Qafqaza səyahət (balet)

Bu məqalə "Qafqaza səyahət" baleti haqqındadır. Digər mənalar üçün Qafqaza səyahət səhifəsinə baxın.

Qafqaza səyahət, yaxud Natəvan Aqşin Əlizadənin 2002-ci ildə Aleksandr Dümanın eyniadlı əsəri əsasında yazdığı birpərdəli, dördşəkilli baleti. Libretto bəstəkarındır. Baletmeyster Tamilla Şirəliyeva, musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşir Cəfərov, rəssamı Tahir Tahirov.

Qafqaza səyahət, yaxud Natəvan
Tipi Klassik
Bəstəkar Aqşin Əlizadə
Xoreoqraf Tamilla Şirəliyeva
Yaradılıb Aleksandr Dümanın eyniadlı əsəri əsasında
Premyera
  • 2002
Personajlar Aleksandr Düma, Xurşidbanu Natəvan, Xasay xan, Jan Pyer Muene

Məlum olduğu kimi, XIX əsrdə Şərq ölkələrinə səyahətə çıxmış A. Düma Qafqazı gəzmiş, Şuşada, Bakıda, Şamaxıda gördüklərini qələmə almışdır. Macəra romanlarının ustasını Azərbaycan xalqının qonaqpərvərliyi, incəsənəti, səfalı təbiəti, tanış olduğu insanlar heyrətə gətirmişdi. A. Əlizadə Dümanın təssüratlarını baletin üç iri səhnəsində canlandırır. "Azərbaycan muğamı", "Atəşgah", "Dümanın xan qızı Natəvan və Xasay xanla görüşü" səhnələri ümumi musiqi dramaturqiyası lövhə prinsipi ilə qurulmuş bir aktlı kompozisiyada əsas məzmunu dolğun açır. Bəstəkar burada da milli musiqi ənənələrinin rəngarəng qaynaqlarından, muğam, mahnı və rəqslərin tanış avazlarından hörülmüş musiqi çələngi yaratmışdır. Dümanı səciyyələndirən Avropa qiyafəli, Fransız ruhlu musiqi mövzusu da ümumi musiqi axınında olduqca təbii və həmahənq səslənir. Bəstəkar bu əsərdə müasir xoreoqrafik konsepsiyanın iki mühüm tələbini yüksək səviyyədə reallaşdırmışdır: yadda qalan, yığcam, orijinal süjet xətti və yüksək bədii ümumiləşdirmə dərəcəsinə, teatral obraz konkretliliyinə malik "ümumi hərəkət formullarından" uzaq dinamik musiqi partiturası.

Surətlər

  • Aleksandr Düma
  • Rəssam Jan Pyer Muene
  • Xurşidbanu Natəvan
  • Xasay xan
  • Qoca zahid
  • Xanəndələr
  • Uşaqlar
  • Atəşpərəst qadın
  • Kral
  • Kraliça
  • Kardinal
  • Muşketyorlar

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]