Qalata qülləsi — İstanbul şəhərinin Qalata səmtində yerləşən 528-ci ildə inşa olunmuş tarixi qüllə. Qalata qülləsi İstanbul şəhərinin əsas simvollarındandır. UNESCO qülləni 2003-cü ildə Ümumdünya irsi obyektlərinin siyahısına daxil edib.[2] Qalata müdafiə divarları daxilində gözətçi qülləsi olaraq tikilən qüllə, içərisində olan müxtəlif elementlərlə birlikdə turizm məqsədləri üçün, sərgi sahəsi kimi və muzey olaraq istifadə olunur. Beyoğlu və İstanbulun simvolik tikililərindən biridir.
Qalata qülləsi | |
---|---|
Ümumi məlumatlar | |
Memarlıq üslubu | roman memarlığı |
Ölkə | |
Koordinatlar | 41°01′32″ şm. e. 28°58′27″ ş. u.HGYO |
Sahibi | İstanbul Böyükşəhər Bələdiyyəsi[1] |
Texniki detallar | |
Material | daş[d] |
Mərtəbə sayı | 9 |
Veb-sayt | |
muze.gov.tr/muze-detay?S… | |
Vikianbarda əlaqəli mediafayllar |
Qalata qülləsi dünyanın ən qədim qüllələrindən hesab olunur. Qüllə Bizans imperiyasının imperatoru Anastasiusun göstərişi ilə 528-ci ildən inşa olunmağa başlanmışdır. 1204-cü ildə IV xaç yürüşü zamanı ciddi dağıntılara məruz qalan qüllə, 1348-ci ildə İsa Qülləsi adı ilə köhnə qüllənin yerində yenidən inşa olunmuşdur. 1348-ci ildə ikinci dəfə inşa olunan Qalata qülləsi həmin dövrdə Konstantinopol şəhərinin ən hündür binası hesab olunurdu.[3]
Bu gün mövcud olan qüllə 1445–1446-cı illərdə yüksəldilmişdir. Qüllə türklərin əlinə keçdikdən sonra müxtəlif vaxtlarda təmir olunmuş, özülü bərkidilmişdir. XVI əsrdə qüllədən Kasımpaşa tərsanəsində işlədilən Xristian əsirləri saxlamaq üçün istifadə olunmuşdur. Sultan III Muradın icazəsi ilə ərəb alimi Tağıyəddin tərəfindən Qalata qülləsində Rəsədxana açılmışdır. Həmin Rəsədxana cəmi bir neçə il fəaliyyət göstərmiş və 1579-cu ildə qapadılmışdır. XVII əsrin ilk rübündə IV Muradın hakimiyyəti dövründə Hezarfən Əhməd Çələbi adlı gənc ixtiraçı uçmaq məqsədilə qanadlar hazırlamışdır. Uzun müddət davam etmiş təlimlərdən sonra, Hezarfən Əhməd Çələbi 1638-ci ildə Qalata qülləsindən Üsküdar səmtinə qədər uçmuşdur. O, bununla Bosfor boğazının üstündən keçmişdir. Bu uçuş Dünya tarixində insanın ilk əhatəli uçuşu hesab olunur.
1717-ci ildən etibarən Qalata qülləsindən şəhərdə baş verən yanğınları söndürmək məqsədilə istifadə olunmuşdur. Qüllədə quraşdırılan zəng sistemi vasitəsilə baş verən yanğın xəbəri qısa zamanda bütün şəhər əhalisinə çatdırılırdı. III Səlimin dövründə naməlum səbəbdən başlamış yanğın qüllənin böyük bir qisminin yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur. Yanğından sonra Qalata qülləsində köklü şəkildə təmir-bərpa işləri aparılmışdır. 1831-ci ildə qüllədə daha bir şiddətli yanğın baş vermişdir.
1875-ci ildə baş vermiş fırtına nəticəsində qüllənin damı uçmuşdur. 1965-ci ildə başlanan son təmir-bərpa işləri 1967-ci ildə yekunlaşmışdır. Qalata qülləsi İstanbul şəhərinin bir çox nöqtəsindən rahat şəkildə müşahidə edildiyindən hər zaman strateji əhəmiyyətə malik olmuşdur. Osmanlı imperiyasının dövründə qüllədən mayak, yanğın qülləsi, sul qülləsi, həbsxana və digər məqsədlərlə istifadə olunmuşdur.
Qalata qülləsinin ümumi hündürlüyü 70 metrdir. Divarların qalınlığı 3.75 metr, diametri isə 15 metrə yaxındır. Aparılan hesablamalara əsasən qüllənin ağırlığı 10 min tona yaxındır. Qüllənin zirzəmisindən həbsxana kimi istifadə olunmuşdur. Burada aparılan qazıntılar zamanı insan kəlləsi və sümükləri tapmılmışdır. Bu sümüklərin burada saxlanılan məhbuslara aid olduğu ehtimal edilir. 1876-cı ildə qüllədə saxlanılan Avstriyalı əsir, keşikçilərin yatmasından istifadə edərək, özünü qüllədən aşağı atmışdır. 1973-cü ilin 6 iyun tarixində Türkiyənin tanınmış yazıçılarından olan Ümüd Yaşar Oğuzcanın oğlu 15 yaşlı Vedat Oğuzcan qüllədən atlayaraq intihar etmişdir.