Qanlı bazar günü (ing. Bloody Sunday, irl. Domhnach na Fola; bəzən Boqsayd soyqrımı da adlanır) — 1972-ci ilin 30 yanvar tarixində Şimali İrlandiyanın Derri şəhərində yerləşən Boqsayd ərazisində baş vermiş qanlı hadisə. Bu hadisə nəticəsində iyirmi altı nəfər dinc mülki hüquq etirazçısı Britaniya ordusunun əsgərləri tərəfindən güllələnib. Yeddisi yeniyetmə olmaqla on üç nəfər kişi hadisə yerindəcə ölüb, bir nəfər isə ağır xəsarət alıb və hadisədən bir ay sonra dünyasını dəyişib. İki nəfər etirazçı döyüş arabalarından qaçarkən xəsarət alıb. Yaralananlardan beş nəfərə güllə kürək nahiyədən dəyib. Hadisə Şimali İrlandiya Vətəndaş Hüquqları Assosiasiyasının yürüşü zamanı baş verib. Əsgərlər Paraşüt polkunun birinci batalyonunun döyüşçüləri olub.
Bu hadisə ilə bağlı Britaniya hökuməti tərəfindən iki tədqiqat aparılıb. Vidgeri Tribunalı (hadisədən dərhal sonra keçirilmiş tribunal) əsgərləri və Britaniya hakimiyyətini günahkar hesab edib. 1998-ci ildə Nyudigeyt əyalətinin Lordu Saville tərəfindən hadisələri yenidən araşdırmaq üçün Saville Tədqiqatına başlanılıb. 12 illik tədqiqatdan sonra Saville 2010-cu ilin 15 iyununda ictimaiyyət qarşısında hesabatla çıxış edib. Aşkarlanmış yeni faktlar müəyyən təzadlar ortaya çıxarıb, bu, qətliamdakı bəzi əsgərlərin cinayətə cəlb olunmasını tələb edib. Tədqiqat müəyyən edib ki, güllələnilən şəxslərin hamısı silahsız olub və bu, "əssasız və ədalətsiz" şəkildə törədilmiş hadisədir. Savillenin məruzəsindən sonra Böyük Britaniyanın baş naziri Devid Kameron ölkəsinin adından bu hadisəyə görə üzr istəyib.