Alızadə Qambay Məşədi Əsgər oğlu — geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA akademiki.[1][2]
Qambay Əlizadə | |
---|---|
Əlizadə Qambay Əsgər oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru |
Təhsili | |
Mükafatları |
Alızadə Qambay Məşədi Əsgər oğlu Gəncə şəhəri yaxınlığındakı Qızılca kəndində anadan olmuşdur.
Azərbaycan Politexnik İnstitutunun dağ-mədən şöbəsini bitirmişdir. 1928-ci ildən Azərbaycan Politexnik İnstitutunun (indiki ADNSU) paleontologiya - tarixi geologiya kafedrasında laborant işləmiş, 1932-1960-cı illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki ADNSU), paleontologiya və tarixi geologiya kafedralarında dosent, professor vəzifələrində işləmiş, uzun müddət kafedraya başçılıq etmişdir. 1930-1941-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutunda böyük elmi işçi işləmişdir. 1938-ci ildə dissertasiya müdafiə etmədən geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1941-ci ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1943-1945-ci illərdə bu institutun direktoru olmuş, 1941-1990-cı illərdə kaynozoy laboratoriyasına, paleontologiya və stratiqrafiya şöbəsinə rəhbərlik etmişdir. 1945-ci ildə "Azərbaycanın akçaqıl mərtəbəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1955-ci ildə Azərbaycan EA müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Azərbaycanın əməkdar elm xadimi, Azərbaycanda geologiya və paleontologiya elminin əsasını qoyanlardan biri olmuşdur. Kaynozoyun stratiqrafiyası və paleontologiyası sahəsində böyük alim olan Q.Ə.Əlizadə stratiqrafiyanı, kaynozoy erasının molyusk faunasının inkişafını tədqiq etmiş, paleontologiya, stratiqrafiya və geologiya elminin tarixinə aid məlumatları sistemə salmışdır. Onun rəhbərliyi altında Azərbaycanın paleogen və neogen stratiqrafiyasının regional sxemi işlənib hazırlanmış, üst eosen və oliqosenin paleocoğrafi xəritələri tərtib edilmiş və beləliklə bu şöbələr arasında mövcud olan problem məsələlərin həllinə yardımçı olmuşdur. Azərbaycanın akçaqıl və oliqosen molyusk faunasını monoqrafik öyrənmişdir. Kaynozoy biostratiqraflar elmi məktəbinin və Azərbaycan Paleontologiya Cəmiyyətinin yaradıcısıdır.
60 elmlər doktoru və elmlər namizədi hazırlamışdır. 400 elmi əsərin o cümlədən 9 monoqrafiya və dərsliklərin müəllifidir.