Qafqaz Hərbi Dairəsi (rus. Кавказский военный округ) — Rusiya imperiyasında mövcud olmuş hərbi strukturlardan biri. 1865-ci ildə Qafqaz Ordusunun xələfi kimi yaradılmış və 1917-ci ildə ləğv edilmişdir.[1]
Qafqaz Hərbi Dairəsi hərbi nazir Dmitri Milyutinin hərbi islahatlarının bir hissəsi kimi yaradılmışdır. Mövcudiyyəti dövründə dairənin baş komandanı həm Qafqazın mülki idarəetməsinin başçısı, həm də Qafqaz ordularının Atamanı idi. 1865-1881 və yenidən 1905-1917-ci illərdə, dairənin komandanı həm də imperatorun canişini kimi xidmət etmişdir.
Dairənin yaradılması zamanı artıq 6 dekabr 1862-ci ildən etibarən Qafqaz Ordusunun komandanı və Qafqazdakı imperator canişini olan Böyük Knyaz Mixail Nikolayeviç onun komandanı təyin edilmişdir. 23 avqust 1915-ci ildə Böyük Knyaz Nikolay Nikolayeviç bu posta təyin edilmiş və 1917-ci ilin 3 fevral tarixinə qədər bu postda qalmışdır. Qafqaz Ordusu 1914-cü ilin iyulunda Qafqaz Hərbi Dairəsinin birləşmələrindən təşkil edilmişdir. Bu ordunun mövcudiyyətimə 1917-ci ilin aprelində, yeni Rusiya Respublikası tərəfindən Qafqaz cəbhəsi yenidən təşkil edilən zaman son verilmişdir. Lakin cəbhədəki birləşmələr elə orada qalaraq döyüşməyə davam etmişdir. Bu cəbhə 1918-ci ilin martında tamamilə ləğv edilmişdir.[2]
1866, 1878, 1881, 1898 və 1899-cu illərdə dairənin əhatə elədiyi ərazilər dəyişikliyə məruz qalmışdır. 1914-cü ildən etibarən dairəyə 7 əyalət (Stavropol, Tiflis, Kutaisi, Yelizavetpol, Bakı, İrəvan və Qara dəniz), 5 region (Kuban, Terek, Dağıstan, Qars və Batumi) olmaqla ümumilikdə 12 administrativ bölmə daxil idi. Bu bölgələrin 3-ü şimalda, 9-ü isə Qafqazda yerləşməkdə idi. Beləliklə, dairənin komandanı həm də Qafqazın canişini vəzifəsini yerinə yetirirdi.