Qal, sənə qurban! (mahnı)

Qal, sənə qurban! — məşhur Azərbaycan mahnısı. Mahnının bəstəkarı Bəhram Nəsibov, sözlərinin müəllifi isə Miryusif Mirnəsiroğludur.

Qal, sənə qurban!
Dil azərbaycanca
Bəstəkar Bəhram Nəsibov
Sözlərin müəllifi Miryusif Mirnəsiroğlu

Yaranma tarixi[redaktə | mənbəni redaktə et]

Mahnının yaranış tarixi ilə bağlı bir çox versiyalar mövcuddur.

Birinci versiya[redaktə | mənbəni redaktə et]

1970-ci ildə Hacıqabul xalq teatrının rejissoru Miryusif Manafov teatr üçün “Süsən-sünbül” adlı pyes işləyir. Həmin pyesdə qadın surətlərin birinin dilindən “Qal, sənə qurban!” adlı bir mahnı ifa olunur. Pyesin müəllifi Miryusif Manafov əsərdəki bu şeirin müəllifi olduğunu dəfələrlə qeyd edib.[1][2]

İkinci versiya[redaktə | mənbəni redaktə et]

1972-ci ildə Təranə Vəlizadənin həyat yoldaşı Eyvaz Həsənovla mübahisəsi, onun inciyərək öz atası evinə getməsi ilə nəticələnir. Bir müddət sonra qaynı və qaynanası Təranə Vəlizadəni, ər evinə geri gətirirlər. Təranə Vəlizadə, əri Eyvaz Həsənovu baxımsız və səsi batmış görür. Xanımının geri dönüşünü görən Eyvəz Həsənov öz otağına keçir. Təranə Vəlizadə masanın üzərində şeir yazılmış bir kağız görür və kağızın üstündə məşhur “Qal, sənə qurban!” mahnısının sözləri yazılmış olur. Bu vaxt Təranə Vəlizadə zənn edir ki, bu şeiri Eyvaz Həsənov ona həsr edib.[1]

Üçüncü versiya[redaktə | mənbəni redaktə et]

Mahnının dördüncü bəndinə Bəhram Nəsibov tərəfindən edilən əlavələr nəticəsində müxtəlif təqdimatçılar Bəhram Nəsibovu həm bəstəkar həm də sözlərin müəllifi kimi göstərirlər. Bu hala daha çox Türkiyə mediasında rast gəlinir.[1] Şair Vüqar Əhmədin açıqlamasına görə isə Bəhram Nəsibov, musiqi ilə yanaşı sözlərin də özünə məxsus olmasını qeyd edib.[3]

Dördüncü versiya[redaktə | mənbəni redaktə et]

Ehtimal olunur ki, şeirin müəllifi şair Asif Babazadədir. Bunu deməyə əsas verən yeganə məlumat özünə məxsus kitabda bu şeirin olması və son misralarda Asif adına rast gəlinməsidir. Kitabda şeirin son misrası belədir: “Ala gözlərini süzdürəndə sən, Qalmadı Asifdə hal sənə qurban.”. Lakin kitab 2009-cu ildə nəşr olunduğuna görə bu versiya daha çox şüphə doğurur. Buna baxmayaraq Asif Babazadə, mahnının məşhurluq tapdığı dövrlərdə yəni, 1975–1985-ci illərdə “Azərbaycan” nəşriyyatında elanlar şöbəsinin müdiri kimi çalışıb. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində mətbəənin direktoru işləyib.[4]

Nəticə[redaktə | mənbəni redaktə et]

Mahnı tarixdə ilk dəfə 1970-ci ildə Hacıqabul xalq teatrının rejissoru Miryusif Manafovun teatr üçün işlədiyi “Süsən-sünbül” pyesində oxunub. Həmin şeirə Bəhram Nəsibov mahnı bəstələyib, lakin mahnının dördüncü bəndi Bəhram Nəsibovun əlavəsi hesab olunur. Çünki Pyesdəki orjinal mətndə həmin bənd yoxdur. Bu əlavə mahnıda ifa olunan: - “Amandır qəlbinə düşməsin əğyar, Yanağında qara xal, xal sənə qurban.” sözləridir[1]. Eyvaz Həsənov və Təranə Vəlizadə münasibətlərindəki hadisədən sonra, Eyvaz Həsənov, bu mahnıya: - “Getmə kimsəsizəm, qal, sənə qurban. Bu dilsiz, ağızsız lal sənə qurban” bəndini əlavə edib. Eyvaz Həsənov mahnını ilk dəfə 1979-cu ildə ifa edib.[1] Bəhram Nəsibovun musiqi təhsili olmadığına görə SSRİ dövründə müəllifin adının çəkilməsinə icazə verilməyib və bütün ifalarda mahnı xalq mahnısı kimi təqdim olunub. Sovet İttifaqı dağıldıqdan sonra mahnı öz həqiqi bəstəkarının adı ilə təqdim olunmağa başlayıb və şeirin müəllifi haqqında indiyədək dəqiq məlumat əldə edilməyib.[1]

