Qaçaq Rəşid (1885, Yağlıvənd, Cəbrayıl qəzası – 1918, Qaryagin) — Azərbaycan el qəhrəmanı, qaçaq.
Qaçaq Rəşid | |
---|---|
Doğum tarixi | 1885 |
Doğum yeri | |
Vəfat tarixi | 1918 |
Vəfat yeri | |
Fəaliyyəti | inqilabçı |
Murad Nəcəfqulu oğlu 1885-ci ildə Cəbrayıl qəzasının Yağləvənd obasında doğulmuşdu. Olduqca qoçaq, qorxmaz, qeyrətli olduğundan el içində "Rəşid" adlanmışdı. Qardaşını tutmaq istəyən çar məmurlarını öldürüb qaçaq olmuşdu. Qaçaq Süleymanın dəstəsinə qoşulmuş, dəstəbaşının sağ əlinə çevrilmişdi. Onunla bağlı el içində xeyli əhvalat var. Həmin əhvalatlardan gülləmələr.
Keçən çağlarda Nikolay hökumətinin uryadnikləri Rəşidi tutub gətirib salırlar Qaryagin qazamatına. Qəza məhkəməsi Rəşidə ölüm hökmü kəsir. Yağləvənd obası içinə ün düşür. Hamı deyir bu gün, sabah Rəşidi asacaqlar. Rəşidin anası görüş alıb həbsxanaya gəlir. Dəmir barmaqlıq ardından oğluna bildirir ki, əgər səni asıb öldürsələr, südümü sənə halal etməyəjəm. Qaç, qoy gülləylə vursunlar. Bu sözlərdən möhkəm sarsılır Rəşid. Çox düşünüb, çox götür-qoy edəndən sonra yoldaşlarına yalvarır ki, onu barmaqlıqdan çölə itələsinlər. Yoldaşları bildirəndə ki, səni gülləliyəcəklər, deyir qoy güllələsinlər, Boynumda babal var. Mən boğazımı kəndirə verə bilmərəm. Qərəz, oda yoldaşları birləşib Rəşidi barmaqlıqdan çölə çıxardırlar. Barmaqlıqda Rəşidin iki kirvəngə əti qalır.
İşdən duyuq düşən həbsxana gözətçiləri sabahı gün Rəşid keçən yerdən hind xoruzunu keçirə bilmirlər…
Qaçaq Rəşid Qaçaq Süleymanın arvadıyla Qaradağdan Qarabağa qayıdırmış. Arazdan keçmək istəyəndə Rəşid baxır ki, Süleymanın arvadının atı qolaydır. Çayı keçəndə büdrəyəcək. Deyir ki, bajı, düş atdan. Arvad düşür. Rəşid arvadın atının yəhərini açıb öz atına, öz atının yəhərini açıb arvadın atına yəhərləyir. Arvadı ata mindirib Arazı keçirlər. Arvad bu işdən baş açmır. Düşərgələrinə çatcaq olayı ərinə danışıb yəhər dəyişməyin səbəbini öyrənir. Qaçaq Süleyman deyir: --Arvad, Yağləvənd balası çox qeyrətli igiddir. Yaxşı bilir ki, kişi minən yəhəri özgə qadını minməz…
Şahsevən elinin Pireyvatlı obasından Vəli bəy Tağıbəyli uryadnik idi. Ona tapşırmışdılar ki, Qaçaq Rəşidi tutub, təhvil verməsən vəzifənlə, vəzifənlə vidalaşmalı olacaqsan. Vəli bəy də Qaçaq Rəşidi ha hərləyirsə tuta bilmir. Əlacı kəsilir. Yağləvənd obasının obabaşılarını yığıb deyir ki, bir həftə ərzində Rəşidi mənə verməsəniz, qapınızda dördayaqlıdan bir pişik də qoymayacağam. Mal şirin olar. Obabaşılar rahatsız olurlar. Vəli bəyin insafına bələd idilər. Ona görə də yığışıb Qaçaq Rəşidin yanına gedirlər. Qaçaq Rəşid Kirsdə, "Şəmşi burnu"nda yaylaqda idi. Baxır ki, budu Yağləvəndin obabaşıları gəlirlər. Kovxalı tayfasından Hacı Muradxan ağa oğlu Xanəhməd ağa, Havsalı tayfasının Xələfli tirəsindən Nurməmməd ağa oğlu Vəlikişi ağa, Məşədi Əzimməmməd ağa oğlu Rzaqulu ağa, Məhərrəmuşağı tirəsindən Kərbəlayı Səfixan ağa, Dolxan ağa oğlu Mahmud ağa, Külədərli tayfasının İsmayıllı tirəsindən Kərbəlayı Məmməd, Mirzəli comundan Məşədi Şükür, Əmir Murad oğlu Rzaqulu və qeyriləri gəlib yetişirlər. Qaçaq Rəşid ağsaqqaları üç gün qonaq edir. Sonra gəlişlərinin səbəbini soruşur. Ağsaqqallar Vəli bəyin hədə-hərbəsini çatdırırlar. Qaçaq Rəşid durur ayağa ki, bir candan ötrü bu qədər ağsaqqalı danlaq altına verə bilmərəm, durun gedək Vəli bəyin yanına. Qaçaq Rəşidin kirvəsi, silahdaşı Altıbarmaq Bəhram, Qaçaq Abbas, Qaçaq Mehdiqulu və Qaçaq Əskər ayağa dururlar ki, bu nə həngamədir, harda görülüb qaçaq öz ayağı ilə hökumət adamına təslim ola? Qaçaq Rəşid silahdaşlarını sakitləşdirib ağsaqqallarla yola düşür. Yolda Məşədi Əzimməmməd ağa oğlu Rzaqulu ağa yerə çökür ki, getmirəm. Ağsaqqalar deyirlər ki, yenə Rzaqulunun tırı tutdu. Hə, noolub, ay Rzaqulu ağa? Rzaqulu ağa hirslənib deyir: --Niyə ölmürsüz ayə? Niyə boğazınıza çatı salmırsız? Beş-on tırtı toğludan ötrü belə qənimət oğlu aparıb verəjiyik Şahsevən gədəsinə ki, apar öldür. Mən bu işə qol qoya bilmərəm. Kim nə bilirsə eləsin.
O bir ağsaqqallar da əyləşirlər. Hamının sözü bu olur ki, Rzaqulu ağa doğru deyir. Qaçaq Rəşidi heç nəyə dəyişmək olmaz…
Qaçaq Rəşid 1918-ci ildə Qaryagində silah anbarı partlayarkən yaralanmış, həmin yaradan da ölmüşdür.
Qaçaq Rəşid Səkinə, Mustafa qızı Nubarla yaşam qurmuşdu. Gəray adlı oğlu, Leylan və Günəş adlı qızları olmuşdu.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |