Qalacıq yaşayış yeri

Qalacıq yaşayış yeri (III-XIII əsrlər) — ilk orta əsr abidəsi.

Şamaxı rayon mərkəzindən 25 km aralıda, Saxsılı taxta yaşayış yerinin şərqində yerləşir. Sahəsi təqribən 15 hektara yaxındır. Abidənin şərq tərəfində Taxtalar adlanan əkin sahəsi, şimalda Qızılca dağlarının otlaq sahələri, qərbində Əpci dərəsi, cənubunda isə Pirəbağdad adlı orta əsr türbəsi yerləşir. Əpci çayı abidənin ərazisindən keçir. Pirəbağdad türbəsinin yaxınlığında “Təpə dibi” adlı hündür bir yer vardır. Bu təpənin uçmuş hissəsinin kəsiyindən ilk orta əsrlərə aid saxsı məmulatı aşkar olunmuşdur. Çox güman ki, burada gözətçi məntəqəsi yerləşmiş və Qalacıqdan cənub tərəfi izləməyə xidmət etmişdir. Yaşayış yerinin ətraflarındakı əlverişli təbii-coğrafi şərait, burada ilk orta əsrlərdə yaşamış əhalinin təsərrüfat həyatında heyvandarlığın və əkinçiliyin əhəmiyyətli rol oynamasına imkan yaratmışdır. Yaşayış yerində 5×5 m ölçüdə qazıntı işləri aparılmış (1974 ildə), onun birtəbəqəli ilk orta əsr abidəsi olduğu müəyyən edilmişdir. Yaşayış yerinin mədəni təbəqəsinin qalınlığı bir metrdir. Qazıntı nətiçəsində mədəni təbəqədən kömür qalıqları, kirəmit parçaları aşkara çıxarılmışdır. Kirəmitlər müxtəlif ölçüdə olub yaşayış binalarının və ictimai binaların üstünü örtmək üçün sərf edilmişdir. Bu arxeoloji materiallar ilk orta əsrlər dövrü şəhər mədəniyyəti haqqında fikir yürütməyə imkan verir. Yaşayış yerində aparılmış qazıntı işi zamanı yanğının izlərinə təsadüf olunmuşdur. Deməli, yaşayış yeri güclü yanğın nəticəsində dağıntıya məruz qalmış və burada həyat kəsilmişdir. Qalacıq yaşayış yerindən aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin müqayisəli şəkildə elmi təhlilinə əsasən abidə 4-8 əsrlərə aid edilir. Tədqiqatçı A.B.Nuriyevin fikrincə, Qalacıq yaşayış yeri ərəblərin Azərbaycana hücumu nəticəsində dağıdılmışdır. Güman ki, yanğını da onlar törətmişlər.[1]

  1. N.Xasayev. Dağətəyi Şirvanın ilk orta əsr arxeoloji abidələri. Bakı: Nafta-Press, 1998, s.32-34