Mahnının sözləri[redaktə | mənbəni redaktə et]

Miryusif Manafovun versiyası[redaktə | mənbəni redaktə et]

Getmə, kimsəsizəm, qal, sənə qurban,
Bu dilsiz, ağızsız, lal sənə qurban!
Mənlə şirin danış, mənlə şirin gül,
Ələnsin ləblərə bal, sənə qurban!
Amandır, düşmənsin qəlbimə, ey yar,
Yanağından qara xal, sənə qurban!
Əgər üz çevirib, getsən uzağa,
Qalmaz bu aşiqdə hal, sənə qurban.

Bəhram Nəsibovun versiyası[redaktə | mənbəni redaktə et]

Mənlə şirin danış, mənlə şirin gül,
Ələnsin ləbindən bal, sənə qurban!
Mənlə şirin danış, mənlə şirin gül,
Ələnsin ləbindən bal, sənə qurban!
Amandır, düşmənsin qəlbinə əğyar,
Yanağında qara xal, xal, sənə qurban!
Əgər üz çevirib getsən uzağa,
Qalmaz aşiqində hal, sənə qurban.
Yamandır hicranın,
Getmə, sevgilim, getmə,
Qəlbimi həsrətli etmə, sevgilim.
Dinsin saf eşqilə, qoy, ürək teli,
Vüsal nəğməsini çal, sənə qurban!

Eyvaz Həsənovun versiyası[redaktə | mənbəni redaktə et]

Getmə, həsrətliyəm, qal, sənə qurban,
Ömürlük həmdəmim ol, sənə qurban.
Əgər üz çevirib getsən uzağa,
Qalmaz aşiqində hal, sənə qurban.
Yamandır hicranın, getmə, sevgilim, getmə,
Qəlbimi həsrətli etmə, sevgilim.
Dinsin saf eşqilə, qoy, ürək teli,
Vüsal nəğməsini çal, sənə qurban!

Asif Babazadənin versiyası[redaktə | mənbəni redaktə et]

Getmə, kimsəsizəm, qal, sənə qurban,
Bu dilsiz, ağızsız, lal sənə qurban!..
Mənlə şirin danış, mənlə şirin gül,
Ələnsin ləblərə bal, sənə qurban!
Bəyaz qollarını hörüklərintək,
Dolayıb boynuma sal sənə qurban!
Qoy sınaq könlümə düşməsin, ey gül!
Yanağından qara xal, sənə qurban.
Ala gözlərini süzdürəndə sən,
Qalmadı Asifdə hal, sənə qurban!

Qəbul olunan versiya[redaktə | mənbəni redaktə et]

Getmə, kimsəsizəm, qal, sənə qurban,
Ömürlük həmdəmim ol, sənə qurban!
Mənlə şirin danış, mənlə şirin gül,
Ələnsin ləbindən bal, sənə qurban!
Getmə, uzaqlara, qal, sənə qurban,
Bu dilsiz, ağızsız, lal sənə qurban!..
Mənlə şirin danış, mənlə şirin gül,
Ələnsin ləbindən bal, sənə qurban!
Amandır, düşmənsin qəlbinə əğyar,
Yanağında qara xal sənə qurban, xal sənə qurban!
Əgər üz çevirib getsən uzağa,
Qalmaz aşiqində hal, sənə qurban.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 ""Qal, sənə qurban!" mahnısı ilə bağlı tarixi faktlar". modern.az. 27.9.15. 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2015.
  2. "Qal, sənə qurban!.. (B. Nəsibov)". sozmusiqi.wordpress.com. 2020-01-27 tarixində arxivləşdirilib.
  3. "Dillərdə əzbər "xalq mahnısı"nın əsl müəllifi bilindi- AÇIQLAMA". moderator.az. 2020-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2017.
  4. "Məşhur "xalq mahnısı"nın tanınmayan müəllifi - O, hazırda xəstədir". modern.az. 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2015.