Qaflan bəy Muradov

Qaflan bəy Muradov (d. 1890, Muradbəyli, Ağdam, Şuşa, Yelizavetpol, Rusiya İmperiyasıö. 1970, Ağdam, Azərbaycan SSR, SSRİ) — Azərbaycan-sovet aktyoru, Azərbaycan SSR Əməkdar Artisti.

Qaflan bəy Muradov
Filmdən bir kadr.
Filmdən bir kadr.
Doğum tarixi
Doğum yeri Muradbəyli, Ağdam, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi
Vəfat yeri Ağdam, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı  Rusiya İmperiyası
 Azərbaycan
 SSRİ
Fəaliyyəti aktyor
Mükafatları Azərbaycan SSR Əməkdar Artisti

Qaflan bəy Məmmədrza bəy oğlu Muradov 1890-cı ildə Ağdamın Muradbəyli kəndində anadan olub. Azərbaycan SSR əməkdar artisti Qaflan bəy Muradov 1970-ci ildə Ağdam şəhərində vəfat etmişdir. Bəzi araşdırmalarda göstərilir ki, o, 1908-ci ildə Ağdamda ikisinifli rus-tatar məktəbində oxuyub.

Qaflan Muradov Azərbaycan teatr sənətində yaddaqalan obrazlar yaradıb. Məktəb illərində direktor Əhməd bəy Abbasovun rəhbərliyi ilə məktəbdə ilk dəfə olaraq Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyası əsasında tamaşa hazırlanır. Yetər rolu məktəbin şagirdi Qaflan Muradova həvalə olunur. İlk tamaşa böyük səs-küyə səbəb olur: Əhməd bəy Abbasov, həmçinin tamaşanın yaradıcı heyəti cahillər tərəfindən təhqir hədəfinə çevrilir. Qaflan Muradov küçədə ələ salınır, "Qız Qaflan", — deyə lağa qoyulur, lakin heç bir təhqir, hədə-qorxu və başqa maneələr bu həvəskarların teatra, səhnəyə marağını, məhəbbətini azalda bilmir.

1910-cu ildə Əbdürrəhim bəy Haqverdiyev Ağdamda yeni dram kollektivi yaradır. "Ac həriflər", "Dağılan tifaq", Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" və digər səhnə əsərləri əsasında tamaşalar hazırlayır. Bu tamaşalarda Qaflan Muradov kimi səhnə həvəskarlarının gücündən bacarıqla istifadə edir. Həmin tamaşalarda Sona və Şəhrəbanu rolları Qaflan Muradova tapşırılır. Gənc aktyor Sonanı ifa edəndə anasının, Şəhrəbanu obrazında isə böyük bacısının bir dəst paltarını gizlincə gətirib səhnədə geyinir. O, daha sonra "Məşədi İbad"da Sənəmi, "Evliykən subay"da Pərzadı, "Leyli və Məcnun"da Məcnunun anasını və başqa obrazları da peşəkarlıqla ifa edib. Ə. Haqverdiyev sonra Şuşada Əhməd Ağdamski, Xosrov Mamayev, Hüseynqulu Sarabski, Qaragöz Zülfüqarov və İsa Şuşinski kimi istedadlı səhnə həvəskarlarının qüvvəsi ilə maraqlı teatr kollektivi yaradır. Həmin vaxtlar Qaflan Muradov da bir neçə ağdamlı sənət dostu ilə Şuşaya gəlir və onlara qoşulur. Sonralar teatrın bacarıqlı aktyoru kimi tanınır.

Qardaşı Murad Muradov həmişə Qaflana və onun sənət dostlarına teatr sənəti ilə bağlı dəyərli məsləhətlər verir. İmkan olduqca Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mirzəağa Əliyev, Əbülhəsən Anaplı, Əli Qurbanov və başqa görkəmli sənətkarlarla tanış edir. Bütün bunlar gənc səhnə aşiqinin gələcək həyat yolunun müəyyənləşməsində böyük rol oynayır.

Azərbaycanın sovetləşməsindən (1920) sonra Qaflan Muradov yaxın dostu Əhməd Ağdamski ilə Ağdama qayıdır. Fəhlə-kəndli klubunun nəzdində Cəmil Muradov, Xosrov Mamayev, Heydər Şəmsizadə, Baxış Kələntərli, Ayaz Köçərli, Ələsgər Məmmədov kimi istedadlı səhnə həvəskarlarından ibarət teatr kollektivi yaratmağa müvəffəq olur. Bu sənət aşiqləri klubun səhnəsində F. Şiller, M. F. Axundzadə, N. Vəzirov və Ü. Hacıbəylinin əsərlərini böyük həvəslə tamaşaya hazırlayır. Qarabağın ən ucqar yaşayış məntəqələrində belə tamaşa göstərirlər. 1937-ci ildə Ağdamda Dövlət Dram Teatrı açılanda Qaflan Muradov artıq xalq arasında tanınan bir sənətkar idi. Təsadüfi deyil ki, o, teatrda cəmi üç il işlədikdən sonra, 1940-cı ildə "Əməkdar artist" fəxri adına layiq görülür.

Araşdırmalarda göstərilir ki, Qaflan Muradov teatra-səhnəyə çox möhkəm tellərlə bağlı olub. Bu fikri ifadə edəcək bir hadisə də xatırlanır. Qeyd olunur ki, 1941-ci ilin qanlı-qadalı günlərinin birində sənətkarın ailəsində bir faciə baş verir. On doqquz yaşlı oğlu Tofiq qəflətən dünyasını dəyişir. Bu hüzrün üçüncü günü "Leyli və Məcnun" tamaşası oynanılan vaxta təsadüf edir. Məcnunun atasının ifaçısı Qaflan Muradov çoxlarının təəccüb və etirazını eşitmir. Tamaşanın təxirə salınmasına razı olmayaraq səhnəyə çıxır. O, səhnədə tək Məcnunun deyil, əzizi Tofiqin də faciəsinə göz yaşı tökür. Hər iki faciəni birgə yaşayır və ürəyini boşaldır.

Qaflan Muradovun obraza girmək, onu yaşamaq istedadı çox güclü idi. İstər ciddi, istərsə də gülüş boyaları ilə ifa etdiyi Kərəmov, Məşədi İbad, Soltan bəy, Hacı Qara, dramatik cizgilərlə canlandırdığı Məcnunun atası, Göyüş kişi, Veysəl Mirzə və digər rolları uzun müddət tamaşaçı yaddaşından silinməyib.

Qaflan Muradov, sözün həqiqi mənasında, teatr üçün doğulan, səhnədə nəfəs alan alovlu sənət carçısı olub. Ağdamda Dövlət Dram Teatrının açılması onu çox sevindirir. Artıq yaşlansa da, tez-tez teatra baş çəkər, məşqlərə tamaşa edər, gənc aktyorlara Azərbaycan teatrının görkəmli sənətkarlarından və özünün səhnə həyatından maraqlı xatirələr danışarmış. O, 80 illik ömrünün 60 ildən çoxunu səhnəyə həsr etmişdi.

  • Ənvər Çingizoğlu, Qatırçı Muradın törəmələri (Nuribəyovlar, Vəlibəyovlar, Muradovlar, İsmayılbəyovlar), "Soy" elmi-kütləvi dərgi, 2011, № 10, səh.3–25.
  • Savalan Fərəcov — Mədəniyyət tariximizdə iz qoyanlar, Mədəniyyət qəzeti, 14 noyabr 2012.