11]
30 oktyabr 2020-ci ildə "Soltanlı" sərhəd-keçid məntəqəsi üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd-keçid məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb.[12][13]
2022-ci ilin may ayında kənddə dəmir yolu stansiyasının inşasına başlanılmışdır.[14][6]
İşğal dövründə kənd tamamilə dağıdıldığı üçün 24 noyabr 2023-cü ildə burada yeni kəndin təməli qoyulmuşdur.[15][16] Təməlqoyma mərasimində Macarıstanın Xarici İşlər və Ticarət Naziri Péter Szijjártó, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycanın Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev iştirak etmişdir.[17][18]
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Soltanlı kənd dairəsinin Soltanlı kəndində 75 ev var idi və burada 416 azərbaycanlı yaşayırdı, bunlar dini baxımdan şiə idilər, onlardan 13-ü ruhani nümayəndəsi, digərləri isə kəndlilər idi.[5]
1912-ci il Qafqaz Təqviminə görə, Qaryagin qəzasının Soltanlı kəndində 456 nəfər yaşayırdı, onların əksəriyyəti azərbaycanlılar idi və təqvimdə "tatar" kimi göstərilmişdir.[19]
1983-cü ildə kənddə 1885 nəfər yaşayırdı. Kənd əhalisi heyvandarlıq, buğda əkinçiliyi, pambıqçılıq, üzümçülük və ipəkçiliklə məşğul olurdu.[1]